Onlayn ictimai-siyasi qəzet
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İsçevrədə keçirilən Ukrayna sülh sammitinə qatılması Rusiyanın kəskin reaksiyası ilə qarşılanmışdı.
Ermənistanın bu addımı Rusiyaya qarşı açıq demarş kimi qəbul olundu və rəsmi İrəvanın KTMT-dən çıxacağı ilə bağlı müzakirələr də genişləndi. Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti məntiqi addımın KTMT-dən çıxmaq olacağını bildirməsindən sonra artıq 2024-cü ilin sonuna qədər prosesin yekunlaşacağı ehtimalı yarandı.
Ancaq Ukrayna sülh sammitinə qatılan 91 ölkə və 8 təşkilatdan 80 ölkə və 4 təşkilat yekun bəyanatı imzalamadı. Bəyanatı imzalamayanlar içərisində Ermənistan da var.
Daha bir məlumat isə Armen Qriqoryanın sammitdə çıxış etməməsidir. Qərb mediasının məlumatına görə, ona çıxış imkanı yaradılıb, lakin Qriqoryan son anda çıxışdan imtina edib.
Qriqoryan sammitdə yalnız Ukrayna XİN rəhbəri Dmitri Kuleba və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşü ilə yadda qalıb.
Maraqlıdır, Qriqoryanı yekun bəyanata imza atmaqdan və çıxışdan imtina etdirən səbəb nədir?
Bəzi avropalı analitiklər Ermənistan nümayəndəsinin son anda geri çəkilməsinin səbəbini Rusiyadan İrəvana qarşı artan kəskin ritorika ilə izah edirlər. Hətta rus politoloqların Rusiyanın Ermənistana hərbi müdaxilə edə biləcəyi haqda hədəsinin də təsadüf olmadığı iddiası mövcuddur.
Görünür, Rusiya ən təhlükəli ssenari haqda İrəvana müxtəlif kanallar vasitəsilə qəti xəbərdarlığını edib./Axar.az /
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ