Onlayn ictimai-siyasi qəzet
Prezidentin Pezeşkiana zənginin anlamı - səfirliyimiz bərpa olunarsa..; politoloq: “Bu, iki qonşu dövlət arasında münasibətlərin normallaşmasına xidmət edəcək çox mühüm ilkin şərtlərin formalaşmasına zəmin yaradır”
Azərbaycan-İran münasibətlərində yeni mərhələ başlayır. Əslində münasibətlərdə dönüş Prezident İlham Əliyev İranın mərhum prezidenti Əli Rəisi ilə may ayında sərhəddə keçirdiyi görüşdə yaranmışdı. Təəssüf ki, bu görüşdən sonra Əli Rəisi aviaqəzada həlak oldu və proses bir qədər yubandı.
İranda yeni prezident seçkilərindən dərhal sonra İran və Azərbaycan arasında əldə olunmuş razılaşmalar, əsası qoyulan siyasət davam edir.
Bunun daha bir nümunəsi Azərbaycanın İrandakı səfirliyinin tezliklə yenidən fəaliyyətə başlayacağı barədə açıqlamadır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu İran mediasına açıqlamasında bildirib.
Diplomat Azərbaycanın İrandakı səfirliyinin yaxın günlərdə - 15-20 gün ərzində yenidən açılacağını və Azərbaycan səfirinin Tehrana dönəcəyini qeyd edib.
İyulun 9-da həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Dövlət başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.
Dəvəti məmnunluqla qəbul edən İran prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.
Dövlət başçısı bu dəvəti məmnunluqla qəbul edib.
İran-Azərbaycan münasibətləri arzuolunan səviyyəyə çatacaqmı? Bunun üçün əsas şərt nədir?
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, İranda keçirilən prezident seçkisində qalib gələn Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin dəvətini qəbul etməsi və Azərbaycan Prezidentini də İrana dəvət etməsi çox müsbət haldır. Bu, iki qonşu dövlət arasında münasibətlərin normallaşmasına xidmət edəcək çox mühüm ilkin şərtlərin formalaşmasına zəmin yaradır. Amma eyni zamanda bu həm də mərhum Prezident İbrahim Rəisinin fəaliyyətinin son dövrlərində Azərbaycanla münasibətlərin normallaşmasına xidmət eləyən səylərinin, Azərbaycanla birgə imzalanmış razılaşmaların şərtlərinə əməl ediləcəyinə inam, ümid formalaşdırır: “Azərbaycanın İranla münasibətlərin formalaşmasında demək olar ki, xüsusi ilkin şərtləri mövcud deyil. Azərbaycan İrandan hər zaman mehriban qonşuluq, tarixi, mədəni, dini əlaqələrimizə söykənən səmimi münasibətlər gözləyib. Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasətinə, soyqırıma, ədalətsizliyə İran tərəfindən ədalətli yanaşma, beynəlxalq hüququn prinsiplərinə uyğun davranış gözləyib. Bundan irəli gələn müəyyən detallarda İranın Azərbaycana qarşı əsassız iddialarına biz sərt cavablarımızı səsləndirmişik və bu təzyiqlərin, təhdidlərin yolverilməz olduğunu bəyan etmişik. Xüsusilə 2023-cü ilin yanvarında Tehrandakı səfirliyimizə qarşı terror aktının iştirakçılarının və sifarişçilərinin tapılıb cəzalandırılması, buna görə İran dövlətinin atmalı olduğu addımlarla bağlı mövqeyimizi bildirmişik. Səfirliyin fəaliyyətinin davam edəcəyi yalnız o şərtlə mümkündür ki, İran daha ciddi təhlükəsizlik tədbirləri həyata keçirməlidir. Biz İrandan bunu gözləyirik. Eyni zamanda bu ilin may ayında sərhəddə Azərbaycan Prezidenti və İranın mərhum prezidenti İbrahim Rəisinin imzaladığı Azərbaycan-İran münasibətlərini irəli apara biləcək çox mühüm razılaşmaların şərtlərinə əməl ediləcəyi ilə bağlı gözləntilərimiz var. Eyni zamanda İran Xarici İşlər Nazirliyi, İran parlamenti və SEPAH-ın ayrı-ayrı yüksək vəzifəli şəxslərinin Azərbaycana qarşı təhdid ritorikalarından imtina olunması və bir daha münasibətlərə xələl gətirəcək belə ritorik davranışlar nümayiş etdirilməməsini istəyirik”.
Politoloq hesab edir ki, bunlar əməl edilməməsi mümkün olmayan və xüsusi tələblər, şərtlər deyil. Bu, normal qonşuluq münasibətlərinə hazır olan dövlətin etməli olduğu üzərinə düşən məsuliyyətlərdir: “Ona görə də düşünürəm ki, bu məsələlər əslində Azərbaycanın tələbi ilə həyata keçirilməməlidir, İran özü bunları etməlidir. Azərbaycanın xüsusi şərtləri mövcud deyil. Azərbaycan hər zaman qonşuları ilə münasibətdə məhz beynəlxalq hüquqa əməl olunması məsələsini özü üçün əsas götürüb. Bizim heç bir qonşuya qarşı ərazi iddiamız mövcud deyil, biz heç bir qonşunun daxili işlərinə qarışmırıq. Eyni zamanda qonşularımızı da bizə qarşı haqsız tələblərdən, daxili işlərimizə müdaxilə hesab olunan addımlardan çəkinməyə çağırırıq. Eyni zamanda qonşu dövlətlər daxilində Azərbaycanın təhlükəsizliyi üçün təhdidlər formalaşdıracaq hansısa cinayətkar qrupların himayə olunmasını biz heç bir zaman qəbul etməmişik. Bu istiqamətdə İrandan üzərlərinə düşən zəruri addımların atılmasını gözləyirik”.
A.Əliyevin fikrincə, yeni prezident reallıqları daha yaxşı dərk edəcək. Onun üçün İran siyasi sisteminin verə biləcəyi azadlıqlar çərçivəsində maksimum Azərbaycanla daha xoş, daha real əsaslar üzərində münasibətlər qurmağa çalışacaq: “Düzdür, İran siyasi sistemində xüsusi üstünlük kimi qiymətləndirilməsə də nəzərə almaq lazımdır ki, Məsud Pezeşkian etnik baxımdan azərbaycanlıdır. Azərbaycanla münasibətlərin formalaşmasına bu amilin də müəyyən mənada müsbət təsiri ola bilər. Hesab edirəm ki, İranın yeni prezidenti hadisələrə daha real yanaşacaq, absurd mövqelərdən əl çəkiləcək, Ermənistanın himayə olunması, Ermənistana dəstək verilməsi istiqamətindəki bölgəyə zərər verə biləcək, sülh prosesinə mane olacaq mövqelərdən çəkinəcək. Bu da Azərbaycanla münasibətlərin normallaşması üçün müsbət zəmin yaratmış olacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ