Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Hərbi qarşıdurma son nəticədə İrana qarşı beynəlxalq koalisiyanın yaradılmasına və müdaxilə ilə üzləşməsinə gətirib çıxara bilər”
İran İsraili vurmaqla hədələsə də, bu addımları atmır. Ekspertlər sükutun səbəbi barədə müxtəlif versiyalar səsləndiriblər. Bu arada İran “böyük səbir” göstərə biləcəyini bəyan edib.
“İranın İsrailə qarşı cavab tədbiri üçün gözləmə müddəti uzun ola bilər”.
APA xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Əli Məhəmməd Nayini deyib.
“Zaman bizim tərəfimizdədir və cavab üçün müddət uzun ola bilər. İranın hədəflərinə edilən heç bir hücum cavabsız qalmayıb və düşmən öz vaxtında hesablanmış və dəqiq zərbələr gözləməlidir”, - o qeyd edib.
İran reallıqları doğru dəyərləndirərək, yəni müharibəyə başlamağın ona fayda verməyəcəyini qət edərək “uzun səbr” nümayiş etdirir, yoxsa bu bir manevrdir? Digər səbəblər varmı?
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Tehranda HƏMAS liderinin öldürülməsindən bir aya yaxın vaxt keçsə də, İran hələ İsrailə qarşı “dəhşətli qisas” cavabı verəcəyi ilə bağlı verdiyi vədini həyata keçirməyib: “İran bu müddət ərzində informasiya müharibə aparmaqla kifayətlənməkdədir. Tehranın İsrailə hücum edəcəyi barədə bəyanatları ABŞ-a imkan verdi ki, bölgəyə hərbi qüvvələr yerləşdirsin və bu regionu tam nəzarətinə alsın. İran İsrailə birbaşa hücumun qarşılığının nəticələrini anlayır və onu da başa düşür ki, əvvəlki hücumdan fərqli olaraq bu dəfə qisas əməliyyatına başlasa, müharibə təhlükəsi ilə üzləşə bilər. İranda HƏMAS liderinin öldürülməsi rejimin beynəlxalq və regional nüfuzunu ciddi şəkildə zədələsə də, bunun İsrailə hücum etməklə bərpasına nail olunacağı mümkün görünmür. İran bu vasitə ilə əgər məqsədinə çatacağına inansaydı, çoxdan bunu edərdi. Çünki hər ötən gün İranın ziyanınadır. İran proseslərdən uzaqlaşdırılır. Artıq məlumdur ki, Fələsin məsələsində, İsrail-HƏMAS qarşıdurmasında əsas oyunçular və vasitəçilər Misir və Qətər, Səudiyyə Ərəbistanıdır. Vaşinqton İranın ümumiyyətlə həll məsələsinə müdaxilə edə bilmir.
Tehran rejimi iki ən pis variantdan birini seçməlidir. Ya İsrailə hücum edərək müharibəyə cəlb olunmalı, ya da hansısa bazarlığa gedib Qərbdən müəyyən güzəştlər əldə etməyə çalışmalıdır. Mənim müşahidələrimə görə, Tehran daha çox ikinci varianta üstünlük verir. İranın “səbr”i məcburi xarakterlidir. Belə bir versiya da irəli sürülür ki, İsrailə birbaşa zərbə endirmək yox, İsrailin dövlət məmurları hədəf seçilsin. İstənilən halda İranın vəd etdiyi qisas əməliyyatının həyata keçirilməməsi və yaxud bunun uzadılması Tehranı çətin vəziyyətdə qoymaqla yanaşı, mövzunun aktuallığını da arxa plana keçirir. Bu isə rejimin proksi qüvvələrinə, daxili vəziyyətə, dövlətə inama da mənfi təsir göstərir. Elə bir fikir formalaşır ki, İran ancaq hədələyici tondan və informasiya müharibəsindən uzağa gedə bilmir. İsrailin və müttəfiqlərinin hücuma cavab zərbələrindən, yaxud genişmiqyaslı müharibəyə cəlb oluna biləcəyindən ehtiyatlanır. Zatən İranın hərbi gücü belə bir müharibəyə qadir deyil və sonu ağır ola bilər. Ona görə də hesab edirəm ki, İran hakim dairələrinin İsraildən “intiqam alacağı” baradə müxtəlif versiyalar irəli sürüləcəyi və müxtəlif bəhanələrin gətiriləcəyi hələ uzun müddət davam edəcək. Maraqlıdır ki, İsrailə dağıdıcı hücum edəcəyini vəd edən Tehran Xəzər dənizində hərbi manevrlər edir. Bu manevrlərin isə İsrailə aidiyyəti olmadığı düşüncəsindəyəm. İndiki mürəkkəb bir dünyada, xüsusən da Asiya regionunda baş verənlər İranı hisslərlə deyil, soyuqqanlı olmağa məcbur edir".
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov cənub qonşumuzu o qədər gücsüz görməyin əleyhinədir: “İran əslində İsraili vurur. Birinci növbədə psixoloji olaraq vurur. Daha sonra İranın Yaxın Şərq coğrafiyasında varlığı İsrail və ABŞ üçün bir çox hallarda çəkindirici rol oynayır. Livanda Hizbullahın varlığı bir çox hallarda İsrail üçün çəkindirici amildir. İranın assimetrik oyunçu imkanları ilə hətta Amerika belə hesablaşır. 2003-cü ildə Amerika İraqa girdi. Orada hakimiyyətə yekunda kim gəldi? Maliki. Maliki İranla çox yaxın idi. Siyasi hakimiyyətdə İranın payını Amerika tanıdı. Livanda Hizbullah faktiki dövlət içində dövlətdir. Yəməndə Ənsarullah hərəkatı İrana yaxındır. Zaman-zaman İsrailə raket atır. Maraqlı odur ki, bölgənin qeyri-ərəb müsəlman dövlətlərindən İsrailə raket atmış yeganə dövlət də elə İrandır. O ki qaldı "İran nə zaman İsraili vuracaq" sualına, bu, İsraillə Amerika arasında proseslərə baxış bucaqları ən zidd nöqtəyə çatan zaman baş verəcək. Amerika İsrail ilə heç də hər zaman eyni düşünmür. İran bunun zirvə nöqtələrini axtarır. Ola da bilər ki, İran İsraili Amerikada seçki marafonunun zirvə anında vursun. O da ola bilər ki, heç vurmadan Amerikadan yenə siyasi və hərbi varlığına “tanınma” alsın".
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı Amerikanın heç bir halda bu müharibəni istəmədiyini düşünür: “İranın nümayiş etdirdiyi "səbr" müharibədən maksimum qaçmaq məqsədi daşıyır. Çünki İsraillə hərbi qarşıdurma son nəticədə İrana qarşı beynəlxalq koalisiyanın yaradılmasına və müdaxilə ilə üzləşməsinə gətirib çıxara bilər. Bununla yanaşı, İsrail-İran qarşıdurması ABŞ-ın yeni müharibəyə qoşulması zərurəti yarada bilər ki, Vaşinqton bunu istəmir. ABŞ-la nüvə danışıqlarını inkişaf etdirmək istəyən İran da hücum etməklə onu çətin vəziyyətdə qoymaq istəmir. Əksinə, İran hücum etməsə də, “İsrailə hücum edəcəm” təhdidini daim gündəmdə saxlamaqla Qərbi onunla hesablaşmağa məcbur edir, o cümlədən, İsraili daim risk altında saxlayır. Hücum etmədən “hücum edəcəm” strategiyası İranın siyasi manevridir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ