İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın absurd iddiası və notası

Tehrandakı səfirimiz Əli Əlizadə son həftədə ikinci dəfə  Xarici İşlər Nazirliyinə çağırılıb; Azərbaycan parlamentinin üzvlərindən iranlı deputatlara sərt cavablar

İran Azərbaycanla münasibətlərini gərginləşdirməkdə davam edir. Belə ki, Azərbaycan səfiri Əli Əlizadə son həftədə ikinci dəfə İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran rəsmiləri yenə də absurd iddia ilə çıxış ediblər. Səfirə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib.

Qeyd edək ki, noyabrın 10-da da Tehrandakı səfirimiz İran XİN-ə çağırılmışdı. Buna səbəb kimi guya ölkəmizin mətbuat orqanları və rəsmiləri tərəfindən İran İslam Respublikasına qarşı “təbliğat və böhtanların davam etməsi” göstərilib. Xatırladaq ki, bir neçə gün əvvəl rəsmi Tehran Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatorunun Azərbaycan vətəndaşı olduğunu iddia edərək, ölkəmizə yönəlik ittihamlar irəli sürüb. Şübhə yoxdur ki, bu sərsəm və əsassız suçlamalar Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ölkəmizdə terror aktları hazırlayan iranyönlü silahlı qrupların ifşasını davam etdirməsinə “cavabdır”.

Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Azərbaycandan kənarda yaşayan soydaşlarımızın dil hüquqları ilə bağlı dedikləri də Tehranda ciddi narahatlıq doğurub. İran parlamentinin son iclası demək olar ki, Azərbaycana həsr olunub. Fars şovinizminin dəstəkçisi olan deputatlar yerbəyerdən anti-Azərbaycan çıxışlar səsləndiriblər, absurd və sərsəm iddialar irəli sürüblər. “Tehran Times” yazır ki, deputat Seyid Əlborz Hosseyni iddia edib ki, Azərbaycan Gülüstan müqaviləsinə əsasən, İrandan ayrılıb. O, həmçinin İran Xarici İşlər Nazirliyini və ölkə parlamentini Azərbaycan tərəfdən səslənən sözlərə cavab verməyə çağırıb. Ali Nikzad da sərsəm iddialarla çıxış edib, İranı “baba” adlandırıb. Deputat Məhəmməd Rza Mirtadjuddini isə “Naxçıvanın ilhaqına” çağırıb. Digər deputat Mahmud Əhmədi Birxaş da Azərbaycanın ünvanına hədyanlar səsləndirib.

Rəsmi Tehranın mövqeyinə uyğun olaraq hədyanlar danışan deputatların Səmərqənd görüşünü hədəf alması diqqət çəkir. Bu həm də o deməkdir ki, İran yetkililəri orada səslənən haqlı fikirlərlə bərabər türkdilli dövlətlərin birlik və əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan addımlardan da ciddi narahat olublar.

Dövlət başçımızın Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvəsində “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır" - deməsi İranda həyəcan yaradıb. Hansı ki, İran Konstitusiyası ölkə vətəndaşlarına ana dilində təhsil almaq hüququnu 1979-cu ildən “tanıyır” və burada həyəcanlanmağa yer qalmır. Tehranı əndişələndirən həm də Zəngəzur dəhlizidir. Prezident İlham Əliyevin “İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq” - sözləri də Bakının bu məsələdən vaz keçməyəcəyi qənaətini yaradıb ki, İrandakı rejim yenidən suları bulandırmağa çalışır. 

Qeyd edək ki, İranda insan haqları ilə bağlı vəziyyətə görə Avropa Birliyi noyabrın 14-də növbəti sanksiyalar elan edib. İranın daxili işlər naziri Əhməd Vahidiyə də sanksiya tətbiq edib. O, ciddi insan haqları pozuntularına yol verməkdə məsuliyyət daşıyır. Tətbiq edilən sanksiyalara səyahət qadağası və aktivlərin dondurulması da daxildir. İranda insan haqları sanksiyaları kontekstində Aİ-nin məhdudlaşdırıcı tədbirlərinə məruz qalanların fiziki şəxslərin 126, qurumların sayı isə 11-ə çatıb. “Avropa İttifaqı və onun üzv dövlətləri dinc nümayişçilərə qarşı davam edən geniş və qeyri-mütənasib güc tətbiqini pisləyir. Bu, əsassız və qəbuledilməzdir. Hər yerdə olduğu kimi, İranda da insanların dinc etiraz etmək hüququ var və bu hüquq bütün şəraitdə təmin edilməlidir. Aİ İranı dinc nümayişçilərə qarşı zorakılıqla repressiyaları dərhal dayandırmağa, saxlanılanları azad etməyə və internetə çıxış da daxil olmaqla sərbəst məlumat axınını təmin etməyə çağırır. Bundan əlavə, Aİ İranı ölənlərin və həbs olunanların sayını dəqiqləşdirməyə, məsul şəxsləri məsuliyyətə cəlb etməyə və bütün məhbusları lazımi proseduru təmin etməyə çağırır. Məhsa Əmininin öldürülməsi də müstəqil və şəffaf şəkildə araşdırılmalı və onun ölümündə rolu olan hər bir şəxs cavab verməlidir”, - bəyanatda deyilir. Göründüyü kimi, İranda soydaşlarımız da daxil, insan haqlarının vəziyyəti Avropa Birliyinin də etirazına səbəb olub və sanksiyalar tətbiq edilib. Yəni Avropa Birliyinin sanksiyası soydaşlarımızla bağlı qaldırılmış problemin həqiqət olduğunu təsdiqləyir. Bütün bunlarla bağlı ekspertlərimizin maraqlı yanaşmaları oldu.

“Seyid Əlborz Hosseyni qələt edir, mənfur Gülüstan anlaşmasının mahiyyəti ondan ibarətdir ki, Azərbaycan ikiyə parçalanıb, Azərbaycan İrandan ayrılmayıb, Azərbaycan Azərbaycandan, can candan ayrılıb. İranda bu anlaşmanın əleyhinədirlərsə, onda ”Azərbaycan bir olsun, istəməyən kor olsun", - deyə hayqıran milyonlarla soydaşımızın səsinə qulaq assınlar, buna görə onları qətlə yetirməsinlər, həbsə atıb işgəncələr verməsinlər".

Deputat Sahib Alıyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Məhəmməd Rza Mirtacuddinin Naxçıvanın işğalı ilə bağlı sərsəmləməsinə gəldikdə, Milli Məclis üzvü bunları söylədi: “Nə qədər xəriflədiyini dərk etməsi üçün yaxşı olar ki, bir Əlincə qalasına baş çəksin, onun tarixi ilə maraqlansın. Və Qars anlaşmasının mətninə yaxşı-yaxşı diqqət yetirsin. Görsün, əgər İran Naxçıvana qarşı kiçicik bir təcavüzə baş vursa, qarşısında kimi görəcək? Yəni İrandakıların bu hədələri hay qardaşlarının Bakıda çay içəcəkləri, Gəncəni və Yevlağı ələ keçirəcəkləri ilə bağlı sərsəmləmələrindən heç nə ilə fərqlənmir. Yəqin özlərindən əvvəlkilərin hədələrinin nə ilə nəticələndiyini yaxşı gördülər. Bizim isə məsələn, o gözəl Təbrizdə gözümüz yoxdur. Çünki Təbriz elə bizim gözümüzdür”. S.Alıyev həssas bir məqama da toxundu: “İran parlamentinin bu həqiqəti dərk etməyən sözdə azərbaycanlı deputatlarına heç bilmirəm nə deyim. Amma Məhəmməd Rza Mirtadjuddinə deyirəm, gözəl Təbrizimizin çörəyi sənə haram olsun!”

Sahib Alıyev: Azərbaycan Prezidenti Türk Şurasını bütün dünya üçün örnək  sayıla biləcək əməkdaşlıq modeli kimi təqdim etdi - AZƏRTAC

Sahib Alıyev sonda bir məsələyə də diqqət çəkdi: “Dinsiz rejimin təmsilçiləri səsləndirdikləri hədələrə rəğmən, hətta bunu bacarsalar belə, Azərbaycanı işğala qalxmazlar. Çünki bu, İranın partlaması və orada fars diktaturasının məhvi demək olardı. Onların istəyi Arazın bu tayında Azərbaycan adında müstəqil ölkənin olmamasıdır. Olsa belə, ötən əsrin 90-cı illərindəki kimi zəif, asılı, daxili didişmələrdən başı açılmayan bir ölkədən o yana getməməsidir”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev  dedi ki, Azərbaycanın İrandakı səfiri cənab Əli Əlizadənin İran Xarici İşlər Nazirliyinə çağırılması və konkret olaraq faktlar deyil, ona ümumi bəhanələrlə - “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilməsi ortada dəqiq bir informasiyanın olmaması deməkdir: “Yəni həqiqətdirsə, biz necə açıqlayırıqsa, onlar da açıqlasınlar. İkinci tərəfdən, ölkəmizin mətbuat orqanları və rəsmiləri tərəfindən İran İslam Respublikasına qarşı heç bir təbliğat aparmadığını hamı bilir. Biz Azərbaycan olaraq öz ərazi bütövlüyümüz, suverenliyimiz və konstitusiya hüquqlarımızın pozulmasını istəyən qurumlara qarşı haqq səsimizi qaldırıb, bu haqda yazırıq və danışırıq. Şiraz şəhərindəki məsciddə törədilən terror aktı ilə bağlı da müvafiq araşdırmalar aparılmadan bizim vətəndaşlarımızı - hətta o da sual altındadır - ittiham etmək tələskən və absurd bir iddiadır”.

A.Nağıyev qeyd etdi ki, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Səmərqənddə Azərbaycandan kənarda yaşayan soydaşlarımızın dil hüquqları ilə bağlı söylədiklərinin məhz dəqiq hədəfə çatdığı məlumdur: “Əlbəttə, bu, Tehranı narahat etməyə bilməzdi. Çünki bu məsələ dəqiq və sübuta ehtiyacı olmayan faktlara söykənib”. Millət vəkilinin sözlərinə görə, Avropa Birliyinin noyabrın 14-də növbəti sanksiyalar elan etməsi bir daha göstərir ki, İranda baş verən son hadisələr birbaşa insanların haqlarının tapdalanması ilə bağlıdır və bunu bütün dünya bilir: “İnsanların əqidəsinə görə dar ağacından asılma hökmünün verilməsi, işgəncə faktları bir daha göstərir ki, sanksiyalar qaçılmazdır. Hələlik Aİ-nin məhdudlaşdırıcı tədbirlərinə məruz qalan fiziki şəxslərin sayı 126-ya, qurumların sayı isə 11-ə çatıb, lakin bu say təbii ki, artacaq. Zənnimcə, son vaxtlar casus şəbəkəsinin aşkarlanması da öz təsirini göstərəcək və beynəlxalq qurumlar mütləq şəkildə öz ciddi təzyiq və təsir mexanizmlərindən istifadə etməlidirlər”.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev

Qeyd edək ki, iki gün əvvəl Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsini ifşa edib. Bildirilib ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fars şovinistləri Azərbaycanda qurduqları şəbəkənin də ifşa olunduğunu gördükcə havalanırlar, anti-Azərbaycan ritorikasının davamı həm də buradan qaynaqlanır.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR