İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda seçkilərin ikinci turu gərgin keçdi

Azərbaycanlı namizədə qarşı hücumlar,  Təbrizə qüvvə yeridildi...

İyulun 5-də İranda prezident seçkilərinin ikinci turu baş tutub. 

Xatırladaq ki, seçkilərin ikinci turunda prezidentlik uğrunda iki namizəd - azərbaycanlı, sabiq səhiyyə naziri Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparıb.

Məsud Pezeşkian birinci turda 42,5%, İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə 38,6 faiz səs toplayıb. Digər iki namizəd - parlamentin spikeri Məhəmməd Bağer Qalibaf və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi 14 faizdən çox səs yığa bilməyib. Beləliklə, birinci tura seçicilərin cəmi 40 faizi gedib ki, bu rekord aşağı göstərici ölkənin dini isteblişmentinin narahatlığına səbəb olub.

Ali dini lider Əli Xamenei iyulun 3-də etiraf edib ki, seçici fəallığı gözlənilən kimi olmayıb, ancaq o, seçici marağının olmamasının İran rəhbərliyinin qeyri-populyarlığını göstərdiyini danıb, səsverməni “çox vacib” adlandırıb.

“İslamı və islam respublikasını, ölkənin inkişafını sevənlər bunu seçkidə iştirakla göstərməlidirlər”, - 85 yaşlı Xamenei söyləyib.

Siyasi şərhçilər bildirir ki, bu seçki Xameneinin yaşı baxımından əhəmiyyətlidir. Seçkinin qalibinin növbəti ali dini liderin seçimində potensial rolu ola bilər.

İranın “Şenaxt” analitik mərkəzinin ikinci tur ərəfəsində keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Pezeşkiana, 48 faizi isə Cəliliyə səs verəcəklərini bildirib. 

Beləliklə, yerli vaxtla səhər saat 08-dən İranda prezident seçkilərinin ikinci turu başlayıb. Seçkinin axşam saat 18:00-dək davam edəcəyi deyilsə də, sonradan elan olunub ki, səsvermə vaxtı uzadılacaq. Xatırladaq ki, 1-ci turda səsvermə gecə saat 24:00-dək uzadılmışdı. 

Məsud Pezeşkian azərbaycanlılar yaşayan bölgədə səs verib

Yerli mətbuatda yayılan məlumata görə Məsud Pezeşkian Tehran şəhərinin Qala Həsən xan bölgəsində yerləşən “Aşura” məktəbində səs verib. Qala Həsən xan bölgəsi Tehranın yoxsul məhəllələrindən sayılır və orada yaşayanların əksəriyyəti türklərdən ibarətdir. Türk namizədi bölgədə yaşayan azərbaycanlılar, türklər coşqu ilə qarşılayıb, türk dilində “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarı səsləndirib, xoş gəldin deyiblər.

İran mətbuatında qeyd olunur ki, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də Məsud Pezeşkianla birlikdə səsvermədə iştirak edib.

Pezeşkianın rəqibi haralıdır?

Seçkinin başladığı vaxtda Məsud Pezeşkianın İran prezidentliyinə seçkilərdəki rəqibi, Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili əslən əfqanıstanlı olduğu barədə sənədlər yayılıb.

Bu barədə ona yaxın şəxslər İran Qeydiyyat İdarəsinin rəsmi sənədlərinə istinadən məlumat yayıblar.

“Səid Cəlilinin atası Əfqanıstanın Hərat əyalətinin Cəlilabad bölgəsindəndir. O, İkinci Dünya müharibəsindən sonra İrana köçüb və rəsmi sənədlərə əsasən 1951-ci ildə ona İranın şəxsiyyət vəsiqəsi verilib”,- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Səid Cəlili 6 sentyabr 1965-ci ildə Məşhəd şəhərində anadan olub. İbtidai və orta təhsilini Məşhəddə alan Səid Cəlili universitet təhsilini Tehranın İmam Sadiq Universitetində İslamşünaslıq və siyasi elmlər üzrə bitirib. O, ölkədə məcburi hicab qaydalarının tətbiqinin sərtləşdirilməsi, Qərblə təhdid dilində danışılmasının tərəfdarıdır.

Səid Cəlilinin seçki qərargahı bölgələrdəki din xadimlərinə mesajlar göndərərək Pezeşkiana qarşı təbliğat, Cəlilinin xeyrinə vətəndaşları seçkiyə cəlb etmək müqabilində hər birinin kartına 2 milyon tümən (50 AZN) köçürüləcəyi bildirilir. 

Bununla yanaşı kiçik şəhərlərdə və kəndlərdə gəzən mollalar sadə vətəndaşlara Məsud Pezeşkianın xristianlığı təbliğ etdiyi və İslam dininə təhlükə olduğu deyilir.

İranda prezidentliyə namizəd Məsud Pezeşkiana qarşı xaricdə fəaliyyət göstərən və hakimiyyətə müxalifətdə olan farsdilli medianın təbliğatı davam etdirilib. Mərkəzçi və şahçı siyasi cərəyanlara mənsub və ya onları dəstəkləyən “İran internathional”, “Manoto”, “BBC Farsi”, “Radio fərda” və başqa bu kimi media orqanları Pezeşkianın türk olmasına görə, onun ölkənin milli təhlükəsizliyinə təhlükə olduğu barədə iddialar səsləndirirlər. 

Onlar azərbaycanlı namizədin öz kimliyi, milliyyəti və ana dili ilə bağlı çıxışlarından başqa mənalar çıxarıb, onu millətçilik və yerliçilikdə günahlandırırlar.

Farsdilli mətbuat orqanları hakimiyyətə müxalif olmalarına baxmayaraq, Məsud Pezeşkianın rəqibi, mühafizəkar siyasi cərəyanın və Əli Xameneinin nümayəndəsi Səid Cəlili barədə ciddi tənqidi materiallar dərc etmir, dolayısı yolla onun Pezeşkian qarşısında qələbəsinə dəstək veriblər. 

Bununla yanaşı farsdilli “Youtube” kanallarında da oxşar kampaniya aparılır, türk siyasətçinin milliyyəti barədə çıxışları “pantürkizm” nümunəsi kimi dəyərləndirilib.

Prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə eyni vaxtda Təbriz və ətraf bölgələrinə xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu, başqa əyalətlərdən şəhərə əlavə qüvvələr gətirildiyi barədə məlumatlar yayılıb. Yerli mənbələr və bir sıra sosial media kanallarında məlumat yayıblar. Bunun seçkilərinin nəticələrinin elan olunmasından sonra baş verə biləcək reaksiya və aksiyalara qarşı qabaqlayıcı tədbirlərin tərkib hissəsi olduğu ehtimal olunur.

Bir sıra yerli mənbələr bunu hakimiyyətin Məsud Pezeşkianın seçilməsinə mane olacağı, Səid Cəlilinin prezident elan ediləcəyinə dair işarə kimi qiymətləndiriblər.

“İslahatçıların" 2-ci turda daha çox insanı seçkiyə cəlb etməsi Pezeşkianın səslərini artıra bilər". Bunu siyasi şərhçi Kənan Rövşənoğlu bildirib. Onun sözlərinə görə mümkündür ki, mühafizəkarların qələbəsini istəməyən rejim müxalifləri, boykot çağırışı edən monarxistlər və digərləri seçkiyə getsin:

“Bu zaman nəticələr daha fərqli olar. 1-ci turda 40 faizdən bir qədər çox insanın iştirak etdiyini nəzərə alsaq, bu ehtimal o qədər də zəif deyil.

Bütün bunlar İrandakı növbədənkənar prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı proqnoz verməyi çətinləşdirir. Hər iki namizədin üstün və zəif cəhətləri var və bu, seçki kampaniyası zamanı, teledebatlarda xüsusi olaraq özünü göstərdi. Seçkilərlə bağlı hələlik onu demək olar ki, İran hakimiyyəti bu seçkilərdə ölkə daxilindəki siyasi fəallığı artırmaq üçün lazım olan bütün imkanlardan istifadə etdi və ciddi bir nəticə də oldu. Günün sonunda qutudan kimin çıxacağı, necə deyərlər, sonrakı məsələdir".

“İranın Ermənistana münasibətdə siyasəti hakimiyyət dəyişikliyindən sonra dəyişməz qalacaq”. Bunu Tehranın İrəvandakı səfiri Mehdi Sübhani erməni jurnalistinin ölkə prezidenti postuna namizədlərdən birinin azərbaycanlı olması ilə bağlı sualını cavablandırarkən deyib.

“İranın Ermənistanla bağlı siyasəti prinsipialdır, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin inkişafı və genişləndirilməsinə yönəlib. Bu siyasət hakimiyyət dəyişikliyi ilə dəyişməyəcək”, - o bildirib.

Səfir seçki kampaniyası zamanı bütün namizədlərin qonşu ölkələrlə münasibətləri inkişaf etdirmək üçün öz proqramlarını təqdim etdiyini vurğulayıb. O qeyd edib ki, İranda çoxlu etnik qruplar yaşayır, lakin bu, ölkənin milli siyasətinə təsir etmir:

“İran Ermənistanın dostu olaraq qalır və yeni hökumət dövründə İrəvanla münasibətləri inkişaf etdirməyə davam edəcək”.

“Prezident seçkilərindən sonra da İranın Cənubi Qafqaz və qonşularla münasibətləri bundan əvvəl, İbrahim Rəisi siyasətinə uyğun davam etdiriləcək”. Bu sözləri isə İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvi deyib. O, İranın 15 qonşusu olduğunu və qonşularla qarşılıqlı əlaqə siyasəti yürütmək istədiyini söyləyib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR