İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın dini liderindən növbəti islam şousu

İranın dini lideri Əli Xameneyi bu günlərdə islam ölkələri diplomatları ilə görüşdə deyib ki, bəzi islam ölkələri sionist rejimə kömək edirlər. “Bu, xəyanətdir, islam icması qarşısında xəyanət. Bu, həm də özü-özünə xəyanətdir, çünki onlar bunu etməklə sionist rejim aparatını möhkəmləndirirlər və nəticədə bu, özləri üçün də zərərli olacaq”, - o deyib.

Onun sözlərinə görə, sionizm rejiminin qadınlara və uşaqlara qarşı törətdiyi cinayətlər zamanı “bəzi islam ölkələrinin ona köməyi islam icması və ölkələrin özləri qarşısında ən böyük xəyanətdir, çünki bu kömək faktiki olaraq onların özünün məhvinə aparır.

"İran bütün islam ölkələrinin İsraillə siyasi və iqtisadi münasibətləri pozacağını gözləyir", - o qeyd edib.

Xameneyi hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb. Ancaq Türkiyə, Azərbaycan və bəzi Yaxın Şərq ölkələri İsrail ilə siyasi və iqtisadi əlaqələri davam etdirirlər.

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov: “İranın rəhbərlərinin islam düşməni olan Ermənistanın dövlət rəhbərləri ilə dodaq-dodağa öpüşüb qucaqlaşmasına nə ad vermək olardı?”

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, İranın ali dini lideri Əli Xameneyinin İsraillə əməkdaşlıq edən İslam ölkələrini satqın və xəyanətkar adlandırması ikiüzlülüyün yüksək həddidir. Çünki İran özünə lazım olmayanda İslamı yadından çıxardır, lazım olanda isə islamdan psixoloji təsir vasitəsi kimi istifadə edir. Belə münasibətin sərgilənməsinin islam dini ilə heç bir bağlılığı yoxdur. A.Badamov xatırladıb ki, İran 30 il ərzində, Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə islamın düşməni Ermənistanın yanında oldu: “İslam dininin inanc yerləri ermənilər tərəfindən dağıdılaraq təhqir olunanda, müsəlmanların qəbiristanlıqları yerlə-yeksan ediləndə, azərbaycanlılara qarşı soyqırımlar törədəndə Xameneyi və digərləri islam dininin daşıyıcıları olan azərbaycanlıları dəstəkləyərək Ermənistana qarşı belə bir ifadə niyə işlətmədi? Hətta torpaqlarımız işğaldan azad ediləndən sonra Ermənistanın dağıdaraq təhqir etdikləri dini inanc və ibadət yerlərini açıq şəkildə təqdim etdiyimizdə İranın ali dini liderləri və dövlət rəhbərlərinin islam dininin düşməni olan Ermənistanın dövlət rəhbərləri ilə dodaq-dodağa verib öpüşüb qucaqlaşmasına nə ad vermək olardı?”

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli: “Özlərinin yeritdiyi siyasətə və kimlərin yanında yer aldığına bir daha və diqqətlə baxsınlar”

Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a  dedi ki, İranın siyasi hakimiyyəti İsrailin Qəzzaya hücumu və bu ərazilərdə törətdiyi qətliamları nəzərdə tutursa, ilk növbədə ittiham olunacaq ölkələr sırasında ərəb ölkələrinin adlarını sadalamalı idi: “Çünki bu qətliamlar həmin ölkələrin əhatəsində baş verir. Əgər İranın dini-siyasi lideri konkret adlar açıqlasaydı, bu barədə hansı ölkənin İsrail rejiminə yardım etməsini anlamaq mümkün idi. Təəssüf ki, mücərrəd olan bəyanatları konkret faktlarla şərh etmək çətin olduğundan bu barədə nə isə söyləmək mümkün deyil.

Qəzzaya hücumlar başlayandan Türkiyə hakimiyyəti İsrailin hərəkətlərini qınayıb, bu hücumların dərhal dayandırılmasını tələb edib. Bu məsələ ilə bağlı Türkiyənin mövqeyi ortadadır. Azərbaycan Qəzza zolağında vəziyyətin gərgin olaraq davam etməsindən ciddi narahat olduğunu XİN rəhbəri səviyyəsində sonuncu dəfə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının martın 5-də Ciddədə keçirilən növbədənkənar iclasında deyib. Bu bəyanata qədər də Azərbaycan rəsmi səviyyədə hadisələrə olan mövqeyini açıqlayıb. Demək, kimin hansı mücərrəd bəyanat verməsindən asılı olmayaraq, bu ittihamların Azərbaycan və Türkiyəyə aidiyyatı yoxdur.

İstənilən müsəlman və özünü İslam ölkəsi elan edən dövlət üçün işğalçının yanında yer alması zülmə şərik olmaq anlamına gəlir. Bu barədə danışanda azərbaycanlıların xatırladığı ən real fakt kimi İranın işğalçı Ermənistanın yanında yer alması, işğalçıya hər cür yardımlar etməsi gözlər önündə canlanır. “Qarabağ İslam torpağıdır” deyən dini liderin rəhbərlik etdiyi ölkənin Ermənistanı dəstəkləməsi dini dəyərlərə hörmətsizlik kimi anlaşılmalıdır. Bir-birini gözəl tanıyan iki ölkənin hərbi qarşıdurmasında Azərbaycan kiminsə yanında yer almır, bu da ölkənin siyasi maraqlarının qorunması baxımdan vacib elementdir. 

Əgər ittihamın mövzusu Azərbaycandırsa (bunu birmənalı şəkildə söyləmək mümkün deyil - R.M), o zaman bu ittihamları irəli sürənlər özlərinin yeritdiyi siyasətə və kimlərin yanında yer aldığına bir daha və diqqətlə baxsınlar".

Yazını hazırladı: Afaq MİRAYİQ 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR