İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu 7 il həbsdə qalacaq, Ərdoğan ömürlük prezidentdir – Tanınmış jurnalistdən sensasion təhlil

"Türkiyəni “Sözcü TV”, “Halk TV”, “NOW” və bu qəbildən olan media qurumlarının propaqandası əsasında qavrayıb, hər dəfə vəcdə gələn bəzi şəxslər yenidən öz yanlış təəssüratları ilə ortadadırlar. Halbuki, bundan əvvəlki proseslərdə, xüsusilə də seçki dövrlərində bənzər halların yaşandığını və nəticələrin həmin şəxslərin nə qədər məhdud vizyona sahib olduqlarını açıq şəkildə ortaya qoyduğunu unutmaq olmaz. Həm də bir yox, bir neçə dəfə…

Bilin və agah olun: Türkiyənin yeganə Prezidenti Rəcəb Tayyib Ərdoğandır və bundan sonra da o olacaq. Heç bir siyasi təlatüm, daxili proses və istər vaxtında, istərsə də vaxtından əvvəl keçiriləcək seçkilər onu iqtidardan sala bilməz".

Musavat.com xəbər verir ki, bu fikirlər tanınmış jurnalist, televiziya aparıcısı Turan İbrahimova məxsusdur.

O, Türkiyədə baş verən son hadisələrlə bağlı sosial media hesabında paylaşdığı yazısında maraqlı və kateqorik təhlillə çıxış edib.

Jurnalistə görə, Ərdoğanın hakimiyyətdən getməsi yalnız onun sağlamlığı və alın yazısı ilə mümkündür. Turan İbrahimov hesab edir ki, Ərdoğan ömrünün sonuna qədər Türkiyəyə rəhbərlik edəcək və hazırda dünyada dörd əsas liderdən biridir: Tramp, Putin, Si Cinpin və Ərdoğan!

TURAN.jpg (67 KB)

İbrahimovun sözlərinə görə, İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu ətrafında yaşananlar isə, əslində, Türkiyə müxalifətinin, daha dəqiqi, CHP-nin içində baş verən parçalanmanın nəticəsidir. Onun fikrincə, CHP daxilində keçmiş başqan Kamal Kılıçdaroğlu ətrafında birləşənlər, Ankara bələdiyyə başqanı Mansur Yavaş tərəfdarları və İmamoğlu tərəfdarları uzun müddətdir ki, bir-birilə intriqa və mübarizə içindədir. Məqsəd partiyada şəriksiz liderliyi ələ keçirməkdir.

“Bunun üçün bir-birinin ‘zibilini’ ortalığa tökür, hüquq-mühafizə orqanlarına ‘paslar’ verirlər. İmamoğlu ən populyar və ən ambisiyalı fiqur olduğu üçün ondan xilas olmağa çalışırlar”, – deyə Turan İbrahimov qeyd edir.

Tanınmış aparıcı iddia edir ki, son prezident seçkilərində Ərdoğana səs verməyən 50 faizlik seçici kütləsinin küçələrə çıxması, aylarla etiraz etməsi belə heç bir nəticə verməyəcək. Onun fikrincə, İmamoğlu həbs olunacaq və azı 6-7 il həbsxanada qalacaq.

Turan İbrahimov bu proseslərin nəticəsi kimi CHP daxilində ABŞ-dəki qlobalistlərə yaxın olan kəsimin təmizlənəcəyini və partiyanın klassik solçuların nəzarətinə keçəcəyini proqnozlaşdırır. Onun fikrincə, CHP yenə də əsas müxalifət partiyası olaraq qalacaq, lakin bu dəfə daha fərqli və təmkinli mövqedə.

Musavat.com olaraq həm yazının aktuallığını, həm də cəmiyyətin geniş marağına səbəb olan təhlilləri nəzərə alaraq, Turan İbrahimovun bu təəssüratlarını oxuculara təqdim edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

BÜTÜN XƏBƏRLƏR