Onlayn ictimai-siyasi qəzet
Qardaş Türkiyənin hakim partiyasının Vlll Qurultayında qəbul etdiyi strateji qərar – Türk Dövlətləri ilə İlişkilər Başqanlığının və Türk dövlətləri ilə ilişkilərdən sorumlu genel başqan yardımçısı postunun yaradılması – sədəfə bənzər bir strukturun içində gizlənmiş incini gün işığına çıxarmaq anlamına gəlir. Bu təşəbbüs, Türkiyənin təkcə iç deyil, eyni zamanda qlobal siyasi arxitekturasına verdiyi yeni müttəfiqlik ismarıcını da ifadə etməkdədir.
Bəs qardaş ölkənin hakim partiyasının bu qərarını şərtləndirən əsas amillər nədir, nə ilə bağlıdır?
İlk növbədə, Türk dünyasının geosiyasi oyanışı amilini vurğulamaq istərdim. Bu oyanış Türkiyə-Türk dünyası, Türk dünyası-Türkiyə qarşılıqlı, tamamlayıcı, müsbət təsirləri ilə özünü qabarıq göstərir. Son illər dünya siyasi səhnəsində milli dəyərlərə söykənən birlik ruhunun gücləndiyi bəllidir. Türkiyənin bu kontekstdə Türk dünyası ilə iqtisadi, mədəni və siyasi bağlarını gücləndirməsi təbii bir prosesin təzahürüdür.
İkincisi, strateji vəhdətin zərurətini vurğulamaq yerinə düşər. Türk Dövlətləri Təşkilatının (TDT) qürurverici təşəbbüsləri, şübhəsiz ki, koordinasiyanı və sistemli yanaşmanı zəruri edir. TDT ölkələri ortaq türk qurumları üçün mütəxəssisləri yalnız dövlət qurumlarında deyil, ictimai-siyasi təşkilatlarda da aramalıdır. Belə bir axtarışın uğurla sonuclanması üçün, əlbəttə, yetkin kadrların yetişdirilməsi mühiti olmalıdır. AK Parti, MHP, CHP, BBP, İYİ, TDAV, Türk Ocaqları, Ülkü Ocaqları, TDGİB, Avrasiya YB, EkoAvrasiya və digər önəmli qurum və quruluşlar Türk dünyasına necə bir könül verdiklərini yetişdirdikləri kadrlar və uğurlu layihələri ilə nümayiş etdirə bilər. Habelə, ötən il Bakıda Türk Ticarət Mərkəzinin açılması, bu günlərdə isə həmin Mərkəzdə “Türk Obası”nın qurulması təsadüf, tendensiya olmayıb, məqsədyönlü siyasətin təcallası deyilmi?
AK Partinin uzunmüddətli, səmərəli iqtidarı, MHP ilə Cümhur İttifaqı, heç şübhəsiz, qazanılmış sonuclar, mövcud durumu və perspektivi aydın göstərir. Bu fonda, AK Partinin VIII Qurultayda qəbul etdiyi yeni qərar keçilmiş yolu, gəlinmiş nəticəni və gələcəyə açılan qapıları ifadə edir.
AK Partinin VIII Qurultayında, Türk dövlətləri ilə ilişkilərdən sorumlu Genel başqan yardımçılığı görəvinə TBMM üzvü, mənim də yaxından tanıdığım, dəyərli dost Prof. Dr. Kürşad Zorlu seçilib.
Prof. Dr. Kürşad Zorlu kimdir?
1977-ci ildə Yozgatın Yerköy elində doğulan Kürşad Zorlu, ilk və orta təhsilini burada tamamlayıb. 1998-ci ildə Səlcuq Universitetinin Dövlət Yönətimi bölümünü bitirib, sonra həmin sahədə magistr təhsili alıb. 2009-cu ildə “Təşkilatların demokratik yönətimi sürəcində qarşılaşdığı problemlər və bir tətbiq” adlı dissertasiyası ilə doktorluq dərəcəsini əldə edib. Akademik karyerası boyunca müxtəlif universitetlərdə çalışıb, uluslararası akademik məqalələr və elmi konfrans materialları ilə yanaşı, iki kitabı gün üzü görüb. O, həmçinin “Yeniçağ”, “Vatan” və “HaberTürk” qəzetlərində köşə yazarlığı edib, müxtəlif televiziya kanallarında analitik yorumları ilə seçilib. İngilis və qazax dillərini bilən Zorlu, Basın Yayın Qəzetəçilər Cəmiyyəti Yönətim Kurulunun üzvü olub.
Prof. Dr. Kürşad Zorlunun Türk dünyası ilə bağlı dərin bilik və akademik təcrübəsi, AK Partinin bu sahədəki siyasətinə önəmli töhfələr verəcəkdir. Türk dünyası ilə ilişkilərin gücləndirilməsi və yeni işbirliyi sahələrinin yaradılması məsələsində Zorlunun təcrübəsi və baxışı partiyanın uluslararası siyasətdəki təsirini artıracaqdır. Bundan əlavə, onun media və kommunikasiya sahəsindəki təcrübələri, Türk dünyası ilə mədəni və diplomatik bağların möhkəmləndirilməsində önəmli rol oynaya bilər.
Üçüncüsü, XXI yüzildə formalaşan (və daha da yeni formalar alacaq) bölgəsəl konfiqurasiyaya diqqət yetirməliyik. Dünya geosiyasətində qüvvələr dəngəsi dəyişir. Avrasiya məkanında yeni ittifaqların formalaşması, Türkiyənin bu bölgədə artan təsiri ilə uzlaşır (uzlaşmayan sahələrdə isə iş aparılmalıdır). AK Partidə Türk dünyası ilə ilişkiləri daha da gücləndirməyə xidmət edəcək Genel başqan yardımçısı postunun yaradılması, bu yeni konfiqurasiyanı nəzərə alaraq, təsir dairəsini daha təşkilatlanmış şəkildə yönəltməyə imkan yaradacaqdır.
Daha bir məsələ, qlobal güc dəngəsində yeni ağırlıq mərkəzinin yaranması ehtimalı ilə bağlıdır. Türk dünyasında birliyin gücləndirilməsi bəzi qlobal aktorları rahatsız edəcək, əlbəttə. Lakin bu birlik yalnız şifahi bir ideya deyil, iqtisadi, texnoloji və hətta hərbi əsaslar üzərində qurularsa, onun perspektivli addım olacağı aydındır.
Türkiyənin bu siyasi təşəbbüsü, necə deyərlər, qlobal dövlət modeli axtarışlarının bir hissəsi hesab edilə bilər. XXI yüzil güclü icra mexanizminə malik dövlət və ictimai-siyasi institutların quruculuğu, mövcud olanların daha da gücləndirilməsi dönəmidir.
Qardaş ölkənin iqtidar partiyasının yeni post üzərindən Türk dünyasını ortaq fəaliyyətdə yeni fəslə təşviq etmə niyyəti, həm partiya tarixindən, həm də ölkə tarixindən çıxarılan bir dərsdir. Dərsin ən yığcam ifadəsi belədir: Biz bir yerdə olanda daha güclü oluruq! Güclülərin “ədalətli” olduğu dönəm sona çatmalı, ədalətlilərin güclü olduğu dönəm, nəhayət, başlamalıdır!
TANRI TÜRKƏ YAR OLU!
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ