İnsanlara hürriyət, millətlərə istiqlal!

İran “qəzəbini” çıxardı, İsrail o hücumu haqq etmişdimi?

Tehran 1 aprel hücumuna öz çapında cavab verdi, əgər bunu ABŞ-la razılaşdırıblarsa...; İsrailin konsulluğu vurması beynəlxalq qanunlara, BMT-nin prinsiplərinə tüpürmək, siyasi lotuluq idi

Adamın bunca düşmənçiliyə şahidlik edərkən, inanmağı gəlmir ki, 1948-ci ildən 1979-cu ilə - İslam inqilabına qədər İran və İsrail həm iqtisadi, həm də hərbi sahədə müttəfiq olublar. İran 1950-ci il martın 6-da İsrailin müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci müsəlman dövləti kimi tarixə düşüb.

WhatsApp Image 2024-04-14 at 10.55.23.jpeg (346 KB)

İsraillə əlaqələrə görə Azərbaycana düşmən münasibət bəsləyən İran rəsmiləri unudurlarlar ki, zamanında ərəblər neft embarqosu tətbiq edəndə yəhudi dövlətinə neft verən yeganə ölkə olublar. Daha bir ilginc faktı da xatırlayaq: İsrail və İran uzun müddət nüvə başlıqlarının yaradılması üzrə birgə fəaliyyət də göstəriblər.

İki ölkə arasında münasibətlər ötən əsrin 70-ci illərində regionda geosiyasi dəngələrin dəyişməsi fonunda gərginləşib. İslam inqilabı İranın dini liderinin mövqelərini möhkəmləndirməyə başladı, onların bir çoxu açıq şəkildə İsraillə istənilən münasibətə son qoymağa çağırırdılar. Beləliklə, 1979-cu ildə iki ölkə arasında əlaqələr kəsildi. İsrailin Tehrandakı səfirliyi bağlandı, dostların düşməçiliyi başladı...

preview_4dfa8e3b420db2636af0f76724221373.jpg (80 KB)

Qırx ildən artıqdır ki, İran əyətulları İsraili “dövlət kimi tanımadıqlarını” və məhv edəcəklərini vəd edirlər. İran bu regionda İsrailə qarşı düşmən münasibət bəsləyən yeganə ölkə deyil - bu sırada Livan da, Suriya da var, Fələstin də, Yəmən də. Amma o dövlətləri də İsrailə qarşı “müqəddəs savaş”a təhrik edən İrandır. HƏMAS və Hizbullah da həm maddi, həm mənəvi gücünü İrandan alır.

HƏMAS ötən ilin oktyabrın 7-də İsrailə qarşı 1400 insanın ölümünə səbəb olan hücuma görə İrandan “təbrik” aldı. İran rəsmiləri dinc insanlara qarşı törədilən terraktı “yəhudi dövlətinin təhlükəsizlik hissini sarsıdan böyük nailiyyət” kimi qiymətləndirdi.

01oWZda-_Tc.jpg (64 KB)

İsrailin qüruruna toxunan (qadınlara qarşı HƏMAS silahlılarının etdiyi hərəkətlər, girovlar və s.) teraktın hazırlanmasında, şübhəsiz ki, İranın da birbaşa iştirakı vardı. 7 oktyabr teraktına cavab olaraq İsrailin Qəzza zolağında hələ də davam edən hərbi əməliyyatları, günahsız fələstinlilərin, körpələrin öldürülməsi isə illərdir ağ-qara damalı fələstinli şərfi ilə gəzən dini lider Əli Xamneiyə, həm də İrana gözdağıdır...

İran hər mənada “dərin dövlətdir” və emosiyaları ilə hərəkət etmir. Fələstində 5 aydır baş verənlər də göstərirdi ki, İran özünün birbaşa iştirak etdiyi genişmiqyaslı müharibə istəmir. Xüsusilə də əgər bu müharibənin birbaşa ölkəsinin ərazisinə keçmək riski varsa. (İran Ukrayna deyil ki, onu hansısa oyuna gətirib, savaşa sürükləyəsən). Livan, Yəmən, İraq və Suriyadakı nüfuz mərkəzləri ilə İsrailə təzyiqlər daha uyğun davarış idi. Amma İsrail aprelin 1-də Suriyadakı İran konsulluğuna raket zərbəsi vurmaqla “arı yuvasına çomaq soxdu”, Tehranı fakt qarşısında qoydu. Belə həssas mövzuda loru dil işləmir, amma İsrail İrana demək istədi ki, “cəzarətin varsa, özün gəl üzərimə...”

WhatsApp Image 2024-04-14 at 10.58.37.jpeg (157 KB)

İsrailin 1 aprel davranışı, əlbəttə ki, hər şeydən öncə beynəlxalq konvensiyalara meydan oxumaq idi. Necə ki, Azərbaycanın Tehrandakı səfirliyinə də hücum, eyni özbaşınalıq, beynəlxalq prinsiplərə zidd terror hadisəsidir. Tutaq ki, hansısa dövlətin diplomatik korpusunda sənin düşmən hesab etdiyin generallar var. Qasim Süleymani yolda öldürülmüşdü, konvoyuna zərbə vurulmuşdu. Bu isə fərqli hadisə idi. Kim olsa belə, onu oturduğu diplomatik (yəni toxunulmaz) binada raketlə vurub öldürə bilməzsən. İsrailin bizə din qardaşlarımız İrandan daha yaxşı və səmimi münasibəti var. Bunu unutmarıq. Amma İsrailin etdiyi də beynəlxalq qanunlara, BMT-nin prinsiplərinə tüpürmək, siyasi lotuluq idi. İranın yerinə hansı dövlət olsaydı, o da qüruruna yedirməzdi. Yoxsa ölkəsinin milyonlarla əhalisi özü tüpürər cəmdəyinə ki, “necə dövlətsən, dünyanın gözü qarşısında baş verən bu olaya özün cavab vermədin...” Aydındır ki, İran İsrail və onun çox güclü müttəfiqləri ilə baş-başa gəlməyin riskini anlayır. 

Görünür, İsrailin bu hərəkətinin “parı”nı (istiliyini, qəzəbini) çıxarmaq üçün İrana cavab haqqı tanıdılar, amma “Bir cənub şəhəri” filmindəki kimi Tofiqi öldürməyə yox, bıçağı göstərməyə razılıq verdilər.

992x496.jpg (139 KB)

İran dronlarının uzun yol qət etməsi, füzələrinin İsrail ərazisinə düşməməsi haqda anekdot qoşmaq da olar, gülmək də. Mövzu isə ciddidir. İsrail nəyi bilməsə də, silah və silahlanma işinin ası, ustasıdır. Fəqət o da gərək xüsusilə Fələstin xalqına bu cür sərt münasibət göstərməkdən əl çəkə. HƏMAS və Hizbullah kimin üçünsə müstəqillik mübarizəsi təşkilatıdır, amma fakt terror edirlər, İranın tətikçiləridirlər. Bu iki tətikçi təşkilata görə bütün fələsinlilərə divan tutmaq olmaz. Sən İranı, Livanı heçə saya bilərsən, lakin müsəlman Türkiyəni bu məsələdə qarşına ala, onun reaksiyalarını qulaqardına vura bilməzsən. Bəli, Ərdoğanın İsrailə təpkilərə mənim fikrimcə, çox sərtdir, amma bu sərtlik səbəbsiz də deyil axı...

İran konsulluğuna hücuma öz çapında cavab verdi. Əgər bununla qane oldularsa, lap iddia olunduğu kimi, “dünya gücləri, ABŞ-la oturub razılaşdırıbsa”, lap yaxşı. Qoy belə olsun. Müharibənin genişlənmə riski heç kimə xeyir gətirməz. Azərbaycanı gözləyə biləcək təhlükə ilə bağlı ötən yazımda qeyd etmişdim. Dövlətimiz xüsusilə İranla sərhəddə görüləcək bu qədər quruculuq işi varkən, ayaq altında qalar...

Nazim SABİROĞLU,
Musavat. com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR