İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda bu şəxs prezident ola bilər- Ən şanslı namizədlərin SİYAHISI- MÜHÜM FAKTLAR

İranda növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən şəxslərin müraciətləri davam edir. Bu gün 4-cü gündür və sabah namizədlərin müraciət müddəti bitəcək. Ümumilikdə ötən müddətdə Daxili İşlər Nazirliyinə 80 nəfər müraciət edib, onlardan yalnız 17 nəfəri qeydiyyat tələblərinə cavab verdiyi üçün sənədləri qəbul olunub. Güman olunur ki, bu gün və sabah iddiaçıların sayı artacaq və qarşıdakı günlərdə “Keşikçilər Şurası” (Şuraye-Negahban) bu şəxslərin içərisindən mövcud qanunlar və İslam Respublikası siyasi sisteminin məsləhətinə uyğun şəxslərin namizədliyi qeydə alınacaq. Hazırda isə namizədlərin müraciətləri davam edir.

İbrahim Rəisi hökumətində mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili, parlamentin deputatı Hüseyn Əli Qasımzadə, Şəhid Vəqfinin keçmiş rəhbəri Məsud Zəribafan, siyasətçi Hüseyn Əfşarzadənin prezidentliyə namizədlik üçün sənədlərini təqdim edib.

Bu gün keçmiş prezident Mahmud Əhmədinejad da DİN-nin seçki mərkəzinə gələrək sənədlərini təqdim edib.

Ötən gün isə İranın Ali Rəhbərinin Aparatının tanınmış və sirli siması, Seyid Vəhid ləqəbli  Vahid Haqqaniyan prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçib. Prezident seçkilərində ilk qadın iddiaçı da dünən müraciət edən mühafizəkar siyasətçi, deputat və Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Zəhra Elahiyan olub. Elahiyan 2008-2012 və 2020-2024-cü illərdə İran parlamentinin deputatı olub, mühafizəkar qanadda təmsil olunur.

photo1717267431.jpg (51 KB)
Zəhra Elahiyan

Qeyd edək ki, bu günə qədər müraciət edənlərdən Məhəmmədrza Səbbağiyan, Abbas Moqtədai, İslahatçı cəbhəyə aid Demokratik Partiyanın baş katibi Mustafa Kavakebiyan, Qodrətəli Heşmətiyan və Səid Cəlili, Əli Laricani, Mahmud Əhmədi Biğəş, keçmiş deputat Məhəmməd Xoşçehra, Mərkəzi Bankın keçmiş rəhbəri və prezidentliyə keçmiş namizəd, islahatçı qanaddan olan əslən azərbaycanlı Əbdülnasir Hemmati, Seyid Əhməd Rəsulnejad, Tehranın meri Əlirza Zakani, din xadimi (hələlik yeganı ruhani) Seyyid Məhəmmədreza Mirtacəddini və başqaları var.

Qeyd edək ki, iyunun 3-dən 12-dək DİN və ardınca “Keşikçilər Şurası” namizədləri incələyib uyğun şəxsləri qeydə alacaq. Yalnız bundan sonra seçkilərdə konkret namizədlər və onların şanslarını dəyərləndirmək mümkün olacaq. Lakin indiki halda bu günə qədər müraciət edən şəxslər arasında bir neçə nəfər xüsusi diqqəti cəlb edir. Bu şəxslərin qeydə alınma və seçilmə şansı yüksəkdir.

Bu arada hazırda prezident səlahiyyətlərini icra edən vitse-prezident Məhəmməd Moxber və parlamentin spikeri Məhəmməd Baqir Qalibafın namizədliyini irəli sürməsi ehtimalı hələ də qalır. Mümkündür ki, bu iki şəxs ən son gün namizədliyini irəli sürsünlər.

said--1622043483.jpg (25 KB)
Səid Cəlili

Hazırda iddiaçılar arasında ən çox diqqəti cəlb edən bir neçə nəfər var. Bunların ilki Səid Cəlilidir. Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, nüvə danışıqları qrupunun rəhbəri Səid Cəlili mühafizəkar qanadın nüfuzlu simalarındandır. Rəisi kimi Məşhəd qrupundan hesab olunur. Hazırda Sistemin Məsləhətini Müəyyən edən şuranın üzvüdür. Eyni zamanda uzun müddət Ali Dini liderin aparatında şöbə müdiri işləyib, dini liderə yaxın şəxs hesab olunur. Bu günə qədər seçkilərin favoritlərindən biri hesab olunur. İran-İraq müharibəsində bir ayağını itirən Cəlili “diri şəhid” adlandırılır, mühafizəkar qanadda xüsusi nüfuza malikdir.

Daha əvvəl xarici işlər naziri və parlament spikeri postunu tutmuş Əli Laricani hərbçi keçmişi var, “Sepah” generalıdır. Daha əvvəl dini liderin yaxınında yer alırdı. Qardaşı Sadiq Laricani isə ali məhkəməyə rəhbərlik edirdi. Lakin son illərdə Laricani qardaşlarının ulduzu sönüb. Hətta keçən seçkilərdə ilk mərhələdə namizədliyini “şura” qeydə almaqdan imtina etmişdi. Əgər elita bu dəfə “yaşıl işıq” yandırarsa əsas namizədlərdən biri Əli Laricani olacaq.

Vahid Haqqaniyan deyib ki, şəxsi təşəbbüsü ilə namizədliyini irəli sürüb. Ancaq bu, o qədər də inandırıcı deyil. Son illərdə dini liderin ən yaxınında yer alan və kölgədə qalan bu şəxsin ilk dəfə “üzə” çıxması diqqət cəlb edir.
WhatsApp Image 2024-06-02 at 11.47.41 (2).jpeg (14 KB)
 Haqqaniyan dini liderin oğlu ilə birlikdə

Vahid Haqqaniyan Ali Rəhbərin oğlu Müctəba Xamenei ilə də yaxındır. Yeri gəlmişkən, Haqqaniyanın adı 2019-cu ildən ABŞ-ın sanksiyaları siyahısındadır. Hərbçi keçmişi olan Haqqaniyan 1961-ci il təvəllüdlüdür, İnqilab Keşikçilərinin üzvüdür, uzun müddət “Sarallah” adlı patrul qüvvələrinin Tehranda komandiri olub, rütbəsi generaldır. 1980-ci illərdə “Sepah”ın Qüds qüvvələrində Yaxın Şərq ölkələrində xidmət edib. Tehranda hökumət əleyhinə etirazların yatırılmasına rəhbərlik edib. Haqqaniyanın prezident yarışına qoşulmasından sonra onun şanslarının yüksək olduğu haqda iddialar ortaya çıxsa da, son illərdə nisbətən kölgəyə çəkilməsi onun ali rəhbərliklə məsafəli olması şərhlərinə səbəb olub.

WhatsApp Image 2024-06-02 at 11.47.41.jpeg (7 KB)

Əlirza Zəkani

Daha bir iddialı namizəd Tehranın mühafizəkar meri Əlirza Zəkanidir. Sərt xətt tərəfdarı olan Zəkani seçilmə şansı yüksək olan şəxslər arasında yer alsa da, onun şansı mühafizəkar qanadın dəstəyindən asılı olacaq.

ddddd.jpg (34 KB)
Məsud Pezeşkiyan


İslahat qanadından da bir neçə şəxs iddiasını ortaya qoyub. Bunların arasında İran parlamentinin keçmiş vitse-spikeri Məsud Pezeşkiyan və iqtisadçı, Milli Bankın keçmiş sədri Hemməti də var. Prezident Məhəmməd Xatəmi dövründə səhiyyə naziri postunu tutmuş Pezeşkiyanın namizədliyi qeydə alınacağı təqdirdə ciddi rəqib olacağı mümkündür. Təbii ki, keçmiş lideri Xatəmi onu dəstəkləyərsə. Ötən seçkilərdə ciddi dəstək almış Hemmətinin bu dəfə ciddi nəticə göstərəcəyi gözlənilmir.

Son illərdə İranda mühafizəkar qanadın qəzəbinə gəlmiş və daha çox qalmaqallı hərəkət və açıqlamaları ilə gündəmə gələn eks-prezident Mahmud Əhmədinejada yenidən şans tanınması ehtimalı azdır. Hətta namizədliyi qeydə alınsa belə onun yenidən prezident kürsüsünə qayıtması o qədər də yaxın ehtimalı deyil.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR