İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran nə qədər tez düz yola qayıtsa, bir o qədər yaxşıdır” - Qüdrət Həsənquliyev

Deputat Qüdrət Həsənquliyev parlamentdəki çıxışında əvvəlcə ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı təbriklərlə başlayıb.

Musavat.com xəbər verir ki, o bildirib:

“Öncə istərdim ki, xalqımızı, cənab Prezidenti, Birinci vitse-prezidenti, hörmətli sədr, sizi və Yeni Azərbaycan Partiyasından olan həmkarlarımı xüsusilə təbrik edim. Biz həqiqətən də 1991-ci ilin sərhədlərində ərazi bütövlüyümüzü bərpa etmişik”.

Qüdrət Həsənquliyev deyib ki, bu, çox böyük tarixi nailiyyətdir:

“Özümə borc bildim ki, hakim partiyanı bu münasibətlə təbrik edim. Ona görə ki, hər bir siyasi partiya, ölkəni yönəldən siyasi qüvvə üçün bu, doğrudan da böyük bir şərəfdir”.

Millət vəkili xatırladıb ki, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Qarabağ hərəkatı yarananda qarşısına iki əsas məqsəd qoymuşdu:

“Birincisi, ölkənin ərazi bütövlüyünü təmin etmək, ikincisi isə müstəqilliyə nail olmaq. Biz müstəqilliyə nail olsaq da, Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyini bərpa edə bilmədik. Bu missiyanı Yeni Azərbaycan Partiyası yerinə yetirdi. Ona görə əlbəttə, Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Daha sonra deputat sədrə xitabən bildirib:

“Onu da qeyd etməyi özümə borc bilirəm ki, biz bu parlament tribunasından növbəti dəfə Ermənistana müraciət etməliyik ki, onlar Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoymalıdırlar. Naxçıvana gediş-gəlişi təmin etməlidirlər. Bu ölkənin gələcəyi Azərbaycanla, qardaş Türkiyə ilə dostluqdan, kommunikasiya xətlərinin açılmasından keçir. Bölgənin gələcək inkişafı və Ermənistanın bir dövlət kimi mövcudluğu, əmin-amanlıq içərisində yaşaması qonşuları ilə normal münasibətlər qurmasından keçir. Ermənistan xalqı, Ermənistan siyasi rəhbərliyi bunu nə qədər tez başa düşsə, bu, bölgənin inkişafına bir o qədər böyük təkan vermiş olacaq”.

Qüdrət Həsənquliyev cənub qonşumuzla bağlı da fikirlərini açıqlayıb:

“Mən eyni zamanda düşünürəm ki, bu gün buradan həm də qonşu, müəyyən mənada da bizim elə az qala əhalisinin yarısı Azərbaycan türkləri olduğu üçün türk dövləti saydığımız İran İslam Respublikası da Azərbaycana münasibətdə öz siyasətini dəyişməlidir. Onların rəsmiləri, səfirləri Azərbaycan xalqını qıcıqlandıran, münasibətlərimizə zərər verən açıqlamalardan çəkinməlidirlər. Necə ki, Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da Azərbaycana münasibətdə yürütdüyü bu bəzi hallarda təzyiq, bəzən gözdənsalma, daxilimizdəki ayrı-ayrı qruplardan istifadə etmək məqsədi ilə müəyyən təxribatlar törətmək cəhdləri də heç bir nəticə verməyəcək. Ona görə İran da nə qədər tez düz yola qayıtsa, bir o qədər yaxşıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR