Onlayn ictimai-siyasi qəzet
Birmənalı olaraq, Ukraynanın Novaya Kaxovka şəhərində yerləşən su-elektrik stansiyasının bəndinin partladılması hərbi cinayətdir. Bunun hərbi məqsədi nə olur-olsun, hədəfdə mülki əhali, onların həyatı və varidatdır.
Bu nəhənglikdə su bəndinin dağıdılması bütöv bir dənizin dinc əhalinin üzərinə axıdılmasıdır, qətliama cəhddir, genosid aktına bərabərdir.
Ona görə ki, söhbət 40 mindən artıq insanın taleyindən gedir. Bir dövlətin o qədər insanı bir neçə saatın içində təxliyə etməyə gücü çatmaya bilər, o zaman minlərlə qoca, uşaq, qadın, xəstə, hərbi mükəlləffiyyəti olmayan şəxslər kütləvi şəkildə daşqınların qurbanı olacaq.
Fəqət bu barədə əmr verənlər, görünür, hər hansı bir humanist mülahizəni yaxın qoymayıblar. Onlara lazım olan odur ki, nə etsinlər, necə etsinlər, ciddi müqavimət göstərən, hələ Rusiyanın üzərinə əks-hücuma keçməyə çalışan Ukraynanın dizini yerə gətirsinlər.
Belə bir addımı atmaq əsasən uduzan, özünün zəif durumda olduğunu dərk edən tərəfin çarəsizliyinin əlamətidir. Düşmənə qalib gələcəyinə əmin olan tərəf belə hərbi cinayətlərə əl atmaz, öz düşmənini məğlub etmək üçün onun mülki əhalisini “vurmaq” acizliyi nümayiş etdirməz. Özlüyündə bu da terror aktıdır.
Xatırlayırsınızsa, 2020-ci ilin oktyabr ayı boyunca ermənilər bir neçə dəfə Mingəçevir su-elektrik stansiyasının (SES) bəndini vurmağa çalışaraq, eyni faciəni bizə də yaşatmaq istəyirdilər. Kartoqrafiyada və publisistik ədəbiyyatda “Mingəçevir dənizi” adlandırılan böyük su hövzəsinin bəndinin dağıdılması baş tutsaydı, ölkəmizin 6-7 rayonu, Kürqırağı şəhərlər, minlərlə kənd su altında qala bilərdi.
O zaman ermənilər də bu cinayətə əlacsızlıq, çarəsizlik övqatına qapıldıqları, addım-addım yaxınlaşan məğlubiyyətdən necəsə qaçmaq üçün əl atmaq istəyirdilər. Əslində, onlar o cinayəti törətməyə təşəbbüs göstərirdilər, Mingəşeviri uzaq mənzilli raketlərlə vururdular, ancaq Azərbaycanın hava hücumundan müdafiə qüvvələri hər dəfə həmin raketləri havadaca vurub salırdı. Vurulan raketləri gurultusu eşidilir, terror aktının “gurultusu” isə batırdı.
Bir dəfə isə ermənilərin ən güclü raket-zenit kompleksi öz raketlərini Mingəçevir SES-ə tuşlamağa macal tapmamış, elə dislokasiya yerində, Berd rayonunda məhv edildi.
Mütəxəssislərin fikrincə, Mingəçevir SES-in bəndləri elə də asanlıqla dağıdıla biləcək bir şey deyil. Hətta deyilənə görə, bu bəndlər 10-11 ballıq zəlzələyə tab gətirəcək möhkəmlikdədir.
Bununla belə, şişərək nəhəng kütlə halına gəlmiş və önü bir qədər açılmış su qədər dağıdıcı heç nə yoxdur. Daşqınların, sunamilərin çay və dəniz kənarında yerləşən şəhərləri darmadağın etdiyini çox görmüşük.
İndi Ukrayna və Avropa Kaxovka SES-in bəndinin dağıdılmasında Rusiyanı ittiham edir, Moskva isə iddiaları yaxın qoymur. Ancaq bu, elə bir irimiqyaslı təxribat aktırdır ki, bunu hansısa bir taqım, həm də özbaşına həyata keçirə bilməz.
Elə ermənilər də Mingəçevir SES-ə tuşladıqları raketlərin hədəfi barədə başqa söz danışırdılar, bənd dağılsa da, “biz etdik” deməyəcəkdilər, deyəcəkdilər ki, bəndin yaxınlığındakı hərbi hissəni vurmaq istəyiblər, amma raket səhvən bəndə dəyib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ