İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan sülh sazişini ləngidir, referendumu gündəmə gətirir - YENİ DETALLAR

Ermənistanın təhlükəli oyunları gərginlik riskini artırır; STM-in icraçı direktoru: “Bu, müvəqqəti olaraq Avropadan siyasi, hərbi və maddi dəstək almaq üçün hesablanmış gedişdir”

Rəsmi İrəvanın sülh müqaviləsi ilə bağlı manevrləri, prosesin uzadılmasına yönəlik məkrli siyasəti artıq beynəlxalq arenada da diqqət çəkir və açıq müzakirə mövzusuna çevrilməkdədir. Baş nazir Nikol Paşinyan sülh bəyanatlarının kölgəsində eskalasiya hazırlıqlarını sürətləndirib ki, bu da Azərbaycan tərəfdən diqqətlə izlənilir.

“Ermənistanla Azərbaycan sülh müqaviləsinin bağlanmasına nəzəri cəhətdən yaxın olsa da, şərti sərhədin demarkasiyası ilə bağlı məsələlər çox güman ki, müqavilənin bağlanmasının ləngiməsinə səbəb olacaq”, - Stratfor analitik mərkəzinin məlumatında belə deyilir. Eyni zamanda analitik mərkəzin fikrincə, delimitasiya prosesi dayandırılarsa, ilin ikinci yarısında şərti Ermənistan-Azərbaycan sərhədində gərginlik arta bilər. Bununla belə, analitik mərkəzin fikrincə, yaxın gələcəkdə ciddi eskalasiya riski kifayət qədər aşağı səviyyədə qalacaq.

Bu arada isə Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanun layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq. Bildirilir ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası üzvlərinin əksər hissəsi Aİ-yə üzvlüklə bağlı referendumun əleyhinədir. Parlamentin Avropa İnteqrasiya Komitəsi layihəyə müsbət rəyini açıqlasa da, həmçinin baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan hakim komandanın layihənin xeyrinə səs verəcəyini bəyan etsə də, “Avroreferendum” artıq partiya daxilində ziddiyyətlər yarada bilib. Hakim partiyanın bəzi deputatları layihənin qəbulundan sonra ciddi problemlərin yaranacağını, Rusiyanın Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması məsələsini gündəmə gətirəcəyi və bunların ölkənin siyasi-iqtisadi süqutu ilə nəticələnəcəyini düşünürlər. Bu günlərdə partiya daxilində müzakirə gedir, bir çoxları referendumu təxirə salmağı, bütün halları ölçüb-biçməyi, sonra onun ratifikasiyasına keçməyi təklif edirlər.

Arzu Nağıyev: Azərbaycan-Gürcüstan münasibətləri nümunəvidir - "İki sahil"

 Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın Aİ-yə üzv olmaq xülyası sadə görünsə də, mövcud şərtlərdə reallaşması o qədər də asan məsələ deyil: “Burada altı cızılmalı olan məqamlardan biri də odur ki, söhbət hələ üzvlükdən yox, namizədlikdən gedir. Bu isə uzun sürən prosesdir. Təbii ki, ərazi bütövlüyündən tutmuş beynəlxalq qurumlarda, MDB, KTMT və s. üzvü olmaq da nəzərə alınır. Paşinyan hakimiyyəti Aİ-yə üzvlüklə bağlı məsələnin referendumla həll olunacağını bəyan edib. Lakin Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyası haqlı olaraq bunun əleyhinədir. Xarici siyasət istiqamətində köklü dəyişiklik etməyə hazırlaşan Paşinyan hakimiyyəti Rusiyanın himayəsindən çıxmağı planlayır. Rusiya da heç vaxt buna imkan verən deyil". A.Nağıyev əlavə etdi ki, Qərbin məqsədi Kremlin Cənubi Qafqazdakı təsir gücünü sıfırlamaqdır: “Onu da görməzdən gələ bilmərik ki, Ermənistan iqtisadiyyatının dayanıqlılığında Rusiyanın danılmaz rolu var. Bu halda təbii olaraq Ermənistanın bəzi istəkləri Rusiyanın təzyiqləri ilə qarşılaşa bilər. Digər bir məsələ isə Ermənistan KTMT-nin iclaslarında iştirak etməsə də, rəsmi olaraq bu qurumun tərkibindən ayrılmayıb. Ermənistan eyni zamanda Ukrayna-Rusiya müharibəsində Rusiyanın məğlubiyyətinə hesablanan siyasət yürüdür. Ermənistan-Azərbaycan münasibətlərində isə Qərb bu iki dövlət arasında sülhün təmin olunmasında önəmli maneədir və ermənipərəst mövqeyi, destruktiv yanaşması ilə ön plana çıxır. Təbii ki, İranın da mövqeyi mütləq şəkildə bilinməlidir və Aİ üzvü olan bir dövlətlə qonşuluq siyasəti necə qurulması öncədən həll edilməlidir. Türkiyə və Gürcüstanın bu proseslərdə hansı siyasəti yürütməsi də maraq doğurur. Aİ-yə üzv olmaq məsələsinin referenduma çıxarılması təklifi ölkədə daxili siyasi gərginliyə səbəb olub ki, bu da irəliləyən zamanda daxili çəkişmələri istisna etmir”. Komitə sədrinin sözlərinə görə, şərtlər onu göstərir ki, Paşinyanın seçimləri regionun gələcəyini şəkilləndirə bilər: “Rusiya, yoxsa Qərb? İmzalanmalı olan sülh sazişi və ya "Dəmir yumruq"? Bu seçimlər yalnız erməni xalqının taleyi üçün deyil, həm də regionun gələcəyi üçün önəmlidir. Hesab edirəm ki, sülh seçimi regionda stabilliyin qorunması adına daha təqdirəlayiq addım olacaq. Əgər Qərb milli dəyərlərə və hisslərə toxuna biləcək qanunların qəbul edilməsini təkid etsə, Gürcüstan variantının da gündəmə gələ biləcəyi istisna edilməməlidir”. A.Nağıyevin fikrincə, burada bizim üçün önəmli olan odur ki, bu proseslər Azərbaycanın təhlükəsizliyinə necə təsir edəcək: “Azərbaycan həm diplomatik, həm də strateji olaraq istənilən situasiyaya hazırdır, bunun da səbəbi müstəqil daxili və xarici siyasətdir. Paşinyanın Qərb sevdasının regionda təhlükəsizlik səviyyəsini artıracağı, yoxsa erməni xalqı üçün yeni risklər yaradacağını isə zaman göstərəcək...”

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

 Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov öncə məsələ ilə bağlı dövlət siyasətimizə diqqət çəkdi: “Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində qeyd etmişdi ki, Bakı regionda sülh istəyir, lakin İrəvan sülh müqaviləsində maraqlı deyilsə, Bakı onsuz da edə bilər. "Biz hətta sülh müqaviləsi olmadan da yaşaya bilərik", - deyə  Prezident bildirib. Eyni zamanda Prezident onu da qeyd edib ki, “Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir”. Yəni Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq, münasibətləri normallaşdırmaq, kommunikasiyaları bərpa etmək, sərhəd xəttini müəyyənləşdirmək istəyində və niyyətində olduğunu dəfələrlə, ən yüksək səviyyədə qeyd edib. Prosesin ləngiməsi Ermənistana bağlıdır, daha doğrusu, Ermənistan dövlətinin asılı olduğu dövlətlərə və qüvvələrə. Ermənistan rəhbərliyinin sülh müqaviləsi imzalamağa yaxın olmaları barədə fikirləri səmimi deyil. Onlar prosesin uzanmasında maraqlıdır və bu bir neçə səbəblə bağlıdır. Biz əvvəlki şərhlərimizdə bu səbəbləri qeyd etmişik". S.Məmmədov bildirdi ki, Ermənistan Azərbaycana beynəlxalq təzyiqi artırmağı planlaşdırırdı: “Yeri gəlmişkən, Ermənistanın bu sahədə ən yaxın müttəfiqi USAİD-in fəaliyyəti ABŞ-in yeni adminstrasiyası tərəfindən dondurulub, o cümlədən bütün yardım proqramları. Həmçinin hücum silahları tədarük etməklə ordunu gücləndirir. Nəhayət, Ermənistan Azərbaycan daxilindəki və xarici ölkələrdəki anti-Azərbaycan qüvvələrin fəallaşacağına ümid edir. Görünən isə budur ki, bu ümidlərin hamısı boşa çıxmaqdadır. Bu arada Ermənistanın öz ənənəvi orbitinə - Rusiyanın təsir dairəsinə qayıtması meylləri də güclənir. Paralel olaraq Avropa İttifaqına üzvlük prosedurlarına da start verilib”. Amma STM icraçı direktoru bildirdi ki, Aİ-yə qoşulmaq istəkləri daha çox imitasiya xarakterlidir və Fransanın himayəsi altında baş verir: “Bu, müvəqqəti olaraq Avropadan siyasi, hərbi və maddi dəstək almaq üçün hesablanmış gedişdir. Uzunmüddətli planda Ermənistanın Aİ üzvü olacağı perspektivi görünmür. O ki qaldı Azərbaycanın reaksiyasına, bu, həmişə adekvat olub və olacaq. Azərbaycan sülh proseslərində maraqlıdır, amma sülhün bərqərar olması həm də Ermənistanın maraqlarına uyğundur. Seçim onlarındır”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR