İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın 95 milyarda nəzarət edən ən varlı adamı ... –Ölkə korrupsiya girdabındadır

Dünyada korrupsiyaya bulaşmamış dövlət tapmaq mümkün deyil. Sadəcə, “bizdə korrupsiya yoxdur” deyənlər, “bizdə korrupsiya minimaldır” söyləyənlər, “biz korrupsiya ilə ciddi mübarizə aparırıq” deyə israr edənlər var.

İran sonunculardandır. Bu ölkənin rəhbərləri söz düşəndə qətiyyətlə korrupsiya ilə ciddi mübarizə aparıldığını bildirir, korrupsiyanın haram olduğunu, islam əxlaqı ilə bir araya sığmadığını bəyan edirlər. Gerçəklik isə başqadır.

Bəyanatlar, açıqlamalar, təkziblər öz yerində, bu ölkədə insanları küçələrə çıxaran başlıca səbəblərdən biri də məhz korrupsiyadır, himayə olunan iqtisadi cinayətkarlıqdır, idarə edənlərlə idarə olunanların yaşayışı arasındakı uçurumdur. Mollakratiya məmurları və onların harınlaşmış züryətləri bir tərəfdə komfort və kalori içində ömür sürərkən, milyonlarla kasıb-kusub səfalət içində çabalayır və çıxış yolu tapmır. Birincilər bu real dünyanın həzzlərinin dadını duymağı o biri dünyaya saxlamadıqları halda, kasıblara əyləncəli həyatı o dünyada, axirətdə vəd edirlər.

_127382879_mediaitem127346528.jpg (150 KB)

Bu ölkədə baş verən hansısa bir zorakı ölüm hadisəsi kütləvi etirazların başlanması üçün sadəcə siqnal rolunu oynayır. İnsanlar zülmə, haqsızlığa, səfalətə, gələcəklərinin məchul olmasına, ölkələrinin dünyadan təcrid olunmasına, məmurların özbaşınalığına, ruhanilərin riyakarlığına, dövlət adamlarının din-məzhəb pərdəsi altında hər cür əmələ qol qoymasına etiraz edirlər.

Bir ara ölkəmizdən İrana ucuz müalicə üçün axışıb gedənlər vətənə qayıtdıqdan sonra bu ölkə haqqında əfsanələr danışırdlar, elə çıxırdı ki, sanki İran dünyanın ən dürüst idarə olunan, haqq-ədalətin tamamilə bərqərar olunduğu ölkədir. Bir müddətdən sonra söhbətlərin axarı dəyişdi, gözdən asılan pərdələrin astar üzü göründü, İran klinikalarındakı müalicələrin effektsizliyindən danışanların sayı artdı, iranlı həkimlərin, məmurların pulgirliyi haqda söhbətlər çıxaldı.

Ortaya çıxdı ki, əslində bu, teokratik-totalitar dövlət qonşu ölkələrdən çoxsaylı pasiyent-turist kütləsini İrana çəkmək üçün startda özlərini mələk kimi göstərir, lazımi sayda müştəri toplayandan sonra “sağım aqreqatları”nı qoşur, milyonlar qazanırlar. Üstəlik, paralel olaraq İrana dəfələrlə gedib-gələnlərin casus şəbəkəsinə cəlb edilməsi prosesi də aparılır.

1401081312272311026367903.jpg (34 KB)

Prezident seçilməzdən öncə İranın məhkəmə sisteminin rəhbəri olan İbrahim Rəisi vaxtilə korrupsiya ilə mübarizənin islam inqilabının diqqət mərkəzində dayandığını bəyan edərək demişdi ki, İranın pak və müqəddəs sistemi iqtisadi cinayətlərlə mübarizə iradəsinə malikdir və harda korrupsiya varsa, axtarılacaq və məhv ediləcək.

Rəisi onu da demişdi ki, qanunverici orqan korrupsiyanın qapılarını tacirlərin və sui-istifadə edənlərin üzünə bağlayan qanunlar qəbul etməlidir, icra hakimiyyəti öz üsulları ilə korrupsiyanı aradan qaldırmalıdır və məhkəmənin korrupsiyaya qarşı mübarizədə ciddi vəzifəsi var.

İndi Rəisi özü prezidentdir, icra hakimiyyətinin başçısıdır, amma “üz üsullarıyla korrupsiyanı aradan qaldırmaq” vəzifəsini icra edə bilmir. İranda zülmə, səfalətə, korrupsiyaya qarşı növbəti xalq etirazı məhz onun prezidentliyi dövründə başlayıb.

korruption-i-iran-olaglig-penninghandel-inom-irans-smutsiga-penningaffärer-affärsverksamhet-illegal-penningtransaktionsvektor-169224005.jpg (103 KB)

İki il öncə Transparency İnternational təşkilatı İranı “Korrupsiya qavrama indeksi”ndə 180 ölkə arasında 149-cu yerə layiq görüb. B təşkilat İrana 100 baldan 25 bal verib və bu İranın dünyanın ən korrupsiyalaşmış ölkələri sırasında olduğunu göstərir. 100 bal korrupsiyadan xali ölkələrə verilirsə, 0 bal korrupsiya girdabında boğulan ölkələrə verilir. İrana verilən 25 bal onun 100 metrlik korrupsiya quyusunun dibdən 25-ci pilləsində durduğunu göstərir. Yaxın Şərq regionu ölkələrinin orta balı isə 39-dur. İranın qonşularından Birləşmiş Ərəb Əmirlikləri 71, Qətər isə 62 bal toplayıb.

Ötən il İran “Korrupsiya qavrama indeksi”ndə daha bir pillə də geriləyib, 180 ölkə arasında 150-ci yerdə qərarlaşıb. Bu da onun iqtisadiyyatına ciddi zərbədir.

İranın ali rəhbəri Əli Xamneyi korrupsiyaya qarşı mübarizə fərmanı imzalayaraq, hökumətin hər üç qolunun rəhbərlərindən rüşvətxorluğa qarşı səyləri səngitməməyi tələb etsə də, fakt budur ki, özü əmlak müsadirəsi əsasında qurulmuş nəhəng maliyyə imperiyasına nəzarət edir.

Ali rəhbərin hələ 2009-cu ildə aktivləri təxminən 95 milyard dollar olan “Setad” adlı təşkilata nəzarət etdiyi bildirilir.

Без названия (1).jpg (10 KB)

Farsca adı “Setad Ejraiye Farmane Həzrəti Emam” (“İmamın Əmrini İcra Qərargah”) adlanan həmin təşkilat islam respublikasının ilk rəhbəri Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl imzaladığı fərmanla yaradılıb və 1979-cu il inqilabından sonrakı xaos illərində İranı tərk etməyə məcbur olmuş yüzminlərlə şəxsin mülklərini ələ keçirərək idarə etməyə başlayıb.

Hazırda “Setad” maliyyə, neft, telekommunikasiya, doğuşa nəzarət həblərinin istehsalı və hətta dəvəquşu yetişdirilməsi də daxil olmaqla, İran sənayesinin, demək olar ki, hər bir sektorunda pay sahibi olan bir biznes imperiyasına çevrilib və onun 1-ci adamı Xamneyidir. Başqa sözlə, Xamneyi 95 milyardlıq varidatla regionun, eləcə də dünyanın ən zəngin adamlarından biridir. Rəsmi təbliğatda isə o, zahidanə (asketik) həyat tərzi keçirən, dünya malında gözü olmayan, sadə bir evdə ömür sürən ruhani şəxs kimi təqdim olunur.

Xamneyinin İran siyasətinə və onun hərbi qüvvələrinə nəzarəti illərdir aydındır. “Setad”la bağlı araşdırma göstərir ki, onun gücünün üçüncü ölçüsü var: iqtisadi qüdrət.

Dini, siyasi, hərbi, iqtisadi hakimiyyətin bir əldə cəmləşməsi, insan yaşayışı və fəaliyyəti olan hər sahəyə total nəzarət edilməsi əvvəl-axır bu cür sosial partlayışlara səbəb olmalıydı və axır ki, olub.

Ona görə də İranda baş verən hadisələri, səngiməyən etiraz aksiyaların bir binəsib gənc kürd qızının (artıq Məhsa Əmini kimi gənc yaşda öldürülən qızların sayı 200-ü keçib) ölümünə bağlamaq düzgün olmazdı. Qonşularıyla, bütün dünyayla problemləri olan bu ölkənin daxilində öz xalqıyla da problem var və onu həll etmək üçün gülləyə üstünlük verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR