Onlayn ictimai-siyasi qəzet
“İran İslam Respublikasının dövlət başçısı konstitusiyaya uyğun olaraq, Ali rəhbər Ayətullah Seyid Əli Xameneidir. Ölkənin xarici və daxili siyasəti, hərbi, iqtisadi məsələləri, bir sözlə, ölkə ilə bağlı bütün konseptual istiqamətlər Ayətullah Seyid Əli Xameneinin başçılığı ilə müəyyən edilir. Bu istiqamətdə fəaliyyət göstərən rəhbərlər təyin edilir və hesabat da Ayətullah Seyid Əli Xameneiyə verilir. Bu baxımdan İran İslam Respublikasının Azərbaycan Respublikasına yönəlik xarici siyasi kursunu müəyyən edən də Ali rəhbər və onun tabeliyində olan qurumlardır”.
Bu fikirləri Musavat.com-a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib.
Ekspert vurğulayıb ki, hökumət başçısı, yəni prezident ali icraedici orqanın başçısıdır, başqa sözlə ali rəhbərin verdiyi tapşırıqların icraçısıdır: “Prezident xarici siyasi kursa aid ayrıca proqram yox, ali rəhbərin təsdiqlədiyi proqramları həyata keçirir. Odur ki, İranın Azərbaycan Respublikasına münasibəti necə olubsa, o şəkildə də davam edəcək. Ötən dövr ərzində İranın Azərbaycana yönəlik siyasəti dalğavari olub. Hazırda da iki ölkə arasında münasibət yüksək səviyyədə, ürəkaçan deyil, gərginlik qalmaqdadır.
Bununla belə, münasibətlərin normallaşması ilə bağlı ümidlər var. Bu il mayın 19-da Xudafərində Azərbaycan Prezidenti İlham Əliyevlə İranın hökumət başçısı mərhum İbrahim Rəisi arasında keçirilmiş görüş bunu təsdiq edir. İbrahim Rəisi helikopter qəzasında həlak olsa da, iki ölkə arasında münasibətlərin götürülmüş kurs istiqamətində davam edəcəyi gözlənilir. Bunu İran rəhbərliyi də bildirib. İran rəhbərliyinin xarici siyasət kursunun dəyişmədiyinə dair örnək də var. İbrahim Rəisinin vəfatı ilə bağlı İrana başsağlığı verməyə gedən Ermənistanın baş naziri Nikol Paşinyanı İranın Ali rəhbəri qəbul etmişdi. Xamenei bildirmişdi ki, ölkəsinin Ermənistanla bağlı qırmızı xətti qüvvədədir. Bu o deməkdir ki, mövcud şəraitdə Tehranın Cənubi Qafqaza, o cümlədən Azərbaycan və Ermənistana yönəlik siyasəti dəyişməzdir. Bu, yeni seçilmiş hökumət başçısına da şamil edilir. Yəni Məsud Pezeşkian bu kursu davam etdirəcək. Ölkənin prezidenti belə böyük miqyaslı məsələləri özbaşına həyata keçirmir. Bu siyasətin başında Ali rəhbər durur. Bu tip strateji məsələləri həyata keçirmək üçün əsas fiqur Ali rəhbərdir. Məsud Pezeşkiandan konstitusiyada nəzərdə tutulmuş vəzifələri, hüquqlarından daha böyük işlər gözləmək sonradan məyusluq yarada bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ