İnsanlara hürriyət, millətlərə istiqlal!

İlbəil artan keçid balları - xeyli abituriyent tibbi təhsil üçün xaricə üz tuta bilər

Ekspert: “Plan yerlərini bir qədər də artırmaq lazımdır ki, təhsil üçün ölkədən kənara çıxmaların qarşısı alınsın”

Hazırda ölkədə 100 minə yaxın abituriyent və onların valideynləri imtahan narahatlığı və gərginliyi yaşayır. Birinci cəhd qəbul imtahanlarında sualların çətinliyi, habelə buraxılış imtahanında bir qism şagirdin asan suallar hesabına yüksək bal yığması səbəbindən ümumilikdə 550-dən artıq bal toplayanların sayının artması, ikinci cəhd imtahanların isə daha çətin olacağı barədə proqnozlar xaotik vəziyyət yaradıb. 

Bu arada DİM sədri Məleykə Abbaszadənin keçid ballarının artacağı barədə açıqlaması onsuz da aylardır stress içərisində olan abituriyentləri daha da gərginləşdirib. “Birinci cəhddən 30 bal toplayan abituriyentlər bir ay ərzində 100 bal toplaya bilməyəcəyini bildiyi üçün artıq ikinci cəhddə iştirak etmir”, - deyə Məleykə Abbaszadə “ASAN TV”yə açıqlamasında bildirib. O qeyd edib ki, keçən il III ixtisas qrupunda 600 baldan yüksək nəticə göstərən 370 nəfər var idisə, bu il birinci cəhddən sonra 947 nəfərdir. 500 baldan yuxarı nəticə göstərən 2116 nəfər idisə, bu il 3300 nəfərdir: “Bu o deməkdir ki, yüksək keçid balı olan prestijli ixtisaslarda keçid balı artacaq. Keçən il keçid balı 500 olan ixtisas bu il, ola bilsin, 550-yə gəlib çatsın”. 

Gərginlik yaradan digər məsələ tibb sahəsinə hazırlaşanlarla bağlıdır. Bəllidir ki, tibb ixtisası hazırda ölkədə yalnız Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində tədris olunur. Gözlənilirdi ki, bu il ATU-da qəbul plan yerləri artırılacaq. Çünki 20 faiz torpaqlarımız işğaldan azad edilib, hazırda Qarabağda məskunlaşma başlayıb. Bu səbəbdən tibb sahəsində də kadrlara ehtiyac çoxalıb. Bu gözlənti səbəbindən 4-cü qrupa - tibbə hazırlaşanlar çoxdur. Lakin indi bəlli olur ki, ATU-da qəbul planında tibb ixtisasında artım yoxdur, stomatologiyada isə cəmi 7 yer artırılıb. Hansı ki, ölkədə xeyli həkim vakansiyası var, bölgələrdə həkim çatışmır. Üstəlik, yeni açılan Qarabağ Universitetində də tibb ixtisası yaradılmadı. 

Belə görünür ki, 550-580 bal toplayan xeyli abituriyent tibb sahəsi üzrə ali məktəbə düşməyə bilər. Habelə 3-cü qrupda da eyni balı toplayanlar prestijli ixtisaslardan kənarda qala bilər. Hansı ki, onlar 70-80 faiz göstəricili uşaqlardır. Belədə onlar xarici ölkələrdə təhsilə üz tuta bilər. Bu isə ölkədən beyin axını deməkdir. Çıxış yolu nədir?  

Elçin Əfəndi: "Təhsil sferasında dəyişiklik mütləqdir, valideynlərə  yazığınız gəlsin..."

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “İmtahanların birinci mərhələsi başa çatıb. Ümumi mənzərə artıq bəllidir. İlkin mərhələdə ümumi müsabiqədə iştirak edən 85 minə yaxın abituriyentdən I ixtisas qrupu üzrə sənədlərini təsdiq edənlərin sayı 30 150 nəfər olub. II ixtisas qrupu üzrə 23 957 nəfər, III ixtisas qrupu üzrə 25 146 nəfər, IV ixtisas qrupu üzrə isə 5929 nəfər birinci cəhddə imtahan verib. Bunların içərisində V ixtisas qrupu üzrə namizədlər də var. Ümumilikdə ali təhsil müəssisələri istiqamətində 100 mindən çox müraciət qeydə alınıb. Konkret I, II, III, IV ixtisas qruplarına gəldikdə isə bu ixtisas qruplarında müsabiqədə iştirak edənlərin sayı 85 min civarındadır. Birinci cəhd imtahanların nəticələrindən sonra, 2019-cu ildən kurrikulum əsasında keçirilin imtahanlardan bu günə qədər buraxılış imtahanlarında ən yüksək göstəricilər qeydə alındı. 200 bal nəticə göstərən abituriyentlərin sayı kifayət qədər çox idi. Blok imtahan nəticələrində də xüsusi olaraq I, III, IV ixtisas qrupu 500-600-dən yüksək bal toplayanların çoxluğu ötən illərlə müqayisədə kifayət qədər çoxdur. İkinci ixtisas qrupu bu qruplardan bir qədər geri qalır. Amma orada da ötən illə müqayisədə ən yüksək bal toplayan abituriyentlərin say çoxluğu var. Qaldı ki, 85 min abituriyentin müraciəti əsasında ayrılan plan yerinə, qeyd etmək lazımdır ki, bu il 60 minə yaxın plan yeri nəzərdə tutulub. Üç yeni universitet fəaliyyətə başlayır. Biri Qarabağ Universitetidir, buraya təxminən 1120-ə yaxın tələbə qəbulu nəzərdə tutulur, digəri Türkiyə-Azərbaycan Universitetidir - burada da 3 ixtisas üzrə cəmi 90 tələbənin qəbulu planlaşdırılır. Üçüncü isə ADA Universitetinin tabeliyində olan İtaliya Universitetidir. Orada da bir neçə ixtisas üzrə qəbul aparılacaq. Bir universitet də (Naxçıvan özəl universiteti) bağlandı. Yəni oradakı plan yerləri sıradan çıxır. İlkin proqnoz kimi düşünmək olar ki,  əgər 85 min nəfər müraciət edibsə və bu qruplar üzrə cəmi 60 min yer ayrılıbsa, bu il təqribən 20-22 min nəfər müsabiqədən kənarda qalacaq. Bunlar da ümumi müsabiqə şərtini ödəməyənlərdir. Hər bir ixtisas qrupunda ümumi müsabiqə şərti belədir ki, 150 bal həddini keçməlidirlər. İkinci cəhd imtahan iyulun 7-14-də keçiriləcək. Ötən illə müqayisədə ikinci cəhd imtahan verən abituriyentlərin sayı bu il çoxdur. Ötən ildən bəri I ixtisas qrupunda 1000 nəfər artıq abituriyent imtahan verəcək. II ixtisas qrupunda say azlığı var. III ixtisas qrupunda 500-ə yaxın artım var. IV ixtisas qrupunda isə 70 nəfər artıq iştirak edən var. Bu amil ixtisaslar üzrə formalaşacaq keçid ballarına təsir edəcək. Birinci cəhddən sonra nəticələr yüksəkdir, ikinci cəhdə də artacaqsa, bu, keçid balına təsir edəcək”. 

O ki qaldı müsabiqədən kənar qalanların başqa ölkələrə üz tutmasına, ekspert bunları deyib: “Müsabiqədən kənar qalan 22 min şəxsin nəticəsi çox aşağıdır. Əlbəttə, 500-600 bal toplayıb, Azərbaycan universitetlərini istəmirsə, bu bizim üçün faciəvi qiymətləndirilə bilər. Amma kimsə 80-90 bal toplayırsa və kənarda qalırsa, onlar da kolleclərə, peşə təhsili istiqamətinə yönləndirilməlidir. Bu il plan yeri 3 minə yaxın artdı. Növbəti illərdə plan yerlərini bir qədər də artırmaq lazımdır ki, təhsil üçün ölkədən kənara çıxmaların qarşısı alınsın. O cümlədən peşə təhsili müəssisələri ilə bağlı güclü təbliğat aparılmalıdır. Aidiyyəti qurumlar çalışmalıdır ki, əhali yalnız ali təhsil deyil, peşə təhsili istiqamətinə yönəlsinlər. Xaricə beyin axınının qarşısını belə almaq olar”.  

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov abituriyentlərin ən çox verdiyi suallara cavab verib: “I cəhd imtahanında toplanan baldan asılı olmayaraq II cəhd imtahanında iştirak edə bilərsiniz, 0 bal olsa belə. İxtisas seçimində iştirak etmək üçün hər hansı bir fəndən bal limiti yoxdur, iki fəndən 0, 1 fəndən 100-dən yuxarı bal toplamısınızsa və buraxılış nəticəniz yaxşıdırsa, universitetə qəbul ola bilərsiniz. Kolleclərə ixtisas seçimində iştirak etmək üçün Azərbaycan dili üzrə minimal bal 10, riyaziyyat üzrə 10 bal, ingilis dili üzrə bal limiti yoxdur. I cəhd imtahanında yığdığınız imtahandan II cəhddə az yığsanız, avtomatik olaraq ən çox yığdığınız bal göstərilir. I cəhd imtahanına elektron ərizə qəbulunda iştirak etməyən, yəni I cəhd imtahanında iştirak etməyən abituriyentlər II cəhddə qeydiyyatdan keçib iştirak edə bilər”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR