İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Səudiyyəyə hücuma keçir? - İsrail qarışa bilərmi...

İran Səudiyyə Ərəbistanına hücuma hazırlaşır. Bu haqda ABŞ mətbuatı yazmağa başlayıb. Amerikalı jurnalistlər bildirir ki, Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ da ordunu döyüş hazırlığı vəziyyətinə gətirib. Yaxın Şərq ölkələrinin bəzisinin də eyni addımı qeyd olunur.

Ağ Evin Milli Təhlükəsizlik Şurasından bildirilib ki, İran Səudiyyə Ərəbistanına hücum edərsə, buna səssiz qalmayacaqlar: “Biz tərəddüd etmədən maraqlarımızın və bölgədəki partnyorlarımızın müdafiəsinə qalxacağıq”.

Səudiyyə Ərəbistanı kəşfiyyatı da İranın hücum ehtimalının böyük olduğunu düşünür. Ərəb ölkəsində Tehranın əvvəlcə İraqın Ərbil şəhərinə zərbə endirəcəyini ehtimal edirlər. Məhz burada ABŞ bazası yerləşir.

İran hələ sentyabrın sonlarında İraqın şimalına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum etmişdi. Hətta Ərbilə istiqamət alan dronlardan birini amerikalılar sıradan çıxarmışdı.

Sentyabrda həmçinin İran İslam İnqilabı Keşikçiləri korpusunun komandanı Hüseyn Salami Səudiyyə Ərəbistanını buradakı etiraz aksiyalarını peyk kanallarında fars dilində işıqlandırmamağa çağırmışdı. Bunlardan biri - “İran İnternational” xaricdə yaşayan İran vətəndaşları arasında çox populyardır. Telekanalı Səudiyyə Ərəbistanı maliyyələşdirir və baş ofisi Londonda yerləşir.

“Bu bizim son xəbərdarlığımızdır. Çünki bizim daxili işlərimizə qarışırsınız”, - Salami sərt bəyanat vermişdi.

Sentyabrın 16-da Məsha Əmininin öldürülməsindən sonra İranın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir. Polis nümayişləri amansızlıqla yatırır. İndiyə qədər 300-ə qədər etirazçı öldürülüb. Həbs olunanların sayı 1000-i keçib. Daha bir məktəbli qızın öldürülməsi vəziyyəti xeyli gərginləşdirib. İran etiraz aksiyalarına görə ayrı-ayrı ölkələri daxili işinə qarışmaqda ittiham edir.

Heç şübhəsiz ki, mövcud durum Azərbaycanı da narahat etməyə bilməz. İran hücuma keçərmi? Bu zaman İsrail prosesə qarışa bilərmi? Bu gedişatda bizim ölkəmizi nə gözləyir?

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu - sevinək, yoxsa...

Şəhla Cəlilzadə: “Ölkəmiz üçün hər hansı bir təhlükə hələlik mövcud deyil”

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Azərbaycana real təhlükə görmür: “İran Yaxın Şərqdə öz diktəsinə nail olmaq üçün bütün müsəlman dünyasına qarşı müharibə elan etməkdən, hətta öz maraqları naminə şiə etiqadlı Azərbaycan xalqına qarşı xristian, müsəlman məscidlərində donuz saxlayan erməniləri dəstəkləməkdən belə çəkinmir. İndiyədək Ərəb-İslam dünyasının əsas gücü olan Səudiyyə Ərəbistanı ilə İran arasında toqquşma müxtəlif coğrafiyalarda baş tutmuşdu: İraq, Suriya, Yəmən, Livan, hətta Əfqanıstan və s. Lakin bu iki ölkə bir-birinə qarşı savaş elan etməmişdilər. İranda baş qaldıran daxili ixtişaşlar, ali dini lider Xomeneyiyə ölüm çağırışları və antirejim və hətta separatizm meylli xalqın ayaqlanması bütün bunların qarşısını ala bilməyən İranı xalqın diqqətini ölkə xaricindəki cəbhələrə, uydurulmuş xarici təhdidlərə yönəltməyə məcbur qoyur. İrandakı etirazlar zamanı Şiraz şəhərindəki Şahçıraq ziyarətgahına 26 oktyabrda baş tutan terror hücumundan və İŞİD-in məsuliyyəti öz üzərinə götürməsindən sonra isə İran bu hadisələrdə İsrail, ABŞ kimi qüvvələrlə yanaşı Səudiyyəni də günahlandırır. Bugünlərdə Ali dini lider tərəfindən yayılan bəyanatda xalqın qisas alacağına, terrora qarşı səssiz qalmayacaqlarına vurğu edilir. Bundan sonra isə İranın Qum şəhərindəki məscid üzərində qırmızı bayraq qaldırılır. Qum məscidi üzərindəki qırmızı bayraq İranın müharibə edəcəyinə, Hüseyn qisasçılarının çağırışına işarədir. Bu cür simvolik müharibə elanı ilk dəfə deyil baş tutur: İl 2020. SEPAH-ın "Qüds" komandanı Qasım Süleymani 3 noyabrda ABŞ əməliyyatçıları tərəfindən xüsusi PUA zərbəsi ilə öldürüldükdən sonra Qum məscidi üzərində qırmızı bayraq qaldırıldı, “Şəhid Süleymani əməliyyatı” elan olundu və 8 noyabrda ABŞ-ın İraqdakı aviabazalarına 12 raket zərbəsi endirildi. Eyni gündə hətta Ukraynadan İrana uçan sivil təyyarə də SEPAH tərəfindən vurularaq düşürülmüş, təyyarədəki 176 nəfər sərnişin SEPAH terrorunun qurbanına çevrilmişdi. Qeyri-hərbi obyekti və insanları məhv etdiyinə dair ciddi səhvini hələ də boynuna almayan İran hakimiyyəti bu günədək bu cinayətinə görə beynəlxalq aləmdən üzr istəməyib. İndi isə il 2022, yenə noyabr. Şahçıraq ziyarətgahında terror hadisəsindən sonra Qum məscidi üzərində təkrar qırmızı bayraq qaldırıldı. İran tərəfindən hər hansı əməliyyat hələ elan olunmayıb, amma ABŞ İranın Səudiyyəyə və İraq Kürdüstanına hücumu barədə həyəcan təbili çalır, Səudiyyədə "F-22" qırıcı təyyarələrini və qonşu dövlətlərdəki hərbi bazalarını döyüşə hazır vəziyyətə gətirir. İran və hətta Səudiyyə tərəfindən bu haqda hər hansı rəsmi bəyanat hələ ki verilməyib. İranın daxili vəziyyəti məlumdur. Belə bir vəziyyətdə İranın Yaxın Şərqdə hər hansı müharibəyə başlayacağı real görünmür. Bununla belə, Səudiyyə və İraqdakı amerikan bazalarına müəyyən zərbələrin endiriləcəyi gözlənilir.

Bütün bunlar ümumilikdə Qərb-İran nüvə danışıqlarının dayanmasına və İrana qarşı müharibə variantının nəzərdən keçirilməsinə gətirib çıxara bilər. Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşən "İran İnternational" təşkilatının üzvü, İranda doğulmuş yəhudi əsilli ABŞ vətəndaşı, o həmçinin Tramp administrasiyası dövründə ABŞ Dövlət Departamentinin Anti-semitizmlə mübarizə üzrə xüsusi nümayəndəsi Ellie Cohanim idi, o çıxış edərək ABŞ-ın İrana may ayında müharibə elan edə biləcəyini deyib. Qeyd edim ki, ABŞ İranla nüvə danışıqlarından məhz 2015-ci ildə Tramp dövründə çıxıb, bunun mənası olmadığını bildirib. Odur ki, İranın hər hansı diqqətsiz və sərt addımları 2023-cü ildə məhz İrana qarşı qlobal savaşın elan edilməsi ilə nəticələnə bilər ki, bu da bütövlükdə İranın hazırkı rejim hakimiyyətinin sonu demək olar. Azərbaycana gəlincə, vəziyyət şimal sərhədini hədələmir. Bu baxımdan, ölkəmiz üçün hər hansı bir təhlükə hələ ki mövcud deyil. Amma 2023-də qlobal hücum baş tutarsa, bu, artıq konspirasiya mövzusudur, ehtimallar və ssenarilər çox ola bilər, təbii ki, Azərbaycanı əlaqədar edən nüanslar da burada ayrıca müzakirə oluna bilər".

İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu: “İran qarşısında böyük bir koalisiyanı görəcək”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İranın qarşısında böyük gücləri görə biləcəyinə eyham vurdu: “İranda vəziyyət ağırdır. Mitinqlər və küçə yürüşləri davam edir. Bu vəziyyətdən İranın necə çıxacağı məlum deyil. İslahatlar aparmağa da meylli deyillər. Çünki islahatlar aparılsa, İrandakı rejimin sonunu yaxınlaşdıracaq. Ona görə də vəziyyətdən çıxış yolu kimi xarici qüvvələri hədəf götürə bilərlər. Kiçik bir müharibəyə baş vurulması mümkündür. Misal üçün, son vaxtlar İran İraqın şimalını bombalayır. Bunu kürd radikalları ilə mübarizə adı altında edir. Azərbaycanla münasibətləri də rəsmi Tehran gərginləşdirir, sərhəddə təlimlər keçirir. Ölkəmizi xarici düşmən kimi qələmə verirlər. Eyni zamanda Səudiyyə Ərəbistanını da xarici düşmən kimi hədəf götürə bilərlər. Vaxtilə 8 il çəkən İran-İraq müharibəsində cənub qonşumuzun bütün diqqəti həmin savaşa yönəlmişdi. Bu da İran rejiminə imkan yaradırdı ki, İran cəmiyyətindəki əyrilikləri ört-basdır etsin. Çünki İslam inqilabı baş verəndən bir il sonra bu müharibə baş vermişdi. Bu müharibə də İraq diktatoru Səddam Hüseynin hərəkətləri üzərindən başlamışdı. Savaş daha tez dayana bilərdi. Amma İran bunu uzun illər davam etdirdi. Lakin heç bir nəticə əldə olunmadı və tərəflər öz mövqelərində qaldılar. Bu müharibədə İranın da xeyli itkiləri oldu. Amma diqqəti yayındıra bildilər. Bu baxımdan diqqəti daxildən yayındırmaq üçün müəyyən xarici qüvvələr hədəf götürülə bilər. Çünki adətən bir ölkə müharibə aparanda bütün diqqətlər müharibəyə yönəlir, daxildəki məsələlər arxa plana atılır. Amma hər halda, Səudiyyə Ərəbistanı İraq deyil. Bu ölkə cənub qonşumuz üçün böyük təhlükəyə çevrilə bilər. İranın özündə də etnik ərəblər yaşayır. Səudiyyə hökuməti onları silahlandıra bilər. İsrailin də bu proseslərə qoşulması mümkün görünür. Bu da İranda mərkəzdənqaçma meyllərini gücləndirər. İran məntiqlə çıxış etsək, Səudiyyə Ərəbistanına raket zərbələri endirməməli, hücum etməməlidir. Çünki Səudiyyəyə qarşı bu təxribat baş verərsə, İran qarşısında böyük bir koalisiyanı görəcək. Tək Səudiyyə Ərəbistanı olmayacaq. Burada İsrail də, ABŞ da, Böyük Britaniya da, digər ərəb ölkələri də olacaq. İranın bu vəziyyətdən necə çıxmasını isə proqnozlaşdırmaq mümkün olmayacaq”.

Zəngəzur dəhlizi ilə bağlı Ermənistana ən son xəbərdarlıq - Rusiya  alternativ göstərir...

Kənan Rövşənoğlu: “İranın Azərbaycana daha çox təzyiq etmək imkanları yoxdur”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu Azərbaycan sarıdan rahatdır. O hesab edir ki, İranın Azərbaycana daha artıq təzyiq etmək imkanları yoxdur: “İranın Səudiyyə Ərəbistanına hücum etməsi ciddi xəbər deyil. Birincisi, hazırda iki ölkə arasında hər hansı ciddi gərginlik yoxdur. Düzdür, İran rəsmiləri son iğtişaşların Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən dəstəklənən qruplar tərəfindən qızışdırıldığını və təxribatların arxasında ər-Riyadın olduğunu bildirirlər. Hətta bugünlərdə İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Vahid Cəlalzadə Səudiyyə Ərəbistanına iğtişaşları qızışdırmağa görə xəbərdarlıq edib. Deyib ki, əgər krallıq bu hərəkətini dayandırmasa, İran cavab addımları atacaq. Amma bu cavab addımının Ərəbistana hərbi müdaxilə şəklində olması real deyil. Birincisi, Ərəbistan geniş əraziyə malik ölkədir, hərbi qüvvələri moderndir. Üstəlik, ABŞ və digər körfəz ölkələrinin dəstəyini alır. Belə bir ölkəyə açıq müdaxilə mümkün deyil. İran Proxy (vasitəçilik) müharibə formasında cavab verə bilər. Bir neçə il əvvəl Yəmən husiləri Ərəbistanın neft terminallarını və hərbi obyektlərini hədəfə almışdı. Oxşar hadisələr yenə də baş verə bilər. Amma bunun hücum formasında olması inandırıcı deyil. Dediyim kimi, İranın hansısa ölkəyə birbaşa hərbi müdaxilə edəcəyini ehtimal etmirəm. Çox az ehtimal sərhəd təhlükəsizliyini əsas gətirərək Şimali İraqa qarşi keçən ay olduğu kimi hərbi əməliyyat təşkil edə bilər. Əgər belə bir şey olarsa, bunun Azərbaycana hər hansı ciddi təsirinin olmasını düşünmürəm. İranın Azərbaycana daha çox təzyiq etmək imkanları yoxdur, üstəlik, bunun ziyanlı olduğunu anlayırlar. Ona görə də inanmıram ki, bizimlə münasibətlərdə daha da irəli gedilsin. Əksinə, düşünürəm ki, müəyyən qədər yumşalma cəhdləri olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR