İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev sabah ŞƏT-in sammitinə gedir - Bakının planı nədir?

Ekspertlərə görə, Azərbaycanın təşkilata ilkin olaraq müşahidəçi qismində qəbulu ölkəmizin  maraqlarına cavab verir

Azərbaycanın dövlət başçısı İlham Əliyev sentyabrın 15-16-da Səmərqənddə (Özbəkistan) keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində iştirak edəcək. Sammitə 15 dövlət başçısı qatılacaq. Bu tədbir 2019-cu ildən sonra ŞƏT liderlərinin ilk üzbəüz görüşüdür.

ŞƏT sammitində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə yanaşı, Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Pakistanın baş naziri Şahboz Şərif, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistanın prezidenti Emoməli Rəhmon, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov iştirak edəcəklər.

Belarus prezidenti Aleksandr Lukaşenko, İran prezidenti İbrahim Rəisi, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux sammitə müşahidəçi qismində qatılacaqlar. Ermənistanın baş naziri Paşinyan da sammitə dəvət edilib.

Şanxay Əməkdaşlıq Təşkilatı ən gənc və ən böyük, lakin dinamik inkişaf edən beynəlxalq təşkilatlardan biridir. Köhnə birqütblü dünyanın dağılmasını və yeni çoxqütblü dünyaya keçidi nəzərə almaqla,  Rusiya və Çin kimi bir neçə böyük dövlətin daxil olduğu belə təşkilatlar başqa ölkələrdə də maraq oyatmağa başlayıb. ŞƏT-in beynəlxalq vəziyyətdə statusu və rolu artmağa başlayıb.

Səmərqənd sammitində Belarusun və İranın  ŞƏT-ə üzv qəbulu proseduruna start verilə bilər. Rusiya prezidenti Vladimir Putin o zaman Tehranın ŞƏT-ə qəbulu prosedurunun başlanması təşəbbüsünü dəstəkləmişdi. Tehranın ŞƏT-ə daxil edilməsi haqqında qərar 2012-ci ildə keçirilmiş yubiley sammiti zamanı qəbul edilib. Bu ilin mayında təşkilatın baş katibi Çjan Minq bildirib ki, üzv dövlətlər Azərbaycanın (eləcə də Ermənistanın) müşahidəçi statusu alması məsələsini fəal şəkildə öyrənirlər. Ekspert hesab edir ki, gələcəkdə ŞƏT-in nüfuzu daha da artacaq və o, təkcə Avrasiya regionunda deyil, bütün dünyada daha da nüfuzlu olacaq. ŞƏT-in tərkibində türk dövlətləri təşkilatının üç üzvü var - Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Digər tərəfdən, Azərbaycana dost olan Pakistan da təşkilatda təmsil olunur. ŞƏT hərbi-siyasi birlik deyil, o, daha çox terrorizm və separatizmlə, o cümlədən, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə diqqət yetirir. Bakı bu gün məhz regional təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirir. Təşkilatın tərkibində Azərbaycanın onların həllinə nail olması daha asan olacaq.

İqtisadi üstünlüyə gəlincə, ŞƏT ÜDM-in nominal səviyyəsinə görə dünyada ikinci yerdədir, ÜDM-in alıcılıq qabiliyyəti paritetinə görə isə liderdir. Birliyə üzv ölkələrin əhalisi dünya əhalisinin təxminən 40%-ni təşkil edir.    ŞƏT-in təklif etdiyi iqtisadi imkanlar güclüdür. Bakı hazırda ŞƏT-in əsas üzvlərindən olan Çin tərəfindən irəli sürülən və marşrutu Azərbaycandan keçən “Bir kəmər-bir yol” layihəsinin inkişafında maraqlıdır.

Rusiya Ermənistanı "məhşər ayağı"na çəkir...

Rəhim Əhmədzadə

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadə tədbirin Azərbaycan üçün çox vacib olmasına diqqət çəkdi: “Bu tədbirin həm də müsbət tərəflərindən  biri odur ki, növbəti dəfə Türk  dövlətləri bir yerə toplanmış olacaq. Əlbəttə, bu sammitdə yalnız türk dövlətləri iştirak etmir, əksinə, bəzi Türk  etniklərinin problem yaşadığı dövlətlər də bu toplantıda iştirak edəcək. Bu toplantı eyni zamanda onların problemlərinin ifadə edilməsi üçün də bir fürsət yaradacaq. Ümumilikdə deyim ki, ümumbəşəri prinsip və normalara əsaslanan müasir beynəlxalq münasibətlər sistemi pozulmağa başlayıb. Bunun əsas səbəblərindən biri geosiyasi konflikti və qütb düşüncə modellərinin yenidən ortaya çıxması risklərini gücləndirən qlobal səviyyədə dərin etibarsızlıq böhranıdır. Belə bir qarşılıqlı təcrid prosesi qlobal iqtisadiyyatın yoluna qayıtmasını və qlobal təchizat zəncirlərinin bərpasını çətinləşdirir.

Lakin qlobal iqlim sarsıntıları, təbii ehtiyatların və su qıtlığının artması, bioloji müxtəlifliyin azalması, təhlükəli yoluxucu xəstəliklərin yayılması kimi problemlər cəmiyyətlərin zəif tərəflərini hər zamankındən daha çox üzə çıxarmışdır. Bütün bunlar insanların dolanışığını təhdid edir, onların gəlir mənbələrini azaldır. Bu problemlərin  həlli  hamının maraqlarına cavab verən beynəlxalq əməkdaşlığı təmin edən çoxtərəfli təşkilatlar olmadan mümkün deyil. Bu cür təşkilatlar bəzi çatışmazlıqlara baxmayaraq, regional və qlobal səviyyədə dövlətlərarası qarşılıqlı fəaliyyətin ən mühüm dirijorları kimi fəaliyyət göstərirlər. Beləliklə, onlar ölkələrə münaqişələrin öhdəsindən gəlməyə və qarşılıqlı anlaşmanı gücləndirməyə, siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə, ticarəti genişləndirməyə və mədəni və insan mübadiləsini təşviq etməyə kömək edir. Ən gənc çoxtərəfli təşkilatlardan biri olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) da bu məqsəd və vəzifələri həyata keçirir. Əslində bu təşkilat müxtəlif mədəni və sivilizasiya kodlarına, öz xarici siyasət istiqamətlərinə və milli inkişaf modellərinə malik ölkələri birləşdirməyə nail olmuş unikal dövlətlərarası strukturdur. Qısa tarixi dövründə böyük yol qət etmiş ŞƏT müasir qlobal dünyada siyasi və iqtisadi nizamın ayrılmaz elementinə çevrilmişdir. Bu gün ŞƏT böyük coğrafi ərazini və dünya əhalisinin təxminən yarısını birləşdirən dünyanın ən böyük regional təşkilatıdır. Belə bir məqamda  rəsmi  Bakının orada  iştirakı  mühüm  hadisədir. Beynəlxalq arenada öz haqlılığını  güclü şəkildə ifadə etməkdə mahir  olan  Azərbaycan üçün  bu sammit də növbəti fürsəti özündə ehtiva edir. Bu  toplantının tərəfdarları Azərbaycanın stratejik  müttəfiqləridir. Onlarla  bərabər eyni  masa arxasında oturmaq  Azərbaycan üçün də  vacibdir. Azərbaycan bu sammitdə iki  məsələyə hədəflənəcək. Birincisi Zəngəzur ticarət yolunun  açılmasına diqqət ayıracaq.  İkincisi, həm  Şanxay Əməkdaşlıq Təşkilatı, həm də Türk  dövlətləri ilə  münasibətlərin  daha  da  inkişaf etdirilməsinə çalışacaq".

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən toplantısına dəvət olunması bizim bu təşkilata olan marağımızdan irəli gəlir: “Bu təşkilatda ölkəmizin tərəfdaşları da var. Digər tərəfdən, Çinlə iqtisadi və ticarət əlaqələrimizin genişlənməsi hədəflərimizdən biridir. Çindən çıxarılan malların bir hissəsi həm də Azərbaycan üzərindən Avropaya çatdırılsın, bunun həcmi getdikcə artsın. Bu mənada təşkilat Azərbaycan üçün maraq cəlb edir. Eyni zamanda Ermənistan da bu təşkilata üzvlüyə can atır. Əgər Ermənistan üzv olsa, Azərbaycan olmasa, düşmən bu müstəvidən ölkəmizə qarşı istifadə edə bilər. Bu baxımdan təşkilatda Azərbaycanın da olması vacibdir. Üstəgəl, Türkiyə prezidenti də tədbirə dəvətlidir. Rusiya tərəfi də əslində Türkiyənin bu təşkilata üzv olmasını istəyir. Bu baxımdan Türkiyə və Azərbaycan təşkilata müşahidəçi qismində öncəliklə qatılsa, məncə, bu, hər iki qardaş ölkənin maraqlarına cavab verəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR