İnsanlara hürriyət, millətlərə istiqlal!

İran - ABŞ müharibəsi gün məsələsidir! Səfirliklər boşaldılır, əsgər ailələri köçürülür - FIRTINA QAPIDA

Yaxın Şərqdə gərginlik pik həddə çatır.

Musavat.com xəbər verir ki, ABŞ hökuməti Bağdaddakı səfirliyinin əməkdaşlarının bir qismini təxliyə etməyə hazırlaşır.  Bu barədə “Reuters” agentliyi rəsmi Vaşinqton və Bağdad mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrə görə, təhlükəsizlik riski səbəbilə yalnız İraqdakı diplomatik heyət deyil, həm də ABŞ ordusunun Yaxın Şərqdə yerləşən hərbi bazalarındakı şəxsi heyət üzvlərinin ailələri üçün də könüllü çıxış icazəsi verilib. Hələlik konkret təhdidin adı çəkilməsə də, vəziyyətin kəskinləşdiyi açıq şəkildə görünür. 

İran səfirliyi də təxliyəyə hazırlaşır – İraq tərəfi xəbərdarlıq edib

Bundan öncə məlum olmuşdu ki, İraq hökuməti İranın Bağdaddakı səfirliyinin bir sıra əməkdaşlarını da təxliyə etməyi nəzərdən keçirir. Hökumət sözçüsü bu barədə rəsmi prosesin başlamadığını qeyd etsə də, xəbəri təkzib etməyib. İran tərəfinə də bu barədə məlumat verildiyi təsdiqlənib. 

296944_q6t4ms03j8.jpg (46 KB)

Analitiklər hesab edirlər ki, bu addımlar yalnız müvəqqəti təhlükəsizlik tədbirləri deyil, həm də ABŞ–İran münasibətlərinin dərin dalana dirəndiyinin göstəricisidir.

Diplomatiya bitir, səngərlər danışır?

Son aylar ərzində ABŞ və İran arasında nüvə proqramı və regional münaqişələrlə bağlı qeyri-rəsmi danışıqların aparıldığı məlum olsa da, bu dialoqların nəticəsiz qaldığı artıq aydınlaşır. Hər iki tərəfin nəzarətində olan vəkalətli qüvvələrin (proxy qruplar) fəallaşması, xüsusilə də İraqda və Suriyada hücumların artması bu gedişatı təsdiqləyir. ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi obyektləri hazırda tam hazır vəziyyətə gətirilib.

Musavat.com bildirir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə yüksək səviyyəli ordu komandirləri ilə təhlükəsizlik toplantısı çağırıb. Tramp administrasiyası təhlükəni ciddiyə alaraq təxliyə planını təsdiqləyib. ABŞ İran, Bəhreyn və İraqda yüksək təhlükə olduğunu elan edib. Bəzi ekspertlərə görə, növbəti mərhələ birbaşa hərbi toqquşma ola bilər.

Hörmüz boğazı və neft: Dünya iqtisadiyyatı da risk altındadır

Bu məlumatların yayıldığı saatlarda dünya bazarında neftin qiyməti sürətlə artmağa başlayıb. Brent markalı neftin qiyməti 2 dollar qalxaraq 84 dolları keçib. Bu, bölgədə mümkün müharibənin yalnız lokal deyil, qlobal iqtisadi təsirlərə yol aça biləcəyini göstərir. 

Screenshot_4.png (592 KB)

Son dövrlərdə İran Müdafiə Nazirliyindən verilən bəyanatlar da vəziyyətin kritik olduğunu təsdiqləyir. Rəsmi Tehran bəyan edib ki, hər hansı hücum olacağı təqdirdə, regiondakı ABŞ bazaları birbaşa hədəfə alınacaq. Bu isə o deməkdir ki, artıq Yaxın Şərqdə diplomatik ritorika yox, real hərbi planlar hazırlanır.

ABŞ və İranın eyni vaxtda İraqdakı diplomatik personalı təxliyə etməsi, Vaşinqtonun hərbi ailələri çıxarmağa başlaması, Hörmüz boğazındakı hərbi gəmilərin sayının artması, və nəhayət neft qiymətlərinin qalxması – bütün bu faktlar bölgədə yeni bir silahlı toqquşma mərhələsinin başlanması ehtimalını ciddi şəkildə artırır.

Sual sadədir: sükut nə vaxta qədər davam edəcək və ilk atəşi kim açacaq?

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR