Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən deputat Ceyhun Məmmədov bildirib ki, 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı.
Musavat.com xəbər verir ki, deputat qeyd edib:
“Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi”.
Ceyhun Məmmədov əlavə edib ki, əsrə bərabər 21 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. Son 21 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb.
Bakı “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1” yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa, COP29-a ev sahibliyi edib. Dövlət başçısı tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda mövcud tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir”.
Deputat qeyd edib ki, Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan xidmətdir:
“Hamımız şahidik ki, Prezident İlham Əliyev sevincli günlərini adətən, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür, onlarla birlikdə qeyd edir. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən dövrdə əsrə bərabər inkişaf yolu keçib. Qarşıda isə xalqımızı yeni uğurlar gözləyir”.
E.Paşasoy,
Musavat.com
01 Yanvar 2025
31 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ