Onlayn ictimai-siyasi qəzet
Sülh prosesi ilə bağlı hazırda ancaq pozitiv açıqlamalar eşidirik. Azərbaycan birmənalı olaraq prosesə hazırdır və heç bir bəhanə irəli sürmədən saziş imzalamağa hazırdır.
Dünyanın güc mərkəzləri, beynəlxalq qurumlar da bu yöndə çağırış və gözləntilərini mütəmadi açıqlayır. 2024-cü ilin sülh ili olmasına böyük ümidlər bəslənir.
Ermənistan yetkililəri də sözdə bunu arzuladıqlarını deyirlər. Son olaraq İrəvanda keçirilən Ermənistan-ABŞ strateji dialoqun ikinci iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini tarixi məqam adlandırıb: “Sülh müqaviləsi layihəsinin hazırlanmasının tamamlanması üçün real bir imkan, tarixi məqam var və onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni bir qapı aça bilər. Ermənistan regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır”.
Erməni nazir bu cür bəyanat səsləndirsə də fakt ondan ibarətdir ki, Ermənistan sülhə əngəl olan amilləri aradan qaldırmır, təcavüzkarlıq, işğalçılıq əks olunan konstitusiyasını dəyişmir. Beləliklə, sülh ləngiyir.
Ararat Mirzoyan iyunun 4-də Ermənistan parlamentində çıxış edərkən bildirmişdi ki, Ermənistan və Azərbaycan konstitusiyaları uzunmüddətli sülhün bərqərarı üçün problem ola bilməz.
Bir tərəfdən sülh sazişi üçün tarixi şəraitin çatdığından danışan rəsmi İrəvanın o biri tərəfdən sülh sazişinin imzalanmasına konstitusiyasının mane olmadığını bəyan eləməsi ortaya suallar çıxarır. Ermənistan tarixi sülh imkanına konstitusiya əngəlini niyə aradan qaldırmır? Ermənistan bu cür manevrləri nə zamana qədər edə biləcək? Hansı mərhələdə artıq onların limiti tükənmiş sayılacaq?
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hakimiyyəti regionda dayanıqlı sülhün bərqərar olması üçün sülh müqaviləsini imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib: “Lakin sülh sazişinə əngəl olan məsələləri, həmçinin Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarını ləğv etmirlər. Ermənistan konstitusiyasında, Ermənistan parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarında və digər qanunvericilik sənədlərində qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Ermənistanla Azərbaycan arasında hazırda sülh gündəliyinə, sülh sazişinin razılaşdırılmasına ən ciddi hüquqi maneələrdən biri məhz Ermənistan konstitusiyasının preambula hissəsində istinad olunan Ermənistanın Müstəqillik Bəyannaməsindəki Azərbaycana ərazi iddialarıdır. Uzun müddətdir belə bir tendensiya yaranıb ki, Azərbaycanın sülh sazişi üçün təkliflərini hər dəfə Ermənistan tərəfi bir bəhanə ilə geri qaytarır. İndi nazir Ararat Mirzoyan sülh sazişi ilə bağlı dediklərində səmimidirsə, Ermənistan yetişmiş tarixi şəraitdən istifadə edib Azərbaycanla sülh sazişini imzalamalıdır. Bunun üçün sülh sazişini imzalamağa mane olan bütün detallar aradan qaldırılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə bir daha bəyan etdi ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına yenidən baxmalıdır və qonşu ölkələrə ərazi iddiasını özündə daşıyan müddəalar konstitusiyadan çıxarılmalıdır. Sülh müqaviləsinin imzalanması üçün real şərait yalnız bu halda yaranmış olacaq. Ermənistan siyasi rəhbərliyi xarici ölkələrin və təşkilatların təmsilçiləri ilə görüşlərdə sülh barədə qeyri-səmimi, boş-boş vədlər verməkdənsə, sülh sazişinin imzalanması üçün real işə keçməlidir. Bu ilin fevralında Nikol Paşinyan Ermənistan konstitusiyasında dəyişikliklərə gedilməsinin vaxtının çatdığını bəyan eləmişdi, lakin aradan xeyli vaxt keçsə də bu istiqamətdə real addım atılmır. Vaxt gedir və Ermənistanın limiti get-gedə bitir, nə qədər ki, gec deyil Ermənistan sülh sazişi üçün real praktiki addımlar atmalıdır”.
Ekspert qeyd etdi ki, Ermənistan hakimiyyətinin konstitusiyada dəyişikliyə getməməsinin arxasında bir sıra səbəblər və niyyətlər dayanır: “Birincisi, belə çıxır ki, Nikol Paşinyan əslində sülh sazişi imzalamaqda maraqlı deyil. İkincisi, Ermənistan cəmiyyətini konstitusiya dəyişikliyinin zəruriliyinə inandıra bilmir. Üçüncüsü düşünürlər ki, Ermənistan konstitusiyasına dəyişiklik etmədən sülh sazişini Azərbaycanla imzalamaqla gələcəkdə Azərbaycana qarşı ərazi iddialarını öz konstitusiyalarına əsaslanıb yenidən qaldırmaq imkanını əllərində saxlaya bilərlər. Hesab edirlər ki, gələcəkdə istənilən zaman sülh sazişinin konstitusiya ilə ziddiyyət təşkil etdiyini əsas göstərib Konstitusiya Məhkəməsinin qərarı ilə sülh sazişinin qüvvədən düşdüyünü rəsmiləşdirmək olar. Dördüncüsü, Ermənistan hakimiyyətinə bir sıra dövlətlərdən təzyiq edilir ki, sülh sazişini imzalamasın. Sülh sazişinin imzalanmaması üçün də İrəvan müxtəlif bəhanələr gətirir, həmçinin konstitusiyasında dəyişiklik etmir. Lakin Ermənistan bu düşüncələrlə və mövqe ilə yanlış mövqedədir. Zaman Ermənistanın xeyrinə işləmir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ