Onlayn ictimai-siyasi qəzet
“Məsud Pezeşkianın İranın prezidenti seçilməsi İranın həm daxilində, həm də xaricində müəyyən canlanma yarada bilər. Çünki uzun illər İranda hakimiyyətdə mühafizəkarlar idi. Mühafizəkar siyasətdə də İranın başqa dövlətlərlə münasibətlərini gərginləşdirmişdi”.
Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O xatırladıb ki, Məsud Pezeşkian seçkiöncəsi kampaniya zamanı müxtəlif vədlər verib: “Məsud Pezeşkian azərbaycanlıların dil məsələsi, xarici siyasətdə mühüm dəyişikliklərlə bağlı açıqlamalar verib. Vaxtilə millət vəkili olanda da o, İran hakimiyyətini Azərbaycan və Türkiyə ilə münasibətlərin gərgin olduğuna görə tənqid edirdi. Bundan sonra vədlərin yerinə yetirilməsi mərhələsi başlamalıdır. İran daxilində yaşayan azərbaycanlılar, o cümlədən digər millətlər bunu gözləyəcəklər. Eyni zamanda Türkiyə, Azərbaycan, o cümlədən digər dövlətlər xarici siyasətdə korrektələr görmək istəyəcəklər. Bu vədlərin nə dərəcədə reallaşacağını isə zaman göstərəcək”.
E.Şahinoğlu vurğulayıb ki, İran konstitusiyasına görə, ölkədə əsas söz sahibi Ali dini liderdir: “Əsas suallardan biri budur ki, SEPAH, Ali dini lider və onun ətrafı Pezeşkiana vədlərini yerinə yetirməyə imkan verəcəklərmi? Ermənistanda yeni prezidentin siyasətini Azərbaycan tərəfə yönəltməsi ilə bağlı narahatlıq var. Bizim də gözləntilərimiz var. Azərbaycan İranla münasibətlərdə gərginlik istəmir. Əsas istəyimiz budur ki, İran Azərbaycanın daxili işlərinə qarışmasın. Azərbaycan da İranın və başqa ölkələrin daxili işlərinə qarışmır. Pezeşkianla Azərbaycan Prezidenti arasında isti dialoqun qurulmasına ümid edə bilərik. Hesab edirəm ki, Pezeşkian daxilən Azərbaycan və Türkiyəyə yaxınlaşmaq istəyərdi. Böyük ehtimalla o, Türk Dövlətləri Təşkilatına (TDT) maraq göstərir, amma maneələrlə üzləşə bilər. İstənilən halda Məsud Pezeşkianın seçilməsi Azərbaycanda da gözləntiləri artırıb. Biz İranla tərəfdaşlığa və münasibətlərin daha üst səviyyə qalxmasına ümid edirik”.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə bildirib ki, İran Türk Dövlətləri Təşkilatına üzv ola bilər:
“İranda Türklük amili qalib gəldi. Pezeşkian türk olduğunu və türkçülüyü qabardaraq, kampaniya apardı, uğur qazandı!
Onun rəqibi Səid Cəlili gec ayıldı, "anam türkdür", dedi, amma bu, işləmədi!
Qadağan olunan türklük bazası və ideolojisi bütün dini buxovları qırdı, yardı, önə çıxdı!
İnqilaba bərabər bir hadisədir! Bu seçki ilə artıq İranda ali dini (ideoloji-siyasi) hakimiyyət, ali icra hakimiyyəti və silahlı qüvvələrin ali rəhbərliyi Azərbaycan türklərindən ibarət oldu.
40 milyondan çox türkün yaşadığı İrana Türk Cümhuriyyəti də demək olar...
Artıq Məsud bəyi yaxın zamanlarda Türk Dövlətləri Təşkilatında görərik!
Türk Bloku, Türk Şengeni, Türk NATO-su!
Bölgədə və qitədə güc mərkəzi Türklərə və Türk arealına keçir!”
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ