İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlunu həmin yumruq bitirdi

Özgür Özelin prezidentliyə namizədlik yolu açılır - şərh

Türkiyədə məhkumluğu olmuş Selcuk Tengioğlunun  Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Özgür Özeli yas mərasimində yumruqla qəfil vurması siyasi gündəmə öz damğasını vurub. Türkiyə mediası bir neçə gündür hadisənin səbəblərini, haradan qaynaqlandığını təftiş etməklə yanaşı, Özelə endirilən yumruğun bundan sonrakı proseslərə, xüsusilə CHP başqanının liderliyinə necə təsir edəcəyi haqda təhlillər bölüşür. Daha çox səslənən fikir CHP lideri Özelə hücumun üçüncü qüvvə tərəfindən təşkil edilməsi iddialarıdır.

Xüsusən də qeyd olunur ki, Özelə vurulan yumruğun siyasi zərbəsini və ağrısını həbsdə olan İstanbul bələdiyyəsinin keçmiş başqanı Əkrəm İmamoğlu çəkəcək. “İmamoğlunu həmin yumruq bitirdi, Özel önə çıxdı. Hakimiyyətə də Özelin önə çıxması sərf edir” kimi şərhlər çoxluq təşkil edir. İddia olunur ki, CHP-nin başqanı Özgür Özel olsa da, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun nüfuzu və digər imkanları daha yüksək idi. Yəni Özel faktiki olaraq İmamoğlunun kölgəsindən çıxa bilmirdi. Elə buna görə də ölkə prezidenti seçkilərində CHP-nin namizədinin başqan Özel deyil, İmamoğlu olacağı bildirilirdi.

İmamoğlu həbsindən az öncə prezidentliyə namizədliyini də elan etmişdi. Özelin reallıqla barışmaqdan başqa yolu qalmırdı. İmamoğlunun qəfildən həbs edilməsi və barəsində açılan cinayət işi onun prezidentliyə namizədlik yolunda yaranan ilk baryer rolunu oynayır. Özelin müxalifət lideri kimi hücuma məruz qalması - yumruqla vurulması hadisəsi isə nüfuzunun sürətlə artmasına gətirib çıxarıb ki, bu məqam da zərbənin əslində, İmamoğluna “endirildiyini” düşünməyə əsas verir. Çünki bu sillə Özgür Özeli önə çıxardı. İddialara görə, hakimiyyətə də seçkilərdə CHP-nin namizədinin məhz Özgür Özel olması sərf edir. Prezident Rəcəb Tayyib Ərdoğanın məlum hadisə baş verəndən sonra Özeli telefonla arayaraq təəssüfünü bildirməsi də bunun təsdiqidir. 

qaynarinfo.az

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, yumruq zərbəsi alması Özelin CHP-də əsas namizəd olmaq perspektivini gücləndirir: “CHP lideri Özgür Özelə edilən hücum Türkiyə siyasətinə yad hal deyil, lakin hücumda suallar yaradan məqamlar da diqqətdən yayınmır. Hücum edən Selçuk Tengioğlu 2004-cü ildə uşaqlarını öldürdüyü üçün həbs olunub, 2020-ci ildə azadlığa çıxıb. Özel belə bir şəxsin hücumunun arxasında "başqalarının olduğunu" deyir. Həmin şəxs isə Özelə hücumunun səbəbinin CHP-dən yemək kartı ala bilməməsi və partiyanın “gəncləri küçələrə çağırması” olduğunu deyib. Maraqlıdır ki, CHP-yə yaxın solyönümlü “Evrensel” qəzeti 2004-cü ildə Selçuk Tengioğlunun törətdiyi cinayəti “işsizliklə” əlaqələndirmişdi, Tengioğlu da Özələ hücumunu partiyadan “yemək kartı” ala bilməməsi ilə əlaqələndirir: vaxtilə müdafiə etdiyi şəxsin eyni “səbəblə” hücumuna məruz qalan Türkiyə müxalifəti “dejavu” yaşayır".

A.Nərimanlının fikrincə, Türkiyənin siyasi gündəmi hücuma məruz qalan Özelə fokuslanıb və bu, onun CHP-də əsas namizəd olmaq perspektivini gücləndirir: “Namizədlik mübarizəsində İmamoğlunun önünün kəsilməsi, Özelin yolunun açılması fonunda bu hücum və yaratdığı effekt xüsusilə maraqlıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR