İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Azərbaycana qarşı növbəti demarş

Tehran rejimi yenə cavabını aldı; “İranın elədiyi riyakarlıqdır...”

 Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə 10 noyabrda, axşam saatlarında İran Xarici İşlər Nazirliyinə çağırılıb. APA xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Səfirin XİN-ə çağırılmasına Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması səbəb kimi göstərilib.

Bu xəbər Ermənistan mediasının manşetlərini “bəzəyib”. İranla qucaqlaşan ermənilər anti-Azərbaycan mövqeli daha bir addıma sevincək reaksiya veriblər. Təbii ki, bu, müsəlman adını daşıyan bir dövlətin adına ayıbdır. Məscidləri donuz damına çevirmiş, əliqanlı bir ölkəni bağrına basan ölkə son aylar davamlı şəkildə Azərbaycanı təhdid edir, Ermənistan sərhədlərini “qırmızı xətt” hesab edərək.

Səfirin XİN-ə çağırılması isə nonsesdir. Burada deyiblər, “Həm suçlu, həm də güclü”. Yaxud “Adımı sənə qoyum, səni də yana-yana”. Görəsən, rəsmi Tehran öz gözündəki tiri nə vaxt görəcək? Neçə vaxtdır İran mediası Azərbaycan dövlətinə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı olmazın həqarətlərə, təhqirlərə yol verir, Azərbaycan dövlətinin varlığını belə sual altına qoyur, son günlər hətta Azərbaycanı absurdcasına terrora, İŞİD-ə dəstək verməkdə ittiham edir. Bunun üçün uydurma dəlillər ortaya atılır. Bundan əvvəl Azərbaycan sərhədlərində hərbi təlimlər keçirərək ölkəmizi təhdid edən İrana cavab olaraq Azərbaycanın Xüsusi Təyinatlı cəngavərlərinin də cənub sərhədlərimizdə təlimləri keçirildi. Eyni zamanda, İranın “qırmızı xətti” keçməsi, heç bir diplomatik normaya, qonşuluq münasibətlərinə uyğun gəlməyən davranışlarına adekvat cavab verilməsi qarşı tərəfdə qıcıq yaradıb.

Amma bunu Azərbaycan başlamadı, unutmasınlar! Diqqətçəkicidir ki, səfirimizin İran XİN-ə çağırılması İlham Əliyevin Şuşa çıxışından cəmi iki gün sonraya təsadüf edir. Prezident həmin çıxışda məscidləri dağıdan erməni rəsmiləri ilə öpüşən müsəlman liderlərini ikiüzlü adlandırmışdı. Yeri gəlmişkən, İran islami dəyərləri təhqir edən Ermənistanla son vaxtlar hərbi sahədə əməkdaşlığı xeyli dərinləşdirib.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı daha bir nöqtəli zərbə endirdi. Bəyan etdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. “Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, - dövlət başçısı qeyd edib. (APA)

İranın demarşına qarşı daha bir sərrast mövqe. Bəli, bu vaxtadək rəsmi Bakı Güneydə yaşayan milyonlarla qan qardaşımızın təbii haqlarından məhrum edilməsinə göz yumurdu. Amma artıq “ox yaydan çıxıb”. Buna Tehran rejimi zəmin yaratdı...

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə  fəal mübarizə aparır - AZƏRTAC

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda İran əleyhinə təbliğat aparılmır və apırlamayıb: “Sadəcə, bəli, həddini aşdığından, Azərbaycana qarşı hər cür təxribatlara əl atdığından, bizdə indi İrandakı rejimin əsl mahiyyəti bütün çılpaqlığıyla göstərilməyə başlanıb. Məsələn, biz deyirik ki, İran adlı İslam Respublikası yoxdur, ”İran Məscidləri Dağıdan, Xarabalıqlarında Donuz Saxlayanlarla Müttəfiq Respublikası" var. Bu, təbliğatdır? Bəyəm elə deyil? İranın Ermənistanla hərbi əməkdaşlığına gəldikdə, bu hələ birinci Qarabağ savaşından vardı. Ulu Öndər Heydər Əliyev Beyləqan tərəfdə cəbhəyə baş çəkərkən o olan mövqeyə məhz İran mərmilərinin atıldığı faktdır, həmən mərmilərdən biri Tehrana aparılaraq gözlərinə soxulmuşdu.

Dinsiz rejimin Ermənistanı indi də “Mohajer-6" izləmə və zərbə, ”Şahed-136" kamikadze PUA-ları, raket və digər hərbi texnikalarla təmin etmək istədiyi haqda bilgilər var. Ola bilsin ki, Fransanın Ermənistana verdiyi 100 milyon avro kredit də onların alınması üçündür. Amma heç kimə sirr deyil ki, İranın satacağı və verəcəyi silah-sursat Rusiyanın ötürdükləri kimi dəmir yığnağına çevriləcək. Müzəffər Ali Baş Komandanımızın Şuşadakı çıxışından da göründüyü kimi, heç kim, heç nə bizi yolumuzdan çəkindirə bilməz, bilməyəcək. İrana bizim ən doğru cavabımız da elə budur, dayanmadan öz məqsədlərinə doğru getmək, güclənmək və güclənmək. Dinsiz rejim Azərbaycanın güclənməsində özünün məhvini gördüyündən bundan təsirli onlara cavab ola bilərmi?"

S.Alıyev dövlət başçımızın Səmərqənd bəyanatını da ciddi hadisə hesab edir: “Bir daha bildirirəm ki, Azərbaycan mediası İrana qarşı heç bir təbliğat aparmır, oradakı reallıqları çatdırır. Və çardırmaya da bilməz. Çünki söhbət Azərbaycanın, hətta öz vətəndaşları olan azərbaycanlıların əleyhinə yönələn reallıqdan gedir. Bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycandan kənarda yaşayan 40 milyon soydaşımız öz dillərində təhsil ala bilmir. Niyə rejim sayı azərbaycanlılardan 400 dəfə az olan hayların öz dillərində təhsil haqqını tanıyır, onlara bir növ mədəni muxtariyyət verilib, amma bizim soydaşlarımızın bu haqqı tanınmır? Dövlət başçımızın sözü gedən çıxışında da vurğulandığı kimi, daha Azərbaycan bunu görməzdən gəlməyəcək. Və ümid edirəm ki, cənab İlham Əliyevin irəli sürdüyü kimi, bu məsələdə də türk dövlətləri eyni mövqedən çıxış edəcək, dinsiz rejimin təmsilçilərindən azərbaycanlılara qarşı diskriminasiyaya son qoyulmasını istəyəcəklər”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadənin İran Xarici İşlər Nazirliyinə çağırılması tamamilə yolverilməzdir: “Qeyd edək ki, səfirin XİN-ə çağrılmasına Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması səbəb kimi göstərilib. İran tərəfi uzun illərdir media seqmentində ölkəmizə qarşı fəal təbliğat aparır, Azərbaycanı dövlət kimi gözü götürmür. İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü genişmiqyaslı etirazlara səbəb olub. İslam pərdəsi altında sərt dövlət idarəçiliyi formalaşdıran İran dövləti daxildə olan üsyanı və gərginliyi yatırmaq üçün xarici düşmən axtarışına çıxıb. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra sərhədlərimizdə 2 dəfə hərbi təlimlər keçirərək güc nümayişini biruzə verən İran dövləti indi də İrana qarşı təbliğat apardığımıza dair haqsız yerə bizi suçlayır. Lakin İran mediası uzun illərdir Azərbaycan dövlətinə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı olmazın həqarətlərə, təhqirlərə yol verir. Vətən müharibəsindən sonra müzəffər Ali Baş Komandan İlham Əliyevə qərəzli sual ünvanlayan iranlı jurnalist də xatirimizdədir”.

Politoloq əlavə etdi ki, Prezident İlham Əliyevin qalibiyyət və mədəniyyət simvolumuz Şuşada çıxışı, görünür, cənub qonşumuzu bərk narahat edib: “Səmərqənddə dövlət başçımız daha bir həqiqəti bəyan etdi. Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanından məhrumdur. Yeri gəlmişkən, İran dövləti islam dəyərlərini təhqir edən Ermənistanla son vaxtlar hərbi sahədə əməlkdaşlığı xeyli dərinləşdirib. Paşinyan-Rəisi görüşündə də İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub. Azərbaycanın buna qarşı preventiv tədbirləri həyata keçirilir. Lakin İran dövləti regional təhlükəsizliyi təhdid altında qoyur”.

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq  hörmətsizlik nümayiş etdirir

Tural İsmayılov

Siyasi şərhçi Tural İsmayılov isə xatırlatdı ki, İranın Azərbaycan və Türkiyə əleyhinə fəaliyyəti bir gün olsun dayanmayıb: “Hətta Azərbaycan və İran münasibətlərinin ən yaxşı olduğu dövrlərdə belə İran mediasının anti-Azərbaycan siyasəti ortada olub. İran mediasında hər gün Azərbaycan əleyhinə qalaq-qalaq materiallar verilib. İrandakı teokratik rejimin bundan sonra da Azərbaycan siyasətində dəyişiklik edəcəyini gözləyə bilmərik. Azərbaycan və Türkiyə bir dəfə də olsun İran əleyhinə hansısa qərarlar verməyib, beynəlxalq təşkilatlarda İran əleyhinə kampaniyalara qoşulmayıblar. Bütün dost addımlarımıza rəğmən, İran həmişə iki ölkəni təhdid kimi dəyərləndirib. Bunun da 3 əsas səbəbi var.

Birincisi, İrandakı rejim rasional qərarlar verə bilmir. İdeoloji təbliğat bütün idarəetmə sistemini cənginə alıb. İkincisi, İran 40 milyon Güney Azərbaycan türkünün varlığından dəhşətli şəkildə qorxur. Azərbaycan-Türkiyə müttəfiqliyinə Güney Azərbaycanda olan simpatiyanı qısqanır. Üçüncüsü, İran bölgədə əsas güc olmaq üçün hər addımı atmağa hazır ölkədir. Azərbaycanın geopolitik güc kimi inkişafı İranı qorxudur. Bütün bunları nəzərə alanda İranın Azərbaycan mediasından narahat olmağı da təbiidir. İranın elədiyi riyakarlıqdır. İrandan Azərbaycana qarşı illərdir informasiya hücumları edən “Hüseyniyyun” təşkilatının üzvlərini günü bu gün də Azərbaycana təhvil vermir. Daim Azərbaycanı qaralamaq kampaniyası həyata keçirilir. Belə olan təqdirdə İran hansı haqla Azərbaycan mediasından narahat ola bilər ki? Biz hələ gec qalmışıq. Azərbaycan xalqı vahid şəkildə İranın mahiyyətinin nə olduğunu gözəl anlayır".

Siyasi şərhçi illərdir İrandakı azərbaycanlıların hüquqlarının tapdalandığını xatırlatdı: “Cənab Prezident Səmərqənddə Türk Dövlətlər, Təşkilatının Zivə Görüşündə vurğuladı ki, Azərbaycan hər zaman öz soydaşlarının yanında yer alacaq. Bir xalqın ana dilindən belə qorxan rejimin sivil dünyada hansısa siyasi açıqlamalar verməyə mənəvi haqqı belə çatmır”.

Beləcə, Tehran rejimi növbəti cavabını aldı. Usanmasalar, davamı gələcək. Həm də İran daxilindəki 40 milyonluq “barıt çəlləyi”ndən!

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR