Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder İlon Maskın atası, 79 yaşlı Errol Mask illər sonra dəhşətli bir olayı etiraf edib. O, 1998-ci ildə Cənubi Afrikanın Yohannesburq şəhərində üç silahlı şəxsi güllələyərək öldürdüyünü bildirib. Errolun sözlərinə görə, həmin şəxslər onun qızını oğurlamaq, öldürmək və meyitini bişirib yemək niyyətində imişlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, "Mirror" qəzetinə müsahibəsində danışıb.
Errol bildirib ki, dəhşətli hadisə Mask ailəsinin Sandtondakı evində baş verib. Həmin gün 7-8 nəfərlik silahlı dəstə gecə vaxtı evə gizlicə daxil olub. Errol onlarla üz-üzə gələndə, ilk atəşi də elə onlar açıblar. Buna baxmayaraq, o, iki atəşlə üç hücumçunu zərərsizləşdirə bilib.
Ümumilikdə 52 güllə atıldığını deyən Errol hadisədən xəsarətsiz qurtulduğunu və bunun karate ilə məşğul olması sayəsində mümkün olduğunu vurğulayıb.
"Məni vursaydılar, sadəcə öləcəkdim. Amma qızımı ələ keçirsəydilər… Onu öldürüb bişirəcək və yeyəcəkdilər. Polis mənə dedi ki, bu cür dəstələr insan orqanlarını, xüsusən barmaq və digər əzaları yeyərək cadugərlik yolu ilə ömürlük uğur qazanacaqlarına inanırlar", - deyə Maskın atası xatırlayır.
Errolun sözlərinə görə, hadisədən sonra o, "ehtiyatsızlıqdan adam öldürmə"də ittiham olunub, lakin özünümüdafiə məqsədilə hərəkətlərinə görə bəraət qazanıb.
ŞƏRHLƏRŞƏRH YAZ