Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronla ardıcıl telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, əsas mövzu Rusiya-Ukrayna müharibəsində sülh danışıqlarının bərpası və yeni atəşkəs təşəbbüsüdür.
Xəbər verdiyimiz kimi, Ərdoğan-Putin görüşündə Rusiya liderinin “15 mayda Ukrayna ilə İstanbuldakı danışıqlar ön şərtsiz bərpa olunsun” çağırışına Türkiyənin “tam dəstək verdiyi” bildirilib. Kremlin məlumatına görə, Prezident Ərdoğan bu təşəbbüsü alqışlayaraq, İstanbulun müzakirələr üçün platforma kimi istifadəyə hazır olduğunu vurğulayıb. O, həmçinin Rusiya-Ukrayna arasında “dayanıqlı barışın əldə olunması üçün mümkün olan bütün dəstəyi verməyə hazır olduqlarını” qeyd edib.
Ərdoğan həmçinin qeyd edib ki, hazırkı mərhələdə genişmiqyaslı atəşkəsin təmin olunması sülh müzakirələri üçün əlverişli mühit yaradacaq və bu tarixi fürsətin dəyərləndirilməsinə ehtiyac var.
Makronla danışıqda da Ərdoğan Ukrayna-Rusiya müharibəsinin bitməsi üçün ortaya çıxan bu yeni imkanın əldən verilməməsinin vacibliyini vurğulayıb. O, sülhün təmin olunması və Ukraynanın bərpası mərhələsində Fransayla əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub.
Qeyd edək ki, Vladimir Putin dünənki çıxışında “Biz qələbəmizi elan edirik və üçüncü dəfə atəşkəs təklif edirik. Türkiyə sülh üçün çox çalışdı. Ukrayna ilə 15 mayda İstanbulda ön şərtsiz birbaşa danışıqların bərpasını təklif edirik” – deyə açıqlama vermişdi.
İstinad: TRT Haber, Kremlin.ru, Anadolu Ajansı
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ