İnsanlara hürriyət, millətlərə istiqlal!

İmran Xanın həbsi – Oksford məzununun Əzrayılla kriket oynaması

5 gündən sonra dövlət müstəqilliyinin 76-cı ildönümünü qeyd edəcək Pakistanda o zamandan bəri dövləti idarə edən prezident və baş nazirlərin tam əksəriyyəti ya devrilib, ya öldürülüb, ya da həbsə düşüblər.

Ölkənin 22-ci baş naziri İmran Əhməd Xan Niyazi də istisna olmadı, 4 il (2018-2022) baş nazir olan İmran Xan əvvəlcə vəzifəsindən kənarlaşdırıldı, bu günlərdə isə 3 il həbs cəzası aldı. Onun bundan sonra 5 il nüddətində siyasi fəaliyyətlə məşğul olması yasaqlanıb.

İmran Xan 25 noyabr 1952-ci ildə Lahorda anadan olub. Atası İkramulla Xan inşaat mühəndisi olub. O, Ədalət Uğrunda Hərəkat Partiyasının lideridir. İmran Xan siyasətə idmandan gəlmişdi. O, gəncliyində peşəkar kriketçi olub. Kriket təxminən bizim çiling-ağac oyunu kimi bir şeydir.

ccf37c29afde00d7cdabdd4538931858.jpg (63 KB)

İmran 18 yaşında olanda Pakistan milli kriket komandasında oynamağa başlayıb. İngiltərədə, Oksford universitetində təhsil aldığı vaxt o, 1973-1975-ci illərdə universitetinin kriket komandasında oynayıb və 1974-cü ildə universitet komandasının, 1982-92-ci illərdə Pakistan milli kriket komandasının kapitanı kapitanı olub.

O, Ədalət Hərəkatı partiyasını qurduqdan sonra Pakistanın ən məşhur siyasətçilərindən birinə çevrilib: onun mitinqlərinə yüz minlərlə insan gəlib.

Bu, populyarlığının nəticəsində İmran Xan 2018-ci il iyulun 25-də yaratdığı “Təhrik-e-İnsaf” partiyası ilə parlament seçkilərində 270 yerdən 116-sını qazanlb və seçkilərin nəticələrinə görə yaradılmış koalisiya hökumətinə rəhbərlik edib.

Baş nazir olduqdan sonra İmran Xan korrupsiyaya qarşı mübarizəni siyasətinin əsas istiqaməti elan edib. Onun baş nazirliyi dövründə xarici siyasətdə Hindistanla gərginlik olduğu kimi qalıb və ABŞ-la münasibətlər pisləşib. Buna görə də Pakistana ildə 1,3 milyard dollar həcmində hərbi yardım ayıran ABŞ “südü kəsib”. İmran Xanın vaxtında Pakistanın Çin, Rusiya, Türkiyə və Azərbaycanla xüsusi dostluq münasibəti olub.

xanputer.JPG (39 KB)

Böyük ehtimalla onun hakimiyyətdən kənarlaşdırılmasının mayasında İmran Xanın ABŞ-la çəkişmədə olan dövlətlərlə yaxşı münasibətə malik olması amili durur. 8 mart 2022-ci ildə müxalifət partiyaları ona qarşı Milli Assambleyanın Katibliyinə etimadsızlıq votumu təqdim ediblər.

İmran Xan aprelin 3-də xalqa müraciətində Pakistan prezidentinə Pakistan Milli Assambleyasını buraxmağı tövsiyə etdiyini açıqlayıb. Milli Assambleyanın buraxılmasından sonra hökumət İmran Xanın Pakistanın baş naziri vəzifəsini dayandırdığını bildirən sirkulyar dərc edib.

Aprelin 10-da etimadsızlıq səsverməsi keçirilib və İmran Xan vəzifəsindən uzaqlaşdırılıb.

2022-ci ildə Pakistan parlamentinə keçirilən təkrar seçkilərdə 8 seçki dairəsində İmran Xanın namizədliyi irəli sürülüb, 7 seçki dairəsində qalib gəlib.

261157_r4en3jtrpd.jpg (42 KB)

 

2022-ci ilin avqustunda İmran Xana qarşı “terror aktı” ilə ittiham edilib. Hakimiyyət onun öz çıxışları ilə polisləri və hakimləri qorxutduğunu və ölkədə əmin-amanlığı pozduğunu bildirib. İttihama səbəb İmran Xanın mitinqdə yüksək səviyyəli polis rəislərini və hakimi öz qərargahının rəhbəri Şahbaz Gilin həbsinə görə tənqid etməsi olub. O, polisin Şahbaz Gilə işgəncə verdiyini deyib, hökumət bu iddianı təkzib edib. Keçmiş baş nazirin tərəfdarları İmran Xanın həbsinin qarşısını almaqla hədələyiblər.

İmran Xan, öz növbəsində, 2022-ci ilin oktyabrında İslamabadda parlamentin buraxılması və erkən seçkilərin 2023-cü ilin may ayından daha tez təyin edilməsi tələbi ilə etiraz yürüşü təşkil edib. 3 noyabr 2022-ci ildə Vəzirabadda etirazçılara atəş açılıb və İmran Xan ayağından yaralanıb.

Bundan sonra keçmiş baş nazir İmran Xanın həbsi üçün əməliyyatlar başlanıb. Bu il mayın 9-da İmran Xan İslamabadın Ali Məhkəməsi tərəfindən həbs edilib.

xanhevsd.jpg (64 KB)

İmran Xan xarici liderlərdən hədiyyələr almaqda və ondan təqribən 630 min dollar qazanmaqda ittiham olunub. Onun həbsi tərəfdarları ilə polis arasında iğtişaşlara və qarşıdurmalara səbəb olub, nəticədə bir neçə nəfər ölüb. Mayın 12-də İslamabad Ali Məhkəməsi sabiq baş nazirin həbsini qeyri-qanuni elan edib. Xanı zəmanətli girov müqabilində azadlığa buraxıblar.

Dörd gün öncə isə ona üç il müddətinə azadlıqdan məhrumedilmə cəzası verilib.

İmran Xanın başına gələnlər bir daha göstərir ki, öz daxili intriqalarına və siyasi təlatümlərinə görə Pakistan dünyanın ən mürəkkəb ölkələrindən biridir. Bu ölkədə siyasətlə məşğul olmaq Əzrayılla kriket oynamaq kimi bir şeydir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR