İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranla dostluq sərhədi genişlənir, razılaşmalar bunun bariz göstəricisidir” - Deputat

“Azərbaycanla İran iki dost ölkədir və bunu şərtləndirən amillər çoxdur. Dini, milli bağlılıq, adət və ənənələrimizin oxşarlığı, eyni coğrafiyanı bölüşməyimiz əlaqələrimizin dostluğa, qardaşlığa çevrilməyində böyük rol oynayıb. Azərbaycanla İran dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları da münasibətlərimizdə yeni reallıqlar yaradıb. Bu qurğular təkcə Araz çayının ətrafında olan yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin etməyəcək, həm də kənd təsərrüfatı təyinatlı ərazilərin suvarılmasında əhəmiyyətli dərəcədə imkanlar yaradacaq. İşlərin başa çatması ilə əlaqədar may ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi böyük tarixi hadisədir”.

TARİXİ YENİ.jpg (89 KB)

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, açılış mərasimi iki qonşu dövlət arasında dostluğun növbəti təzahürüdür:

“Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaradıblar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qarşılıqlı hörmət, anlaşma həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək. Əlbəttə, bütün bölgədə sabitlik və inkişaf üçün Azərbaycanla İranın dostluğuna və qardaşlığına böyük ehtiyac var. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də hər iki dövlət bir-birinə dəstək verməklə, eyni zamanda öz siyasətini, öz niyyətini ifadə edirlər”.

Aydın Hüseynov qeyd edib ki, bəzi qüvvələr iki ölkə arasında münasibətlərin pozulmasına hər zaman cəhd ediblər:

“Amma xalqlarımız arasında tarixi bağlılıq, mehriban qonşuluq münasibətlərimiz bütün problemlərin aradan qaldırılması üçün yetərli olub. Azərbaycanın Tehrandakı səfirlik binasına olan terror hücumu da iki ölkə arasında düşmənçilik toxumu səpməyə hesablanmışdı. Son 30 ildə iki ölkə arasında münasibətlər heç də həmişə hamar səciyyə daşımasa da, hər iki dövlətin siyasi elitasında müştərək tarixi-mədəni irsə, ümumi mənafelərə istinadla, əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması və inkişafına əsaslanan baxışlar üstünlük təşkil edib. Azərbaycan Respublikası məhz İranla ən uzun sərhədə malikdir. Sərhədin o tayında isə on milyonlarla etnik azərbaycanlı yaşamaqdadır. Bu amillər münasibətləri normal məcrada saxlamağı hər iki ölkə üçün zəruri edir. Heç kimdə şübhə doğurmur ki, hər iki ölkə rəsmilərinin birgə keçirdikləri görüşlər zamanı hər zaman bu amillərə diqqət yetirilib”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR