Onlayn ictimai-siyasi qəzet
İlin sonuna üçcə həftə qaldı. İndi bir çox analitikləri düşündürən məsələlərdən biri bu müddətdə Azərbaycan və Ermənistan arasında sülh anlaşmasının nəhayət, baş tutub-tutmayacağı ilə bağlıdır. Hərçənd sənəd gələn il də imzalana bilər, o biri il də. Əsas odur uzunmüddətli və işlək, iki xalq arasında düşmənçiliyə son qoymaq gücündə olsun. Ən azından, barışıq prosesinə ciddi stimul, təkan versin.
Bundan ötrü çox vacibdir ki, tərəflərdən heç biri, xüsusən də Ermənistan sülh sazişindən sonra özünü aşağılanmış, məğlub kimi hiss etməsin. Qalib hər iki xalq olsun. Onun üçün də İrəvan sənədi məhz erməni cəmiyyətinin iradəsi ilə, legitim əsasda və könüllü imzalamalıdır. Bir az gec, bir az tez, ancaq yalnızca könüllü. Təbii ki, götürdüyü bütün beynəlxalq öhdəliklərə, üzv olduğu BMT-nin Nizamnaməsinə əməl edərək. Çünki anlaşma hər şeydən öncə ədalətlilik prinsipinə söykənməlidir.
Bu xüsusda Bakının hələ iki il yarım öncə sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsip əla baza rolunu oynaya bilər və yəqin ki, sonucda elə də olacaq. Çünki Ermənistan həqiqətən daimi sülh arzusundadırsa, həmin 5 prinsipdə hər şey əksini tapıb və bu, heç Azərbaycanın kəşfi də sayılmaz.
Onları yada salmağın yeri var:
1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Məntiqlə Ermənistanın Azərbaycana qarşı heç bir gizli, bəd niyyəti yoxdursa, gələcəkdə də olmayacaqsa, buna çoxdan razılıq verməli idi. Bununla belə, deyəsən “tunelin ucu”nda işıq ucu görünməyə başlayıb. Yəni imzalanma çox uzaqda deyil. Amma və lakin...
Bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, erməni tərəfinin son variantında sülh anlaşmasına zəmanət institutunun yaradılması təklifi yer alır.
Hansı zəmanət institutu? Buna lüzum varmı? Əslinə qalsa, zəmanət Azərbaycana verilməlidir, Ermənistana yox. Çünki müstəqil Azərbaycan indiyədək heç vaxt heç bir ölkəyə qarşı təcavüzkar hərəkətə yol verməyib, hansısa dövlətin, qonşunun beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsini zəbt edib uzun müddət işğal altında saxlamayıb. Bunu məhz Ermənistan edib. Hətta bu ölkənin qüvvədə olan hazırkı konstitusiyasında keçmiş DQMV hələ də Ermənistan ərazisi kimi göstərilir.
Suyu daha nə qədər bulandırmaq olar? Qriqoryan yaxşı olardı ki, hansısa beynəlxalq zəmanətlərdən öncə öz “Ana yasa”larını beynəlxalq hüquqa uyğunlaşdırmağın vacibliyindən danışaydı. Bakının isə sözü imzası qədər mötəbərdir. Bunu dəfələrlə, əməldə sübut edib...
Zaman-zaman yazdığımız kimi, Ermənistanın varlığına ən etibarlı zəmanəti onun öz iki vazkeçilməz qonşusu - Azərbaycan və Türkiyə ilə imzalayacağı sülh sazişləri verəcək! Başqa heç kim, heç bir güc mərkəzi, heç bir paytaxt bu imkanda deyil, olmayacaq! Nə ABŞ və Fransa, nə də Rusiya və ya Çin. Məgər 30 ilin acı təcrübəsi dərs olmadı?
Uzaqbaşı onlar “hal şahidləri” kimi sənədə imza ata bilərlər. Olsun. Azərbaycanın itirəcəyi bir şey yox. Çünki Türkün məramı həmişə xoş və kimsənin torpağında gözü yox, hətta o torpaq tarixən ona məxsus olsa belə...
Siyasət şöbəsi,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ