İnsanlara hürriyət, millətlərə istiqlal!

İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR - Bu gündən...

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (İKZF) 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Fonddan verilən məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 6 fevral saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlər isə 7 fevral 10:00-dan etibarən qəbul ediləcək. Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət "sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcək.

Azərbaycanda ev sahibi olmaq istəyənlərin ən yaralı yeri ipoteka kreditləridir. Çünki mənzillərin artan qiymətləri ilə insanlar nağd şəkildə pul ödəyib ev sahibi ola bilmirlər. İpoteka isə onlara bu imkanı yaradır. Son illərdə ölkədə mənzil satışlarının xeyli hissəsi ipoteka kreditləşməsi ilə reallaşdırılır. Xüsusilə də sosial ipotekaya maraq böyükdür. Əsas gözləntilərdən biri də sosial ipoteka kreditlərinin məbləğinin artırılması ilə bağlıdır. Digər gözlənti dövlət vəsaitləri hesabına verilən adi ipoteka, həmçinin bankların öz vəsaitləri ilə verilən ipoteka kreditləri üzrə faizlərin aşağı salınmasıdır. İKZF vəsaitləri ilə verilən adi ipoteka kreditlərinin faiz dərəcəsi 8-dir, bankların öz vəsaitləri ilə verilən kreditlərinki isə 10-12 faiz ətrafında dəyişir. Bundan əlavə, güzəştli şərtlərlə verilən ipoteka kreditlərinin maksimum məbləği kimi təyin olunan 100 min manat sürətlə bahalaşan mənzil qiymətləri fonunda normal mənzi əldə olunmasına imkan yaratmır.

İKZF-dən verilən məlumata görə, 2024-cü ildə fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti verilib. Bunun 357,7 milyon manat məbləğində 3609-u adi ipoteka krediti, 82,1 milyon manat məbləğində 1076-sı isə güzəştli ipoteka krediti olub. Ümumilikdə, 2006-2024-cü illərdə fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,31 milyard manatı keçib ki, bu da 52 530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.

Fond bildirir ki, onun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib. Kreditlərin cəmi 22 faizə yaxını regionların payına düşüb: “Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8 faiz müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə (6-7 faiz) ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, 2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4 faiz təşkil edib.

Eyni zamanda ötən il ərzində şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə tətbiq edilən zəmanət mexanizmində həm qiymətləndirmə standartlarının yumşaldılması, həm də zəmanət tariflərinin əhəmiyyətli dərəcədə azaldılması nəticəsində verilmiş zəmanətli ipoteka kreditlərinin həcmində 2023-cü illə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb. Belə ki, ötən il ərzində 275 sayda 28,3 milyon manat həcmində (2023-cü ildə 147 sayda 14,3 milyon manat həcmində) zəmanətli ipoteka krediti rəsmiləşdirilib".

Ötən ilin oktyabrında Prezident İlham Əliyevin fərmanı ilə İKZF-nin nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyon manata çatdırılıb. Qeyd edək ki, hər il fondun nizamnamə kapitalı güzəştli ipoteka kreditləri üçün dövlət büdcəsindən quruma ayrılan vəsaitlər hesabına artırılır. Cari ildə güzəştli ipoteka kreditlərinin verilməsi üçün İKZF-nin nizamnamə kapitalı 100 milyon manat artırılacaq. Bu barədə məlumatı ötən ilin noyabrında Milli Məclisdəki büdcə müzakirələri zamanı sabiq maliyyə naziri Samir Şərifov açıqlayıb.

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun sözlərinə görə, sosial ipotekanın maliyyələşməsinə hər il vəsait ayrılır: “Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Qeyd edək ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Bununla yanaşı, bu il yanvarın 21-də fond 100 milyon manatlıq istiqraz emissiya edib. Bu vəsait adi ipoteka kreditlərinin verilməsi üçün istifadə olunur. Ötən il də fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib. 2025-ci ildə dövlət büdcəsindən fonda ayrılan vəsaitin həcmi 2024-cü illə müqayisədə 87.7 milyon manatdan artırılaraq 100 milyon manata çatdırıldığı üçün bu il daha çox vətəndaşımızın ipoteka kreditlərindən yararlanacağı gözlənilir. Bu o deməkdir ki, 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək”.

Onu da qeyd edək ki, İKZF-nin elektron sistemi ilə sosial ipotekaya müraciət edənlərin sayı ildən-ilə artır. Bu, həm də müraciət sistemindən narazılıqların artmasına rəvac verir. Əksər vətəndaşlar müraciət sistemi açılanda Kapitalbank, ABB kimi böyük bankların qəbula açıq banklar siyahısında görə bilmədiklərindən şikayət edirlər. Bundan əlavə, siyahıda olan banklara göndərilən müraciətə 3-4 dəqiqədən sonra 5-6 min manat kredit təklifi ilə cavab gəlir ki, bu məbləğlə mənzil əldə olunması qeyri-mümkündür. İstifadəçi həmin banka imtina verib, yenisinə müraciət etmək istədikdə isə artıq bütün limitlərin dolduğunu görür.

Sosial ipoteka ilə bağlı daha bir narahatedici məqam ayrılan vəsaitlərin 80 faizdən çoxunun MİDA mənzillərinə sərf olunmasıdır. Bu, öz iş yerinə yaxın, yaşayış üçün uyğunlaşdığı ərazilərdə ev almaq istəyən vətəndaşların seçim imkanlarını sıfıra endirir. Digər tərəfdən, MİDA-nın inşa etdiyi mənzillər ölçü və digər xüsusiyyətlərinə görə vətəndaşların çoxunu qane etmir. Üstəlik, agentlikdə güzəştli mənzil almaq üçün yaradılan elektron müraciət sisteminin işi ciddi problemlərlə müşayiət olunur.

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan

 Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, sosial ipoteka üçün elektron müraciət mexanizmindən narazılıqlar təbiidir: “Elektron müraciət sisteminə qədərki mexanizmdən narazılıqlar daha çox idi. Bu sistem prosesə xeyli şəffaflıq gətirdi. Mövcud texniki problemlərin elektron hökumət portalı təkmilləşdikcə tələb olunan məlumat sayı azaldıqca aradan qalxacağını düşünürəm. Banklara ayrılan limitlər məsələsində də narazılıqlar var. Əvvəllər İpoteka və Kredit Zəmanət Fondu banklar üçün limitlərin ayrılması tarixini açıqlamırdı. Banklar əvvəlcədən ipoteka kreditlərini verir, sonra limitlər ayrıldıqda həmin öz vəsaitləri hesabına verdikləri kreditləri dövlət vəsaitinə keçirirdilər. Nəticədə ayrılan vəsaitlərin mühüm bir hissəsi dövriyyədən çıxmış olurdu. Üç ildir fond limit ayrılması tarixini əvvəlcədən elan edir, insanlar, banklar həmin tarixləri gözləyirlər. İndiki halda elektron müraciət sisteminə yalnız bu və ya digər bankların əməkdaşları hansısa şəxslərlə razılaşmalar şəraitində ayrılan vəsaitləri bloklayırlar. Düşünürəm ki, belə hallar kütləvi deyil. Elektron müraciət sistemi şəffaflaşma istiqamətində mühüm addımdır, ona müraciətlərin artması, həmçinin banklarda müəyyən sövdələşmələrin olması bir neçə mühüm amillə bağlıdır. Əvvəla, ipoteka, xüsusilə sosial ipoteka krediti ilə mənzil almaq istəyənlərin sayı artıb. Bu artımla sosial ipoteka üçün ayrılan vəsaitlərin məbləğindəki artım mütənasib deyil. Ona görə də sosial ipoteka üçün daha çox vəsaitin ayrılması zəruridir. Bu il müəyyən artım gözlənilir, amma bunun daha çox olması lazımdır. Dövlət vəsaitləri hesabına mənzil təminatı mexanizmlərində təkmilləşdirmələr aparılmalıdır. İlk növbədə belə mexanizmdən yalnız mənzili olmayan vətəndaşların yararlanması üçün filtr tətbiq olunmalıdır. Çünki bu proqramların məqsədi daşınmaz əmlak bazarında aktivliyi artırmaq yox, sosial baxımdan təminatı aşağı olan şəxslərin evlə təmin olunması olmalıdır. İkincisi, gəliri müəyyən həddən yüksək olan şəxslərə belə sosial layihələrdən bəhrələnmək qadağan olunmalıdır. Elə şəxslər var ki, yüksək əməkhaqqı olan iş yerlərində çalışırlar, yaxud başqa mənbələrdən yüksək gəlir əldə edirlər. Belə şəxslər hətta sosial ipoteka almaq hüququ qanunda təsbit edilən qrupa aid olsalar belə, onlara yalnız adi ipotekaya çıxış imkanı verilməlidir. Yalnız belə filtrlər tətbiq etməklə sosial ipotekadan həqiqətən mənzilə ehtiyacı olan insanların yararlanmasını təmin etmək mümkündür”.

Ekspertə görə, ipoteka kreditləri üçün ayrılmış vəsaitləri bir qurumun, yaxud şirkətin tikdiyi evlərə yönəltmək haqsız şərtlər formalaşdırır: “Bu, daşınmaz əmlak bazarında da qiymətlərin yüksəlməsinə təsir edir. Belə halların aradan qaldırılması, sosial, həmçinin dövlət vəsaiti hesabına adi ipotekaya əlçatanlığın artırılması son dərəcə vacibdir. Çünki bu gün elə adam var ki, dövlət vəsaitləri hesabına 5-6 mənzil əldə edərək onları kirayəyə verməklə böyük qazanc əldə edir. Həqiqətən evə ehtiyacı olan vətəndaşlar isə mexanizmdən faydalana bilmirlər. Düşünürəm ki, dövlət ipotekası ilə bağlı digər məsələ verilən kreditlərə görə bütün məsuliyyətin bankların üzərinə qoyulmasıdır. Bu, bankları risklərdən yayınmaq üçün kreditləri yalnız yüksək gəliri olan şəxslərə verməyə vadar edir. Nəticədə, gəliri az olan vətəndaşlar kənarda qalır ki, bu da dövlətin prosesdə iştirakının fəlsəfəsinə ziddir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR