İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiyada dron zavodları tikəcək - Azərbaycana “proksi” təhlükə

Emin Həsənli: “Dünya çox ağır proseslərlə üz-üzə qalıb”

Səxavət Məmməd: “İran Azərbaycanın yanında İsrail və Türkiyənin olduğunu bildiyi üçün...”

“İran Belarus və Rusiyada dron zavodları tikməyə hazırlaşır. Bu, Moskvaya PUA-lardan ibarət ”ordu" yaratmağa, Tehrana isə ölkəyə valyuta cəlb etməyə kömək etməlidir".

Bu haqda ABŞ-dakı Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Məlumatlara əsasən, iyulun 31-də Belarusun müdafiə naziri Viktor Xrenin Tehranda İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə görüşüb, Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmək üçün Belarusda kamikadze pilotsuz təyyarələr zavodunun yaradılmasını müzakirə edib.

Qeyd edək ki, iranlı mühəndislər əvvəllər Belarusun Qomel şəhərindəki zavodun pilotsuz təyyarələr istehsalı müəssisəsinə çevrilməsi imkanlarını araşdırıblar. İyun ayında isə ABŞ İranın Rusiyaya Yelabuqada (Rusiya) PUA zavodunun tikintisinə kömək etdiyini bildirmişdi.

Belarusda İran pilotsuz təyyarələrinin istehsalı üzrə zavodun tikintisi Rusiyanın Yaxın Şərq vasitəsilə İrandan Rusiyaya PUA-ların daşınmasında üzləşdiyi logistik problemləri yüngülləşdirəcək. Öz növbəsində PUA-nın yığılması İrana iqtisadiyyatına valyuta cəlb etməyə imkan verəcək.

Bu arada Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Rusiya Qərbin tələblərinə rəğmən, İranla hərbi əməkdaşlığı davam etdirəcək. Onun sözlərinə görə, İran və Rusiya arasında əməkdaşlıq tamamilə qanunidir və düşmənlərin istəklərinə qarşı olaraq bu, davam etdiriləcək: “Bizim hərbi əməkdaşlığımızı genişləndirmək hüququmuz var. Həmçinin, iki ölkənin hərbi idarələri bir-biri ilə sıx əlaqədədir”.

Maraqlıdır, 40 ildən çoxdur Qərbin ağır sanksiyaları altında olan molla rejimi, əhalisi yoxsul ölkə hərbi texnologiyalar sahəsində necə irəliləyə bilib? Azərbaycan üçün təhlükə konkret nədən ibarətdir və bizim hərbi hava qüvvələrimiz İran dronlarına qarşı 100 faiz effektlidirmi?

Emin Həsənli: “Həqiqi hərbi xidmətə çağırış prosedurası geniş təhlillərlə  müəyyənləşdirilir”

Hərbi ekspert Emin Həsənli çox təhlükəli proseslərin getdiyini söylədi: “Rusiya ilə İran daim müttəfiqlik ediblər. Son olaraq, Suriya müharibəsində də birlikdə addım atdılar. Eyni zamanda, Ermənistanı uzun müddət dəstəkləyiblər. Onların bütün fəaliyyəti bir yerdədir. Hərbi əməkdaşlıqları da çox dərindir. Bir də Belarus üzərindən bu əməkdaşlığı edirlər. Bilirsiniz ki, Belarus ilə də Rusiya bir ittifaqdadır. Ukrayna müharibəsi göstərdi ki, Rusiyanın elə də böyük hərbi sənaye potensialı yox imiş. 44 günlük Vətən müharibəsində də böyük zərbə aldılar. Ordu olaraq şimal qonşumuz Ukrayna savaşında çox böyük zərbə aldı.

Şimalı Koreyadan silahların istənilməsi əfsanəvi Rusiya sənaye kompleksinə çox ciddi zərbədir. İranın Rusiyada zavodlar tikməsi o sualı yaradırdı ki, bəs Rusiya dünyada Amerikadan sonra ikinci ən çox silah satan ölkə kimi mühəndisləri pilotsuz təyyarələr niyə istehsal edə bilmir? İranın burada siyasi, iqtisadi və hərbi maraqları var. Azərbaycana gəldikdə güclü hava hücumundan müdafiə sistemləri mövcuddur. Bu sistemlər həddindən artıq güclüdür. Bu komplekslər İsrail və Türkiyə kimi ölkələrdən alınıb. Azərbaycan dünyanın ən güclü dövlətləri ilə əməkdaşlıq edir. Hava məkanımız həddindən artıq güclüdür. Proseslər göstərir ki, Qərb-Rusiya, Qərb-İran qarşıdurması daha da güclənəcək. Vəziyyət durmadan gərginləşir. Dünya çox ağır proseslərlə üz-üzə qalıb. Çinin rəhbəri çıxış edib ki, nüvə silahından istifadə olunmasın. Təkcə bu açıqlama vəziyyətin nə qədər qəliz olduğunun göstəricisidir".  

Hərbi ekspert Səxavət Məmməd bəzi müqayisələrlə razı deyil: “İran 40 ildən çoxdur ki, sanksiya altında yaşasa da, əslində elm, hərbi texnologiya baxımından özünü çox inkişaf etdirib. Diqqət etmək lazımdır ki, İran keyfiyyəti yüksək olmasa da, təyyarələr belə istehsal edə bilir. İrana hər nə qədər Azərbaycanda dırnaqarası yanaşılsa da, onun istehsal etdiyi, xüsusilə, ballistik raketləri Qərb ölkələri ciddiyə alır. Bu ölkədə əhalinin həyat səviyyəsinin aşağı olması məntiqlidir. Çünki Tehran əlindəki vəsaitləri hərb sahəsinə yönəldir. Bu təkcə silah istehsalı ilə bağlı deyil. Bilirik ki, Fələstindəki qruplaşmaların silahlandırılması və maliyyə ilə təmin edilməsi İrana bağlıdır. Bundan əlavə İran Suriyada, İraqda maraqlarını təmin etmək üçün hərbi gücündən istifadə edir. Ərəb yarımadasında da İranın fəaliyyəti məlumdur. Bu qədər geniş coğrafiyada maraqlarını təmin etmək istəyən ölkə mütləq şəkildə hərbi texnologiyasını inkişaf etdirməlidir. Hesab edirəm və araşdırmalar da onu göstərir ki, İran bütün bunları daxili potensialı ilə həyata keçirmir. Keçirməsi də mümkün görünmür.

Misal üçün, müasir silahlarda və texnologiyalarda çiplər ən önəmli faktordur. Rusiya kimi ölkə belə çipləri özü istehsal edə bilmir. Kənardan alır. İran da eynilə bu çipləri başqa dövlətlərdən alır. İran uranı zənginləşdirir. Ancaq bu dəfələrlə sübut olunub ki, bunun üçün texnologiya və bir çox vasitələr Rusiya tərəfindən İrana satılıb. Bu baxımdan İran sanksiya altında qalan kimi görünsə də, əslində bir çox sahədə elə sanksiyalara qoşulan ölkələrlə əməkdaşlığı mövcuddur.

İran dronları Türkiyə, İsrail, İngiltərə və ABŞ istehsalı olan dronlardan bir çox parametrinə görə geri qalır. İran dronlarını cəlbedici edən nədir? Ucuz başa gəlməsi. Bir İsrail dronuna verilən pulla 100 İran dronu almaq olar. İran həmişə Azərbaycana qarşı təhlükədir. Silahlar, hava hücumundan müdafiə sistemləri çox bahalı və keyfiyyətli ola bilər. Ancaq kütləvi hücum qarşısında ən keyfiyyətli silahlar belə aciz qala bilir. Məsələn, Fələstindən eyni vaxtda yüzlərlə raket İsrail ərazisinə atılarkən İsrailin hava hücumundan müdafiə sistemləri aciz qalmışdı. İranla Azərbaycanın hərbi gücünü müqayisə etmək doğru olmaz. Qüvvələr nisbəti çox fərqlidir. Ancaq İran Azərbaycanın yanında İsrail və Türkiyənin olduğunu bildiyi üçün siyasi gərginliyi hərbi gərginliklə əvəz edə bilmir. Azərbaycanın arsenalında olan hava hücumundan müdafiə sistemləri, hava hücum vasitələri İranınkından çox keyfiyyətli və effektivdir. Ancaq kütləvilik baxımından müqayisə olunmazdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR