Onlayn ictimai-siyasi qəzet
Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə İnstagram olub. Bu barədə APA “StatCounter”yə istinadən məlumat yayıb. Bu dövrdə İnstagram-ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 36,04% təşkil edib. Bu isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11,05 faiz bəndi və illik müqayisədə 1,13 faiz bəndi azdır.
İstifadəçi sayına görə, ikinci yerdə 25,82% payla Facebook qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 9,79 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz bəndi çox olub. Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 16,14% payla Pinterest olub. Bu, aprel ayı ilə müqayisədə 0,77 faiz bəndi, illik müqayisədə 3,85 faiz bəndi azdır.
Ötən ay YouTube sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 3,41 faiz bəndi, illik 0,1 faiz bəndi artaraq 13,38%-a çatıb. Dövr ərzində YouTube istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb. Ötən ay X sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,61 faiz bəndi, illik 1,81 faiz bəndi azaldaraq 5,05%-lə beşinci yerdə dayanıb. İstifadəçi sayına görə altıncı yeri 1,91% payla Reddit sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,31 faiz bəndi, illik 0,49 faiz bəndi artırıb. Yanvar ayında Linkedin sosial şəbəkəsi 0,91% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkə ölkədəki bazar payını aylıq 0,14%, illik 0,32% azaldıb.
Mehman Xəlilov
İnformasiya texnologiyaları sahəsində ekspert Mehman Xəlilov “Yeni Müsavat”a açıqlamasında deyib ki, İnstagram-ın ölkəmizdə populyar olmasında Facebook-un da rolu var: “Onların hər ikisi Meta Şirkətinin məhsullarıdır. Facebook-da belə bir funkisya var ki, şəkil paylaşanda onu avtomatik İnstagram-da yerləşdirir. İnsanlar post paylaşanda reytinqini yuxarı etmək üçün bu funksiyadan istifadə edirlər. Həmçinin nəzərə alaq ki, İnstagram TikTok-dan daha əvvəl yaradılıb. Ora şəkil paylaşmaq üçün daha uyğun yerdir deyə statistikada birinci yerə çıxıb. TikTo” isə sadəcə əyləncə üçün daha gənc nəslin istifadə etdiyi əyləncə şəbəkəsidir. Linkedin statistikada aşağı yerdə olsa da, biznes baxımından çox uyğun platformadır. Facebook isə ünsiyyət şəbəkəsi kimi tanınır. TikTok qısa videolar paylaşmaq üçün yaradılmış platformadır. Ondan daha çox yeniyetmələr və uşaqlar istifadə edir. Bu şəbəkələrin hər biri ayrı-ayrı auditoriyalara yönəlib. Gələcəkdə yeni sosial şəbəkələr yaradıla bilər və bununla da onlar saydıqlarımı arxada qoya bilər. Çünki süni zəkanın tətbiqi ilə genişlənmələr aparılır. Texnologiyalar müasirləşdikcə, yaddaş faylları artdıqca multimedia fayllarına üstünlük verilir. Gənc nəsil də daha çox multimedia üzərindən işləməyi xoşlayır. Gələcəyin lideri məhz video paylaşıla və mantaj edilib yüklənə bilən şəbəkələr olacaq".
Fərhad Mirəliyev
İnformasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev isə deyib ki, Azərbaycanda daha çox əyləncə xarakterli sosial şəbəkələr dəbdədir: “İnsanların düşüncələri, cəmiyyətin mentaliteti sosial şəbəkə seçimində vacib rol oynayır. Məsələn, bizim insanlar X və ya Threads sosial şəbəkələrindən aktiv istifadə etmir. Çünki cəmiyyətimizdə fikir ortaya qoymaq, fikir bildirmək zəif inkişaf edib. Buna görə də əyləncə xarakterli şəbəkələrə meyillidirlər. Bu məsələdə blogerlərin də təsir mexanizmləri var. Onlar hansı sosial şəbəkələrdə olurlarsa, insanları da arxalarınca aparırlar.
Azərbaycanda insanlar bir-birilərinin şəxsi həyatını bilməkdə maraqlıdırlar. Hər hansı sosial şəbəkə istifadəçisinin restorandan və ya alış-veriş yerlərindən paylaşımları daha maraqlı gəlir. Bu cür paylaşımları İnstagram və Tik Tok sosial şəbəkələrində etmək daha rahatdır. X sosial şəbəkəsində və ya Linkedin-də belə paylaşımlar etsən, bir az qınaqla qarşılanacaqsan. Çünki bu sosial şəbəkələrin yaradılma məntiqi bu işlər üçün nəzərdə tutulmayıb. Linkedin biznes adamları üçün daha maraqlıdır və orada biznes söhbətləri aparılır. Qadınlar dəbi, lüks yaşam tərzini, istirahət məkanlarını İnstagram dan izləyir. Burada görüntü əsas təəssürat yaradır, başqalarının şəxsi həyatı ilə asanlıqla tanış olursan. Gələcək dövrdə də Azərbaycanda İnstagram və TikTok liderlik edəcək".
Araşdırmaya görə, İnstagram-dan ən çox istifadə edən ölkə Hindistandır. Belə ki, Hindistanda 363 milyon nəfər İnstagram-dan istifadə edir. Digər sıralarda ABŞ (169 milyon), Braziliya (134 milyon), İndoneziya (101 milyon), Türkiyə (57 milyon), Yaponiya (55 milyon), Meksika (44 milyon), Böyük Britaniya (33 milyon), Almaniya (30 milyon), Argentina (27 milyon) gəlir.
ABŞ-da TikTok-un istifadəsində məhdudiyyətlər olsa da, ən çox (148,9 milyon )bu ölkədə istifadə edilir. ABŞ Senatı TikTok-u yasaqlayan qanun layihəsini təsdiqləyib. Yeni qəbul olunan qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara TikTok tətbiqini yükləmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır.
Avropa Komissiyası və Aİ Şurası DA 23 fevral 2023-cü ildə TikTok-un istifadəsi ilə bağlı işçilərin telefonlarına müvəqqəti qadağa qoyub. Qərar kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə qəbul edilib.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ