Onlayn ictimai-siyasi qəzet
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən xüsusi əməliyyat nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 13 kiloqramdan artıq narkotik vasitə və 4400 ədəd narkotik tərkibli həbin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis və sərhədçilərin Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat nəticəsində İran vətəndaşları - 32 yaşlı Qaffar Qızıl və 34 yaşlı Behzat Qaranejat Xəzər dənizi sahilində saxlanılıblar.
Sonuncuların idarə etdikləri xüsusi “Yamaha” markalı mühərriklə təchiz olunmuş qayıqdan tərkibinə psixotrop maddələr əlavə edilmiş 11 kq 680 qram marixuana, 1 kq 510 qram heroin və 4400 ədəd metadon həbi aşkar olunub. Saxlanılanlar İranın dəniz kənarındakı Gümüşan vilayətindən götürdükləri narkotikləri Xəzərin Azərbaycan-Türkmənistan sərhədindəki neytral zonasından istifadə edərək qaçaqmalçılıq yolu ilə maddi qazanc əldə etmək məqsədi ilə Azərbaycana gətirdiklərini qeyd ediblər.
Qaffar Qızıl və Behzat Qaranejatın balıqçılıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, ölkə ərazisinə qaçaqmalçılıq yoluyla vaxtaşırı narkotik vasitələr gətirən əsas şəxslərdən olduqları da müəyyən edilib. Ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməyə cəhd edən mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Rusiyalı hüquqşünas və politoloq Oleq Kuznetsov “İnterfaks”a müsahibəsində “Rəsmi Bakı narkotik ticarətiylə daha effektiv mübarizə aparmaq üçün İran hakimiyyəti ilə münasibətləri necə qura bilər” sualına belə cavab vermişdi:
“Azərbaycan-İran münasibətlərinin təfərrüatları, xüsusən də bu mövzuda xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqə səviyyəsi haqda məlumatlı deyiləm. Ancaq bir şeyi dəqiq deyə bilərəm: bu qədər böyük bir heroin partiyası yerli hakimiyyət orqanlarının xəbəri və razılığı olmadan istehsal oluna bilməz...
İran ərazisindən Azərbaycan ərazisinə keçməyən heroinin hipotetik miqdarını nəzərə alsaq, başa düşməliyik ki, orada xaşxaş əkinləri onlarla deyil, minlərlə hektar ərazini əhatə etməlidir. “Məhsulu” emal etmək üçün laboratoriyalarda yüzlərlə və hətta minlərlə insan çalışır. Yəni xam tiryəkin kimyəvi emalı üçün laboratoriyalar və ya hətta fabriklər də daxil olmaqla, yaxşı qurulmuş bir sistem fəaliyyətdədir. Bu bir biznesdir. Bu mövzuda 2-ci fərqli fikir ola bilməz”.
İrandan narkotiklər niyə məhz Azərbaycana daşınır? Qonşu dövlətin başqa tranzit imkanları yoxdur? Yoxsa başqa səbəb var?
Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Musavat.com-a deyib ki, Azərbaycanda ələ keçən narkotiklərin İran mənşəli olması, qonşu dövlətdən daşınması təsadüfi deyil:
“Qarabağ işğaldan azad olunandan sonra 140 kilometrlik İran-Azərbaycan sərhədində vəziyyət tam şəkildə nəzarətə götürülüb. Azərbaycanın hüquq-mühafizə orqanları illərdir ki, bu istiqamətdə işlər görür, ölkə ərazisinə narkotiklərin daşınması, yayılmasının önlənməsi üçün addımlar atılır. Lakin narkoticarətçilərə qarşı aparılan mübarizə, yeni-yeni metodların tətbiqi çox zaman effektiv olmur. İrandan Xəzər dənizi üzərindən Azərbaycana narkotik daşınması halları əvvəllər də olub.
Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə də narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparırlar. İran tərəfindən Azərbaycan ərazilərinə narkotiklərin dronlar vasitəsilə daşınması halları da var. Kiçik ölçülü dronlara narkotik yükləyib neytral əraziyə ötürürlər, drondan narkotiki neytral əraziyə atırlar və yeri barədə ərazimizdə olan narkoşəbəkə üzvlərinə məlumat verirlər.
Bilinən faktdır ki, Avropaya daşınan narkotiklər, əsasən də heroin kimi ağır narkotik vasitə əsasən Əfqanıstanda istehsal olunur. İran Əfqanıstanla qonşudur və narkomafiyaların Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri marşrutundan istifadə etmələri illərdir ki, məlumdur. Bu axın Azərbaycanda istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. İldən-ilə böyük partiyada ağır narkotiklərin tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Hiss olunur ki, tutulan mallar Azərbaycan üçün deyil, məhz Avropa üçün nəzərdə tutulub.
Bu gün qara bazarda 1 qram kokainin qiyməti 400 dollar, eyni çəkidə heroinin qiyməti isə 170 manatdır, yəni 100 dollardır. Əvvəllər 1 qram heroini 5 nəfər istifadəçi alırdısa, hazırda 1 qram heroin 7 hissəyə bölünərək satılır. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal istiqamətinə dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilməyə başlandı. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - “Şimali Balkan yolu” adlandırdığı marşrut məhz Azərbaycandan keçirdi. Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınırdı. Hazırda sərhədlərin möhkəmləndirilməsi daşımaları xeyli çətinləşdirir.
Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Niderland, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedirdi. Azərbaycanın Qarabağ zonası işğal altında olarkən qanunsuz narkodəstələr həmin ərazilərdə müəyyən laboratoriyalar da saxlayırdı. BMT-nin hesabatlarında bu haqda məlumatlar keçmişdi. 44 günlük Vətən müharibəsinə qədər Qarabağ heroin trafikində önəmli yer tuturdu” .
“İran Azərbaycan ərazisinə narkotiklərin daşınmasının qarşısını niyə almır” sualına deputatın cavabı belə olub:
“İran bəzi vaxtlarda Azərbaycan ərazisinə narkotiklərin daşınmasının qarşısını almaqda maraqlı olsa da, ümumilikdə maraqlı deyil. Çünki narkoşəbəkələrin bəzisi İranın müvafiq orqanları ilə əlaqəlidir. İran narkotiklərə qarşı mübarizədə səmimi deyil”.
Deputat bildirib ki, son zamanlar Azərbaycan hüquq-mühafizə orqanları narkotiklərə qarşı mübarizədə mühüm işlər görür.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ