Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın keçmiş baş prokuroru, ədliyyə naziri postlarını tutmuş mərhum İlyas İsmayılovun oğlu Etimad İsmayılovu Türkiyədə qətlə yetirən Gözəl Dəmirov azadlığa çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə Gununsesi.info xəbər yayıb.
Sayt yazır ki, məlumatı Gözəl Dəmirov onkoloji xəstəlikdən əziyyət çəkməsi səbəbi ilə ev dustaqlığına buraxılıb. Lakin Gözəl Dəmirov azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib.
Xəbərdə Gözəl Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlərin həqiqətdən uzaq olması da qeyd olunur. İddia edilir ki, Gözəl Dəmirov Belarusda yaşasa da, davamlı olaraq Azərbaycanda olur. Onun hər iki ölkədə biznes fəaliyyətini aktiv şəkildə davam etdirdiyi deyilir.
2018-ci ildə Gözəl Dəmirovla Etimad İsmayılov arasında yaşanan insident, sonuncunun qətlə yetirilməsi Türkiyə və Azərbaycanda böyük rezonansa səbəb olmuşdu.
Sonradan bəlli olmuşdu ki, Gözəl Dəmirovla Etimad İsmayılov uzun illər şərik olublar. Hadisədən sonra Türkiyə mediasında yer alan məlumatlarda qeyd edilirdi ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul olublar. Aralarında borc məsələsi olub. Hadisə zamanı tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Gözəl Dəmirov şərikinə 3 dəfə atəş açıb. Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, Bakı Soyuducular Zavodunun keçmiş direktorunun qardaşı, istefada olan polkovnikdir. O, Azərbaycanın Sabirabad rayonundandır. Hazırda Sabirabadda onun yaxın qohumları qalmayıb. Amma onların ailəsini tanıyanlar da az deyil. Onlardan biri Həsən Həsənov modern.az-a verdiyi açıqlamada bunları demişdi: “Gözəl Dəmirov Sabirabadda anadan olub. Atası Böyükkişi Dəmirov uzun illər rayonda aptek müdiri kimi çalışıb. Anası isə evdar qadın olub. Özü də çox imkanlı ailə olublar. Hazırda Sabirabadda onun ailə üzvlərindən kimsə qalmayıb. Çünki atası, anası rəhmətə gedib. İki qardaş olublar. Anası atasından əvvəl dünyasını dəyişmişdi. Sonra atası ikinci dəfə ailə həyatı qurmuşdu”.
Dəmirov haqda məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da bizneslərinin olduğu söylənilir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ