İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin mesajı: Aİ-də bizi gözləmirlər, Turana doğru!

Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilmək yolunda

“Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur”. 

Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib. 

Dövlətimizin başçısı qeyd edib ki, ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.

Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

Dövlət başçısı deyib ki, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Qoşulmama Hərəkatı ilə əlaqələr bundan sonra da ən yüksək səviyyədə davam etdiriləcək.  

Elşən Musayev: “Bu terror İranın simasızlığını göstərdi”

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev dedi ki, Prezidentin andiçmə mərasimində söylədiyi nitq, açıq mesajlar xarici siyasətimizin gələcək prioriteti və strategiyası baxımından çox önəmlidir: “Ələlxüsus da Türk Dövlətləri Təşkilatı və ümumilikdə Türk birliyi  ilə bağlı dediyi fikirlər diqqətləri çox çəkdi. Həqiqətən də zaman, proseslər, yaşanan hadisələr bir daha göstərdi ki, az qala bütün planetin qarışdığı və bəlkə də artıq 3-cü dünya müharibəsinin başladığı bir dönəmdə Türk Dövlətlərinin Birliyi, həmin birliyin daha da gücləndirilməsi, sarsılmaz bağlarla möhkəmləndirilməsi olduqca vacibdir. Çünki eynən cənab Prezidentin söylədiyi kimi, "Bizim ailəmiz onlardır!" Qərbdə, Avropada kimlərsə bizim hətta strateji müttəfiqimiz ola bilər. Amma ailəmiz ola bilməzlər. Bizim ailəmiz genimizlə, qanımızla, canımızla, adət-ənənələrimizlə bağlı olduğumuz  soyumuzdan, kökümüzdən olan türklərdir.  

Avropa, onun bəzi yarıtmaz başbilənləri yürütdükləri ədalətsiz siyasətlə, cılız maraqlar üzərində qurduqları hüquqa, ümumbəşəri dəyərlərə zidd strategiya ilə bəlkə də özləri belə bilmədən türk dövlətlərinin birgə, mütəşəkkil formada fəaliyyət göstərməsi üçün zəmin yaratdılar. 

Bu gün əgər Avropa Makronların, ona bənzərlərin diktəsi ilə hərəkət edirsə, belələrinin dərhal yerində oturdulması və maskalarının daha da yırtılması üçün yeni və ədalətli güc mərkəzinin yaradılmasına ehtiyac var. Hesab edirəm ki, cənab Prezidentin söylədiyi fikirlər Türk dövlətləri tərəfindən böyük rəğbətlə qarşılanacaq və Türk birliyinin daha da möhkəmlənməsi üçün ciddi stimul yaradacaq".

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 Sona Əliyeva

Siyasi şərhçi Sona Əliyeva isə hesab edir ki, Azərbaycan diplomatiyasını növbəti yeddiillikdə çətin və şərəfli bir missiya gözləyir: “Ölkə başçısı İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı növbəti yeddi ilin yol xəritəsi ilə bağlı bütün dünyaya mesaj göndərdi. Həmin hədəflərin ən başlıcası isə hücum diplomatiyamızın çoxvektorlu istiqamətdə davam etdirilməsidir. Xarici siyasətimizin yeni istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatının nüfuzunun daha da möhkəmləndirilməsi ilə bağlıdır. Türk Dövlətləri Təşkilatı artıq regionun əsas beyin və güc mərkəzi olmaq istiqamətində inamla addımlayır. Gələcəkdə bu təşkilat Azərbaycanın və Türkiyənin birgə səyləri nəticəsində böyük enerji layihələrinin ideya və icra mərkəzinə çevriləcək. Dünyanın yeni nizamında əsas söz sahiblərindən biri olacaq. Çindən Bolqarıstan sərhədlərinə qədər uzanan bu böyük coğrafi ərazi həm yeni beynəlxalq tranzit marşrutlarına ev sahibliyi etmək imkanına malikdir, həm də bir sıra beynəlxalq layihələrin icrasına maliyyə donorluğu etmək gücündədir. Qazaxıstan və Türkmənistan neft-qaz hasilatında, Özbəkistan pambıq və mədən sənayesində dünya iqtisadiyyatının əsas müvazinət nöqtələrindən sayılır. Türkiyə və Azərbaycanın bu istiqamətdə davamlı addımları Uzaq Şərqdə və "Qoca Qərb"də bir sıra layları yenidən şəkilləndirəcək. Cənab Prezident də vurğuladı ki, artıq bizi nə Qərbdə, nə də başqa beynəlxalq qurumlarda görmək istəmirlər. Ona görə də biz özümüz vahid güc olmaq yolunda 7 türk dövlətinin hərbi, siyasi, iqtisadi və mədəni gücünü birləşdirməliyik. Bu, təkcə bizim üçün yox, eləcə də digər qardaş Türk dövlətləri üçün yeni prioritetdir. Yəni min illərin arzusu olan Turan Birliyi artıq danılmaz gerçəkliyə çevrilir. Ən əsası, yeni dünya düzənində Türk Dövlətləri Təşkilatı və bu birliyin çətiri altında olan dili, dini və tarixi bir olan dövlətlər öz gedişlərini ağ fiqurlarla edəcək. Prezidentin mesajlarından aydın oldu ki, Türk Birliyi yeni dünya qütbü kimi gələcək fəaliyyətini şəkilləndirəcək. Yeni eranın başlanğıcından etibarən İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası arasındakı münasibətlər də sarsılmaz tellərlə bir-birinə bağlanacaq. Azərbaycan bundan sonra da beynəlxalq müstəvidə bu qurumun imkanlarından maksimum yararlanmaq niyyətindədir. Bizim bu təşkilatda varlığımız İƏT-in gücünə güc qatmaqdadır. Azərbaycan Qoşulmama Hərəkatına ikinci nəfəs verən əsas ölkədir. Məhz rəsmi Bakının konseptual yanaşmaları və səyləri nəticəsində bu birlik dünyanın aparıcı beyin və həmrəylik mərkəzlərindən birinə çevrildi. Yeni erada da bizim əlimiz bu təşkilatın kürəyində olacaq. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatı gələcək oyun quruculuğunda rəsmi Bakının mövqelərinin müdafiəsi baxımından əsas strateji istehkamlardan olacaq. Biz bu təşkilatların yaxın keçmişdəki səylərini və ölkəmizin haqq səsinin dünyaya çatdırılmasındakı xidmətlərini təqdir edirik. Bir sözlə, Azərbaycan diplomatiyasını növbəti yeddiillikdə çətin və şərəfli bir missiya gözləyir. Cənab Prezidentin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində biz bu şərəfli sınaqdan da alnıaçıq çıxacağıq. Buna heç kəsin şübhəsi yoxdur".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR