Onlayn ictimai-siyasi qəzet
Dünyaca məşhur “SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna müharibəsi ilə bağlı sensasion açıqlama verib.
Musavat.com xəbər verir ki, o, Ukrayna ordusunun rabitə sisteminin tamamilə “Starlink” peyk internetinə əsaslandığını bildirib.
Maskın sözlərinə görə, əgər bu sistem dayandırılarsa, Ukrayna ordusunun cəbhə xətti tamamilə dağılacaq.
“Əgər mən “Starlink”i söndürsəm, onların bütün cəbhə xətti çökər. Ukraynanın cəbhədəki bütün koordinasiya və rabitə imkanları “Starlink”ə bağlıdır. Bu, müharibə strategiyasının əsas elementidir. Uzun illərdir bu çıxılmaz vəziyyətdə qan tökülməsindən bezmişəm. Ukrayna bu vəziyyətdən qaçılmaz şəkildə məğlub çıxacaq”, - deyə Mask vurğulayıb.
Siyasi şərhçi Heydər Oğuzun fikrincə, İlon Maskın indiki kritik zamanda bu cür açıqlama verməsi təsadüfi deyil.
Musavat.com-a açıqlama verən siyasi şərhçi bildirib ki, “Starlink” sahibi əslində yaxın zamanlarda atacağı addımın anonsunu yayıb:
“Onun açıqlamasında dilə gətirdiyi “Uzun illərdir bu çıxılmaz vəziyyətdə qan tökülməsindən bezmişəm. Ukrayna bu vəziyyətdən qaçılmaz şəkildə məğlub çıxacaq” kimi sözləri də bu ehtimalı təsdiqləyir. İlon Mask qan tökülməsindən bezmişəm deməklə faktiki olaraq Ukraynanın “qaçılmaz məğlubiyyəti”ni arzuladığını və onun taleyinin özündən asılı olduğunu xatırladıb. Bu iddialarında haqsız da deyil.
Ukraynanın bütün hərbi hərəkətləri, xüsusilə də raket və dron atışları birbaşa “Starlink”in təmin etdiyi rabitə sistemi ilə bağlıdır. Əgər həqiqətən də “Starlink” söndürülsə və ya Ukrayna ordusu bu xidmətdən məhrum olunsa, rəsmi Kiyev çarəsiz vəziyyətə düşəcək, sanki ətrafı dərin quyularla çevrələnmiş məkanda gəzən gözdən əlil vəziyyətinə düşəcək”.
Son zamanlar ABŞ-ın kəşfiyyat məlumatlarını Ukraynaya ötürülməsini dayandırmasının rəsmi Kiyevə böyük zərər vurduğunu bildirən Heydər Oğuz ABŞ mediasının bunu açıq şəkildə etiraf etdiyini vurğulayıb:
““Vaşinqton Post” qəzeti və “Time” dərgisinin yazdığına görə, ABŞ-ın bu qərarından sonra Ukrayna savaşında təşəbbüs rus ordusuna keçib. Döyüşlərdə yüzlərlə ukraynalı əsgər öldürülüb, Rusiya “ən kritik cəbhələrdə” irəliləyib. Media orqanlarına açıqlama verən Qərb və rus mənbələri döyüş meydanlarında vəziyyətin olduqca mürəkkəb hal aldığını vurğulayıblar.
ABŞ-ın bu qərarının ukraynalı əsgərlərdə böyük mənəvi çöküş yaşatdığını bildirən qaynaqlardan biri deyib:
“Ukrayna əsgərləri döyüşdə silah sistemləri olmadan qalıblar. Ölümlərə Rusiyanın hücumları yox, Amerikanın geri çəkilməsi səbəb olub””.
Siyasi şərhçi bildirib ki, “Starlink”in söndürülməsi nəticə etibarilə bütün kəşfiyyat məlumatlarının dayandırılmasını daha da sürətləndirəcək, bununla yanaşı, Ukrayna əsgərlərinin rus hədəflərini nişan alma imkanlarını da tamamən məhdudlaşdıracaq:
“Bəzi Avropa ölkələri Ukraynaya kəşfiyyat məlumatları verəcəklərini deməklə Zelenskini bu ağır durumdan çıxarmağa çalışırlar. Mümkündür ki, Avropa bu sahədə həqiqətən də ABŞ-ı əvəz edə biləcək. Yeri gələndə bir müddətdən sonra onlar “Starlink”in alternativini tapacaqlar. Amma Ukrayna üçün zaman gözləmir və yeni alternativlər tapılana qədər Kiyev böyük itkilərə məruz qala bilər.
Üstəlik, Ukraynanın əlindəki silahlar ABŞ rabitə sistemlərinə bağlıdır. Onları yeni sistemə uyğunlaşdırmaq olacaqmı və bu, nə zaman baş tutacaq? Qarşıya çıxan bu cür suallara birmənalı cavab vermək çətindir. Bütün hallarda ABŞ-ın və İlon Maskın bu addımları Ukraynanı ən çətin imtahana çəkmək anlamına gəlir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ