Onlayn ictimai-siyasi qəzet
İranda dövlət başçısı İbrahim Rəisinin ölümündən sonra iyulun 5-ə təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ümumi səslərin 53,6 faizini toplayaraq qalib gəlib. Mühafizəkar Səid Cəlili 44,3 faiz səs toplayıb. Əslən azərbaycanlı olan Məsud Pezeşkianın İran prezdenti seçilməsi, islahaçılar qanadını təmsil etməsi gələcəkdə rəsmi Tehranın daxili və xarici siyasət kursunda hansısa dəyişikliyə səbəb ola biləcəkmi? Azərbaycanlı bir şəxsin İran prezidenti olması İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək? İrandakı azərbaycanlıların tapdanmış hüquqlarının müdafiəsi baxımından Məsud Pezeşkian ciddi addımlar ata biləcəkmi?
Mövzu ilə bağlı Mediannews.az-a danışan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, prezident İbrahim Rəisinin ölümündən sonra İranda növbədənkənar prezident seçkilərinin keçirilməsi zərurəti yaranıb və səsvermə nəticəsində islahatçıların namizədi Məsud Pezeşkian qalib gəlib.
Onun sözlərinə görə, əvvəlcədən islahatçı namizədin seçicilərin daha çox səsini toplayacağı proqnozlaşdırılıb: “Səsvermənin birinci turunda İran əhalisinin təqribən 40 faizi iştirak etmişdi. 60 faizi seçici seçkini boykot etmişdi. İkinci turda isə səslər bir qədər artdı. Seçkilər Pezeşkianın açıq-aşkar üstünlüyü ilə keçdi. Təbii olaraq yeni prezidentdən gözləntilər var. Mediada xəbərlər yayılır ki, Pezeşkianın atası türkdür, anası isə kürddür. Amma o özü çıxışlarına vurğulayır ki, atası da, anası da azərbaycanlıdır, yəni türkdür. Buna rəğmən, onu da nəzər alaq ki, İranda mövcud rejim var. Bu rejmin başında duran adam ölkənin prezdenti deyil, ali dini şüranın rəhbəri Əli Xameniedir. İranda parlament, həmçinin digər strukturların əksəriyyəti mühafizəkarların nəzarətindədir. Prezident orada bir növ baş nazir vəzifəsi kimi səlahiyyətə malikdir. Bir sözlə, ən geniş səlahiyyətlər ali dini rəhbərə məxsusdur. Bu baxımdan Pezeşkianın gözləntiləri doğruldub-doğrultmayacağını zaman göstərəcək. Amma geniş mənada dəyişiklərin gözlənilməsi bir qədər sadəlövlük olardı. Çünki bir qədər əvvəl vurğuladığım kimi, yeni seçilən prezdentin səlahiyyətləri o həddə deyil”.
Partiya sədri deyib ki, İranda və dünyada cərəyan edən hadisələr fonunda cənub qonşumuzda da dəyişikliyin olması labüddür: “İranda yeni prezidentin rəhbərliyi ilə müəyyən dəyişikliklər olacaq. Çünki seçki öncəsi verilən vədlərin yerinə yetirilməsi ilə bağlı cəhdlər olacaqsa, bu, çox müsbət qarşılanacaq. Eyni zamamnda onu da nəzərə alaq ki, Pezeşkianın əvvəlki çıxışlarında Azərbaycana yönəlik müsbət nüanslar var. Ermənilər bundan narahatdırlar. Bütün hallarda bir Azərbaycan türkünün İranda prezdent seçilməsi müsbət haldır. Onu da nəzərə alaq ki, Azərbaycan türkünün prezident seçilməsi ilə əlaqədar olaraq, xeyli dərəcədə İrana yönəlik siyasi dəyişikliklərin baş verməsində maraqlı olan xarici qüvvələr də var. İranın öz daxilində və xaricdə olan azərbaycanlılar, digər zümrələr, eyni zamanda bu ölkədəki rejimin özünü dəyişmək istəyən qlobal güclər islahatlarda, dəyişikliklərdə maraqlıdırlar. Bunlar müəyyən qədər bu nüansları nəzərə alacaqlar. Hesab edirəm ki, Pezeşkianın prezident seçilməsi, olduqca mühafizəkar, qatı, Azərbaycana bir başa düşmənçilik edən bir xəttin təmsilçisinin prezident seçilməsindən qat-qat daha yaxşıdır. Azərbaycan Prezidenti İlham Əliyev də Pezeşkiana təbrik məktubu göndərib və onu Azərbaycana səfərə dəvət edib”.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ