Onlayn ictimai-siyasi qəzet
Masallıda qadınları “intim video” hədəsi ilə şantaj edən 25 yaşlı gənc saxlanılıb və ona 20 sutka inzibati həbs cəzası kəsilib. Halbuki hadisənin təfərrüatlarında bu şəxsin sosial şəbəkələrdə gənc qadınlara intim yaxınlıq təklif etdiyi, ancaq imtina cavabı aldıqdan sonra onların toy-nişan şəkillərini internetdən endirərək barələrində saxta “ifşa xəbərləri” yaydığı bildirilir.
Musavat.com həmin şəxsin əməllərinin təfərrüatları ilə bağlı yazı hazırlamışdı. Məlum olmuşdu ki, “TikTok” sosial şəbəkəsində “aydan.quluzadə” adlı profildən vətəndaşlar haqqında rüsvayedici məlumatlar paylaşan şəxs 25 yaşlı Hafiz Paşalıdır. O, polis əməkdaşları tərəfindən müəyyən edilib. Hafiz Paşalı polisə dəvət edilən zaman inzibati binada yüksək səslə söyüş söyüb. O, polisə çağırılmasına etiraz edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib. Məhkəmə qərarı ilə 20 sutka həbs cəzası alıb.
Hafiz Paşalı polisləri təhqir etdiyi üçün peşman olub. Ondan həmçinin sosial şəbəkələrdəki əməlləri barədə izahat alınıb. O, özünü təqsirli bilərək izahatında göstərib ki, xanımlara aid fotoları paylaşıb. Hafiz Paşalı qardaşının da bu əməli etdiyini söyləyib. Onun özünə məxsus 5 saxta sosial şəbəkə hesabı olub. Bu səhifələrdə 100 nəfərdən çox xanımın şəkillərini paylaşıb.
Polisdə dindirilən zaman Hafiz Paşalı barəsində paylaşım etdiyi xanımların əxlaqsız olduğunu deyib. Həmçinin əməlindən peşman olmadığını əlavə edib. Müəyyən edilib ki, onun kimliyi bilinəndən sonra bir neçə şikayət də daxil olub. Bu, Hafiz Paşalının ilk qanunazidd hərəkəti də deyil. Hazırda Masallı Rayon Polis Şöbəsində barəsində daha bir işlə bağlı araşdırma gedir. O, başqa bir nəfəri döyməkdə günahlandırılır.
Xatırladaq ki, sosial şəbəkə istifadəçisi olan şəxslərin özəl fotoları (xüsusilə toy fotoları), videoları adıçəkilən səhifələrdə təhqiredici formada təqdim edilirdi. Gəncin bu hərəkəti həm seksual qısnama, həm də böhtan atma kimi tövsif oluna bilərdi. Onun bu cür hərəkətləri nəticəsində gənc ailələrin dağılması, böhtana məruz qalanların qətlə yetirilməsi və ya yaralanması kimi insidentlərin törədilməsi də mümkün idi. Ancaq bu adama cəmi 20 sutka həbs cəzası veriblər. Bu nə dərəcədə uyğun cəzadır?
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan Respublikası Konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Son illər ərzində sosial şəbəkələrin populyarlaşması, əksəriyyətin sosial şəbəkə hesablarının olması, texnikanın inkişaf etməsi bəziləri üçün geniş imkanlar açıb. Sosial şəbəkə hesablarından video, fotoları kopyalayıb süni intellekt, montaj proqramlarının verdiyi imkanlardan istifadə etməklə şantaj foto, videomaterialları hazırlayırlar. Bundan sonra da həmin foto və videomateriallardakı şəxslərə yollamaqla şantaja keçirlər. Şantaj cinayətdir və Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılır”.
Natiq Ələsgərov deyib ki, şantaj edərək pul tələb etmə cinayət məsuliyyətinə səbəb olur: “Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Bu hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya zor tətbiq etməklə törədildikdə və ya təkrar törədildikdə və ya xeyli miqdarda pul tələb etməklə törədildikdə, təqsirkar şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Şantaj və ya fiziki zor tətbiq etməklə külli miqdarda pul tələb edildikdə və bir sıra digər hallarda təqsirli şəxsləri 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir”.
Natiq Ələsgərov deyib ki, şantaja görə qanunvericilikdə çox ciddi cəzalar nəzərdə tutulsa da, qurbanlar məsələnin böyüyəcəyindən, daha çox insanın məsələdən xəbərdar olacağından ehtiyat edərək, onları şantaj edən şəxslər barədə polisə məlumat vermirlər: “Bu cür yanaşma doğru deyil və digər şəxslərin də şantaj olunmasına yol açır. Ona görə də qurbanları barələrindəki şantaj sənədlərinin yayılacağından ehtiyat etməkdən çəkinməli, dərhal hüquq mühafizə orqanına məlumat verməlidirlər. Digər tərəfdən də bu insanlar şikayət etməməklə daimi olaraq təhdid altında yaşamağa məcbur olurlar. Praktikadan deyə bilərik ki, əksər hallarda şantaj qurbanı olan şəxslər sonda məcbur qalaraq polisə müraciət edir”.
20 sutka inzibati həbs cəzası kəsilməsinə gəlincə, Natiq Ələsgərov deyib ki, bu halda tələbetmə halı yoxdur: “Bu şəxs videoları yaysa da, konkret olaraq kimdənsə qarşılığında tələb irəli sürməyib. İşdə zərərçəkən tərəfin şikayəti də yoxdur. Bu baxımdan bu əməlinə görə ona cəza təyin olunmayıb, məhkəməyə iş göndərilməyib. Onu yalnız polisə qarşı qanunsuz hərəkətlərinə görə cəzalandırıblar. Əgər bu şəxslərlə bağlı konkret şikayətçi olacaqsa, təbii ki, barəsində sərt cəza təyin oluna bilər”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ