İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin Ərdoğana salamlarını Putin niyə söylədi? - rəylər

Rauf Arifoğlu: “Putin belə bir jestin Ərdoğana xoş gələcəyini düşünərək bu cür danışıb”

Tehranda keçirilən Astana üçlüyünün sammiti dünyanın diqqət mərkəzində idi.  Sammitdə maraqlı açıqlamalar, münasibətlərin aydınlaşdırılması, o cümlədən də kuryoz hadisələr yaşanıb. Həmin maraqlı hadisələrdən biri də Rusiya və Türkiyə prezidentlərinin ikili görüşündə yaşanıb. Belə ki, görüş zamanı V. Putin deyib ki, bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşüb. Və sonra da sosial medianın Azərbaycan seqmentində dərhal müzakirələrə, tənqidlərə səbəb olan bu sözləri söyləyib: “Sizə Əliyevdən böyük salam gətirmişəm”.

Putin bu sözləri niyə söylədi? İki qardaşın birindən digərinə salamını bir rus prezident niyə gətirməlidir? Bu ifadələrlə Putin nə demək istəyib? “Azərbaycan mənimlədir, mənim yanımdadır” mesajımı verildi?

Gec saatlar olsa da, sosial mediada məhz bu suallar istiqamətində şərhlər və müzakirələr, hətta mübahisələr vüsət götürdü.

Təhlükəsizlik eksperti İlham İsmayıl özünün facebookdakı hesabında bunu “Putinin təxribatı” adlandırıb. Sitat: “Tehranda Türkiyə prezidenti Ərdoğanla görüş zamanı Rusiya prezidenti Putin açıq təxribata əl atıb. Putin bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırladıb və Türkiyə prezidentinə ”Sizə ondan böyük salam var" deyib.

İlham İsmayıl: “DTX nəhayət peşəkara həvalə edildi”

İlham İsmayıl

Putin bununla nə demək istəyib? Azərbaycan Prezidenti Rusiyaya Türkiyədən daha yaxındırmı? Türkiyədən çox Rusiya iləmi problemlərimizi bölüşürük? Bu, keçməyən təxribatdır. Bunu həm Türkiyənin, həm də Azərbaycanın sıravi vətəndaşlarından tutmuş dövlət başçılarına qədər hamı bilir ki, Türkiyə bizim üçün ən yaxın qardaş ölkədir. Rusiya isə bütün bəlalarımızın başında gəlir. Putinin bu təxribatı da indiyədək bizə qarşı yönəlmiş Rusiya təxribatlarının tərkib hissəsidir".

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO -  Sonxeber.net

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan balanslaşdırılmış siyasət yürüdür: “Bütün dövlətlər və təşkilatlarla bərabər səviyyəli münasibət qurmuşuq, qarşılığında da eynisini tələb edirik. Rusiya və Türkiyə ilə münasibətlərimiz digər ölkələrdə müqayisədə bir qədər fərqlidir. Eyni kökə malik olduğumuz üçün bu amil Türkiyə ilə dostluq, eyni zamanda müttəfiqlik münasibətlərinin qurulmasında əsas amillərdən biridir. Bu münasibətlər xüsusilə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə daha da inkişaf edib. Bunu İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə daha aydın görürük. Bütün dünya da bunun şahididir. Dövlətimiz Rusiya ilə münasibətlərə böyük önəm verir. Baş verən neqativ hadisələrə baxmayaraq, Rusiya ilə uzun illərə söykənən diplomatik münasibət var. Lakin məsələyə daha geniş baxmaq lazımdır.  Avropada 1-ci və 2-ci dünya müharibələri zamanı dövlətlər bir-birinə qarşı amansız olublar. Nəticədə ölkələr xeyli zəifləyib, iqtisadi tənəzzülə gətirib çıxarıb. Buna baxmayaraq, bu gün Avropa təşkilatlanmış region kimi diqqət mərkəzindədir. İngiltərənin baş naziri olmuş Henri Palmerstonun deyib ki, Böyük Britaniyanın daimi dostları və daimi düşmənləri yoxdur. Böyük Britaniyanın daimi maraqları var. Azərbaycan dövləti uzaqgörən siyasət yürüdür. Türkiyə ilə münasibətlər istisnadır. Rusiya və digər qonşulara, hətta işğalçılıq siyasətinə rəğmən, düşmənçilik münasibətini unudarsa, ehtiyatlı olmaqla Ermənistanla münasibətdə də eyni siyasəti yürütməyə çalışmalıyıq. Putinin səsləndirdiyi fikirlər İlham Əliyevin nüfuzunun miqyasından xəbər verir. Qonşularla maraqların uzlaşdırıldığı siyasət yürütməliyik. Təbii ki, Azərbaycanın qırmızı xətti var. Bu xətti İlham Əliyev hər zaman əsas götürüb. Bu qırmızı xətt Azərbaycan dövlətinin və xalqının milli maraqlarıdır”.

Foto Rauf Arifoglu.jpg

Rauf Arifoğlu

Bu hadisəyə dair fikirlərini Musavat.com-la bölüşən əməkdar jurnalist Rauf Arifoğlu isə tamamilə əks fikirdədir: “Putin belə bir jestin Ərdoğana xoş gələcəyini düşünərək bu cür danışıb. Ərdoğanla ikisinin ortaq dostu olduğuna işarə edib və burada mən heç bir neqativ element görmürəm. ”Oqromnıy, bolşoy privet" hər bir rusun söhbətə körpüsüdür və bu ifadə o qədər yayğındır ki, bəzi azərbaycanlılar da onu hər gün sosial mediada işlədirlər. Putinin Ərdoğana və İlham Əliyevə tövr yapacaq, təxribat edəcək halı isə yoxdur. Türkiyə və Azərbaycanı incitmək hazırda Putinin etmək istədiyi ən axırıncı şey ola bilər. Qardaş türk ölkələrinin Rusiya ilə münasibətlərinin səviyyəsi Putinin taleyini həll edə bilən amildir. Bu baxımdan, Putinin Ərdoğana Əliyevdən salam söyləməsi Tehran-22-nin ən pozitiv fraqmentlərindən biri sayılmalıdır".

Nigar HASANLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR