İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Azərbaycanda casusları necə ələ alıb? - FAKTLAR

Vaxtilə, (1992-93-cü illərdə) Azərbaycanın İrandakı səfirliyinin əməkdaşı olan, hazırda “Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri kimi fəaliyyət göstərən, politoloq Sədrəddin Soltan Konkret.az-a eksklüziv müsahibə verib.

Musavat.com həmin müsahibəni təqdim edirik:


– Sədrəddin bəy, İran terroru necə maliyyələşdirir və casusları necə ələ alır?

– Bu sual sırf mütəxəssisin cavablandıracağı, dəyərləndirəcəyi məsələdir. Mən isə öz ehtimallarımı söyləyə bilərəm. Bütün bu tip cinayətlərin maliyyələşdirilməsi və törədilməsi üçün ilk növbədə şəbəkənin yaranmasına ehtiyac var. İran hakimiyyəti 30 ildən çoxdur ki, Azərbaycanda şəbəkə yaradıb və bu şəbəkəni əvvəllər nəğd pul vasitəsiylə maliyyələşdirirdisə, sonrakı dönəmlərdə həmin o şəbəkəyə nələrsə satdırmaqla maliyyə xərclərini ödəyirdi. Yəni şəbəkəyə İrandan mal gəlir, onlar bu malı burada reallaşdırırlar və sonra Azərbaycan və ya başqa bir ölkə ərazisində xərclərinə sərf edirlər. Burada əsas məsələlərdən biri yerli əhalini ələ keçirməkdir. Bu da klassik metoddur. Yerli əhalini ələ keçirib, özününküləşdirəndən sonra hadisələri və şəbəkənin fəaliyyətini onun üzərindən qurursan və sonra yerli əhalini müxtəlif şirnikləşdirici vasitələrlə özünə cəlb edirsən. İlk növbədə bu, maliyyə məsələsidir. İran hakimiyyəti bu maliyyə vəsaiti ilə bu şəbəkəni qurmağa 1990-cı illərdən başlayıb. Azərbaycan ərazisində İmam Xomeyni adına “İmdad” xeyriyyə cəmiyyəti adında Qeyri-Hökumət Təşkilatı fəaliyyət göstərirdi və o təşkilat ölkə üzrə insanlara yardım etmək məqsədi altında müxtəlif aksiyalar keçirir və onların arasından özünə uyğun olan insanları seçirdi. Hər halda bu, ehtimal olunurdu. Çünki sonrakı mərhələdə bu cəmiyyətin fəaliyyəti dayandırıldı. Hətta, iş o yerə çatmışdı ki, İmişli və Saatlı rayonlarındakı qaçqın düşərgələrinə İran kənar adamların girməsinə mane olurdu. Elə İranın qaçqın düşərgələrini belə izolyasiya etməsinə görə də problemlər yarandı və bu cəmiyyəti ölkədən çıxardılar. Sonrakı mərhələlərdə cəmiyyətin rəhbərliyi gəl-get etsə də, nəticə olmadı.

– Bu şəbəkənin başında kimlər dayanır?

– İranın Bakıda təkcə səfirliyi yox, Mədəniyyət mərkəzi də fəaliyyət göstərir. Eləcə də İranın Ali dini rəhbəri Xameneinin xüsusi nümayəndəsi Azərbaycanda fəaliyyət göstərirdi. Deməli, İran Azərbaycanda açıq şəkildə 3 istiqamətdə öz şəbəkəsini qura bilər.

1) Səfirliyinin xətti ilə. Konsulluq da ora daxildir.

2) Mədəniyyət mərkəzinin xətti ilə.

3) Xameneyinin Bakı ofisinin xətti ilə.

Hətta bura İran Aypara cəmiyyətinin Bakıdakı ofisini də əlavə etmək olar. Yəni bu görünən tərəfdir. Ehtimal var ki, müxtəlif ticarət mərkəzləri vasitəsiylə, müxtəlif dini kitablar satılan şəbəkələr vasitəsiylə də bu tip şəbəkələr qurula bilər. Şübhəsiz bu şəbəkənin başında kimin dayandığını demək çətindir. Daha doğrusu, bunu kiminsə bilməsi çətin məsələdir. Amma bütün bunlara rəhbərliyi fəaliyyət göstərdiyi ölkələrdəki səfirliklər, mədəniyyət mərkəzləri və.s başçılıq edir. Onlar isə ölkədə İran İnqilabı Keşikçiləri Qvardiyasının təhlükəsizlik xidməti ilə iş görürlər, İran ETTELAAT-ının xətti ilə iş görürlər, İran daxili işlər nazirinin xətti ilə iş görürlər, hətta, Seyid Əli Xameneinin birbaşa tabeliyində olan ofisin xətti ilə iş görürlər və bunların hamsının başında onların rəhbərləri dayanır. Yəni bütün bunların hamsına Seyid Əli Xamenei rəhbərlik edir.

– Dini təhsili və İrana göndərilən dini vergiləri necə qadağan etmək olar?

– Din çox həssas məsələdir. İran hakimiyyəti də Azərbaycanda bu həssas məsələdən çox namərdcəsinə istifadə edib. İran hakimiyyəti Azərbaycanda insanların dinə meylli olmasında istifadə edib onları Qumda, Qəzvində, hətta Dəməşqdə oxumaq adı altında aparır və özünün siyasi ideoloji təhsilini təlqin edir, onları özününküləşdirir. Bunun qarşısını almaq üçün ilk növbədə Azərbaycanın özünün dini mərkəzi fəaliyyət göstərməlidir. Dini vergilərin, yəni, Xumsun İrana göndərilməsinin qarşısını almaq üçün də həmin o mərkəzlər fəaliyyət göstərməlidir. Əslində, adi Azərbaycan vətəndaşı İrana xums göndərmir, xumsun iri ticarət mərkəzlərindən getdiyi ehtimal olunur. Çünki bu ticarət mərkəzləri həm də İranın maliyyələşdirdiyi, məhsul göndərdiyi mərkəzlərdir. Hesab edirəm ki, bu ticarət mərkəzlərinə diqqət yetirmək lazımdır ki, bu məsələ aradan qalxsın. Üstəlik, məscidlərdə də maarifləndirmə işləri aparılmalıdır. İlk növbədə, hər kəsin bu məsələni bilməsi vacibdir: Xums öz ölkənə qalır, əgər artıq qalırsa, onu başqalarına göndərmək mümkündür. Azərbaycanda da bu dini vergilərin verilməsi üçün kifayət qədər insanlar var. Həm yoxsul insanlar var, həm də zəkatın verilməsi üçün alimlər var. Bu istiqamətdə məsələni tənzimləmək mümkündür. Bununla bağlı Azərbaycanın dini qurumlar idarəsi, dini Qeyri Hökumət Təşkilatları, məscidlər birgə konsepsiya hazırlasa daha məqsədəuyğun olar.

– İranın burada casus şəbəkəsi çoxdursa, qarşısını necə almaq olar?

– Dünyanın hər yerində casuslar fəaliyyət göstərir. Hətta, bir-biriylə qardaş olan ölkələrdə belə, bu cür şəbəkələr fəaliyyət göstərir. Sadəcə olaraq məqsəd məsələsi var. Məsələn, qardaş ölkələrdə fəaliyyət göstərən şəbəkələr o ölkə üçün yarana biləcək təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərir və həmin ölkədən özünə gələcək təhlükəni qarşılamaq üçün fəaliyyət göstərir. Amma İranın Azərbaycandakı şəbəkəsi xain fəaliyyətdir. Burada 5-ci kolon yaratmaq, habelə İran İnqilabının rəhbəri Xomeyninin İslam doktrinasını Azərbaycanda yaradıb, ölkədə İrandan sonra ikinci müsəlman dövləti yaratmaq cəhdidir. Bu isə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətdir. Bunun qarşısını almaq da yerli dini mərkəzlərinin yaranmasından keçir. Azərbaycanda kifayət qədər din xadimləri var. Bu din xadimləri cəmiyyətə tanıtdırılsa, onların verdikləri fətvaların Azərbaycan cəmiyyətinə qəbul olunması üçün şərait yaradılmalıdır. Onların nüfuzu artırılmalıdır. Məsələn, həmin dindar kəsim də İrandakı ayətullahlar kimi dini fiqh oxuyublar, dini təhsil alıblar, onlar Azərbaycan cəmiyyıtinə dinlə bağlı verə biləcəkləri hər məsələni bilirlər. Onların fəaliyyətinə şərait yaratmaq lazımdır. Yəni ilk növbədə Azərbaycan cəmiyyəti özününkünə üstünlük verməlidir. Bu, təbliğ olunmalıdır. İkinci bir tərəfdən məscidlərin fəaliyyətinə üstünlük vermək lazımdır. Məktəblərdə bu tip məsələlərin təbliğinə diqqət yetirmək lazımdır. Hadisələr göstərir ki, məktəblərdə belə, İranyönlü dini təbliğat aparılır.

– Sizcə, İranla bütün əlaqələr kəsilməlidirmi?

– Hələki İran-Azərbaycan əlaqələrinin kəsilməsinin zamanı deyil. Çünki vəziyyət o dərəcədə kritik həddə çatmayıb. Hesab edirəm ki, diplomatik danışıqlar aparmaqla problemləri həll etmək mümkündür. Ona görə də Azərbaycan tərəfi diplomatik münasibətlərin səviyyəsini aşağı endirib konsulluq səviyyəsində münasibətlərə davam etməkdədir.

– Hələ də Azərbaycanda İrandakı müştehidlərə bağlı olan, casusluq edən adamlar var. Onları da zərərsizləşdirmək üçün silsilə əməliyyatlar keçirilməlidir?

– Azərbaycanda İrandakı həmin müştehidlərlə əlaqəsi olan din xadimləri var. Onlar özlərini hər iki tərəfin nümayəndəsi kimi təqdim etməyə çalışırlar. Fikrimcə, bu cür İranyönlü adamları boykot etməklə onları zərərsizləşdirmək daha asandır. Çünki 30 ilə yaxındır ki, İran quruculuq, dostluq fəaliyyəti ilə ölkədə kök salıb. Bu şəbəkə xərçəng xəstəliyini xatırladır. Xərçəng xəstəliyinin mənbəsi qurudulmayana qədər kök salmaqda davam edəcək. Bununsa ilk növbədə müalicəsi maarifləndirmədən və dövlətçilik şüurunun yüksəlməsindən asılı olacaq. Azərbaycanda vətəndaş nə qədər ki, öz dövlətinin təhlükəsizliyinə, milli maraqlarına laqeyd yanaşacaq, bu tip din xadimləri də tez-tez peyda olacaq. Cəlil Məmmədquluzadə deyirdi ki, İranda məclisdən qovulan mollalar, təəssüf ki, Azərbaycanda məclisin başında otururdular. Təəssüf ki, indi də belədir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR