İnsanlara hürriyət, millətlərə istiqlal!

İran parlamenti bu gün sərhəd gərginliyini müzakirə edəcək

Ekspertlərdən “fövqəladə iclasdan nə gözləyək” sualına cavab

Sentyabrın 21-də İran parlamenti (İslam Şurası Məclisi) Azərbaycan və Ermənistan arasındakı vəziyyətlə əlaqədar növbədənkənar fövqəladə iclas keçirəcək. Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vəhid Calalzadə deyib. V.Calalzadənin sözlərinə görə, İran parlamenti Azərbaycan-Ermənistan arasındakı vəziyyətdən ciddi narahatdır: “Biz ölkənin yüksək vəzifəli rəsmiləri ilə bu məsələni müzakirə etmişik. İranın Xarici İşlər Nazirliyi və Ali Milli Təhlükəsizlik Şurasına müraciət edilib ki, bu məsələyə ciddi yanaşsınlar”, - deyə o qeyd edib. Qeyd edək ki, sərhəd təxribatından sonra Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidentinə də zəng edib. Azərbaycan xarici işlər naziri isə iranlı həmkarı ilə danışıb. İran prezidenti və Azərbaycan dövlət başçısı Səmərqənddə ŞƏT-in tədbirində iştirak etsələr də, onlar arasında görüş keçirilməyib.

İran prezidenti İbrahim Rəisi Rusiya lideri Vladimir Putinlə görüşündə isə deyib ki, Cənubi Qafqaz regionunda istənilən geopolitik dəyişiklik sabitliyi pozan və qəbuledilməz hərəkətdir. Maraqlıdır ki, Rəisi NATO-nun “ekspansist” siyasəti haqda danışarkən qəflətən Cənubi Qafqazdakı son hadisələrə toxunaraq bu ifadələri işlədib. Daha sonra sammitdə çıxışı zamanı Rəisi sözügedən məsələlərə toxunub: “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması İran İslam Respublikası üçün çox vacibdir. Biz hər zaman ərazi bütövlüyünə, milli suverenliyinə hörmətlə yanaşmağı, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tanınmış sərhədlərdə istənilən dəyişikliyi rədd etdiyimizi vurğulamışıq. Tərəflər fikir ayrılıqlarını dialoq yolu ilə və beynəlxalq hüquq əsasında sülh yolu ilə həll etməlidirlər. İran İslam Respublikası öz milli maraqlarını və təhlükəsizliyini və regionu qoruduğu üçün bu iki qonşu ölkə arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazır olduğunu da bəyan edir”.

Xatırladaq ki, sərhəd gərginliyindən dərhal sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistanla sərhədə 40 minə yaxın hərbçi topladığı barədə xəbər yayılıb. İranın dövlət rəsmiləri Ermənistanla sərhədini özlərinin qırmızı xətti hesab edirlər. Onlar bildirirlər ki, Rəsmi Tehran bölgədə sərhəd dəyişikliyinə qarşı heç bir halda səssiz qalan deyil.

Maraqlıdır, İran niyə Cənubi Qafqazda geopolitik dəyişikliklərdən bu qədər narahatdır? Tehran Qafqazda necə sülh istəyir? Parlamentdəki fövqəladə iclasdan nə gözləyək?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm) - YouTube

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, İranın Ermənistanı dəstəklədiyi və bu dəstəyi bu gün də davam etdirməsi hər bir Azərbaycan vətəndaşını üzür və ciddi suallar yaradır: “İran son 30 il müddətində davamlı olaraq Ermənistanın Azərbaycana qarşı siyasətini dəstəkləyib, işğalçının ayaq üstə qalması üçün nəfəslik rolunu oynayıb. İran prezidenti bəyan etdi ki, Cənubi Qafqazdakı  hansısa geopolitik dəyişikliklərə qarşıdırlar. Yəni İranın ənənəvi siyasəti davam etməkdədir. Parlamentin fövqəladə iclasının çağırılması da bununla əlaqədardır. İran hər vəchlə Azərbaycan əleyhinə olan bütün proseslərdə yer alır. İndi də açıq şəkildə Ermənistanı müdafiə etməklə kifayətlənmir, hətta hədə, təhdid xarakterli bəyanatlar səsləndirir. Parlamentin fövqəladə iclası da yəqin ki, bu xarakterli bəyanatlarla zəngin olacaq. İranda bir panfarsist, paniranizm şovinizmi vüsət alıb və İran hakimiyyəti keçmiş Sasani dövrünün xəyalları ilə yaşayır. Amma bu xəyallar utopiyadır və həyata keçməsi mümkün deyil. Öz müsəlman qonşusuna, özlərinin dediyi kimi din qardaşlarına haqsız münasibəti İrana fayda gətirməyəcək, öz zərərinə işləyəcək. İran səhv siyasət yürütdüyünü anlayacaq”.

Azərbaycan artıq Ermənistana ciddi təzyiqlər etməlidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı geosiyasi reallıqları İran teokratik rejimi qəbul etmək istəmir: “Görünür, Azərbaycanın ərazilərinin işğalda qalması İranın geosiyasi maraqlarına cavab verirmiş. Müharibədən dərhal sonra Azərbaycan sülhün əldə olunması və iqtisadi platforma yaratmaq üçün təşəbbüs irəli sürüb və bu istiqamətdə ciddi işlər görülür. Amma cənub qonşumuz buna qarşı destruktiv mövqe ortaya qoyur. Xüsusilə Ermənistanın da imza atdığı sənədi qəbul etmək istəmir. Zəngəzur dəhlizinin açılmasına qarşı təxribatçı açıqlamalar verir. Qeyd edim ki, İran Ermənistan üzərindən Zəngəzur vasitəsilə silah və narkotik qaçaqmalçılığı ilə məşğul olur və bu üzdən dəhlizin açılmasına qarşıdır. Baxmayaraq ki, Azərbaycan dəfələrlə bu dəhlizdən İranın istifadə etməsini vurğulayır. Tehranın bütün cəhdlərinə baxmayaraq dəhliz açılacaq və regionda sülhə xidmət edən prosesləri dayandıra bilməyəcək. Ümumiyyətlə, buna heç bir gücü çatmaz. Cənubi Qafqazda artıq yeni geoiqtisadi və nəqliyyat sistemi yaranır. Bu, geosiyasi layihədir və  böyük güclər bu layihəyə dəstək verir. Hətta Rusiya da bunda maraqlıdır. Əgər Rusiya və Türkiyə buna dəstək verirsə, həmçinin Çin dəstəkləyirsə, İranın edəcək bir şeyi qalmayıb. İran parlamentinin Ermənistan və Azərbaycan döyüşlərinə həsr olunan iclasında gəldikdə, istəyir lap 10 dəfə iclas keçirsinlər. Nə bu iclaslar, nə də İran qoşunlarının Zəngəzurla sərhəddə gətirilməsi proseslərə əngəl olmaq gücündə deyil. İran Türkiyənin regionda artan gücünü qəbul etmək istəmir. Qeyd edim ki, İran "Şimal Cənub" Nəqliyyat Dəhlizindən istifadə edəcək. Bununla bağlı Bakı bəyannaməsinə imza atıb. İranın narahatlığı Türkiyə-Azərbaycan tandeminin Cənubi Qafqazda yeni konfiqurasiya yaratmasıdır. Rusiya da artıq bu geosiyasi dəyişiklikləri qəbul edib. Tehranın mövqeyi yanlışdır və sonda özünə zərbəsi dəyəcək”.

Pandemiya sonrasında korrupsioner məmurlara qarşı mübarizənin növbəti  dalğası gözlənilir”-TURAL İSMAYILOV – EtikXəbər

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bildirdi ki, İran Azərbaycanla Ermənistan arasında nəinki sülh sazişinin imzalanmasından, hətta münasibətlərin nisbətən düzəlməsindən belə, narahatdır. Həmçinin İran Türkiyə-Ermənistan münasibətlərinin qurulmasını da istəmir. Bu narahatlığını İran müxtəlif siyasətçilərinin, diplomatlarının, deputatlarının dili ilə açıq ortaya qoyur: “İranın Zəngəzur dəhlizi ilə bağlı bu qədər narahatlığı regionda Türkiyənin və Azərbaycanın mövqelərinin gələcəkdə daha da güclənməsi perspektivindən də qaynaqlanır. İran proseslərə siyasi, iqtisadi prizmadan deyil, tarixi şovinist ideoloji baxımdan yanaşır. İran parlamentində planlaşdırılan müzakirələr bu narahatlıqlardan irəli gəlir. Bu müzakirələrdə məqsəd heç də sülhə dəstək vermək deyil. Çünki faktiki olaraq İran Ermənistanı qızışdırmaqla məşğuldur. Ermənistanı sülhə dəvət etmək əvəzinə qızışdırmaq regionda sülhə qarşı olmaqdır. Keçirilməsi planlaşdırılan parlamentin fövqəladə iclası da sülhə xidmət etməyəcək. Sülhə xidmət etməyən bəyanatlar veriləcək, Ermənistanla ortaqlıq mövqeləri ifadə olunacaq. Dünyada siyasi çəkiyə malik olmayan bir parlamentin keçirdiyi hansısa iclasın və verəcəyi hansısa qərarların bizim üçün də bir siyasi əhəmiyyəti ola bilməz”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR