Onlayn ictimai-siyasi qəzet
Ekspert: “İlk növbədə rəqabətqabiliyyətli məhsul istehsalını yoluna qoymaq, sonra”...
Azərbaycanda qeyri-neft məhsullarının ixracının artırılması uzun illərdir aktual məsələ kimi qarşıda durur. Qlobal səviyyədə neft-qaz kimi qalıq yanacaqlardan bərpa olunan təmiz enerjiyə keçid prosesinin sürətlənməsi ixracatçı ölkələrin hamısını qeyri-mədən sektorunu inkişaf etdirmək kimi qaçılmaz vəzifə ilə üz-üzə qoyub. Azərbaycan da alternativ enerjiyə keçid prosesində geridə qalmamaqla yanaşı, qeyri-neft-qaz sektorunun inkişaf etdirilməsi, ölkəyə neft-qazdan kənar və stabil valyuta axınının təmin olunması kimi son dərəcə zəruri çağırışla qarşılaşıb.
Bir çox mütəxəssislərə görə, ölkəmizdə valyuta axınında qalıq yanacaqdan asılılığın azaldılması üçün zəruri olan bütün addımlar vaxtında və ardıcıl atılmır. Xüsusilə kənd təsərrüfatı, emal sənayesi kimi sahələrdə istehsalın artırılması, ixrac üçün rəqabətqabiliyyətli məhsul buraxılışının təmin olunması, turizmin inkişafı üçün real şərtlərin təmin olunması baxımından Azərbaycanda görüləsi işlərin çox olaraq qaldığı bildirilir.
Müstəqil ekspertlər son illərdə qeyri-neft ixracının müntəzəm artımını müsbət hal kimi dəyərləndirsələr də, artım dinamikasını, ixracın həcmi və ixrac bazarlarının diversifikasiyasını heç də yetərli hesab etmirlər.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft məhsulları 110-dan çox ölkəyə ixrac edilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin verdiyi məlumata görə, Azərbaycan məhsulları əsasən Rusiyaya, qismən isə Türkiyə, Gürcüstan, İsveçrə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan və Rumıniyaya ixrac edilib: “Ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord qeydə alınıb. 2023-cü ildə Azərbaycan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 9,8 faiz çoxdur”.
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 13 milyard 633,4 milyon ABŞ dolları təşkil edib. “Yeni Müsavat” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz azalma deməkdir. Dörd ayda Azərbaycan xaricə 8 milyard 168 milyon 591.68 min dollarlıq mal və məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixracımızın 4 milyard 416 milyon 221.26 min dollar və ya 36,1 faiz azalması deməkdir.
Cari ilin 4 ayında ümumi ixracımızın 7 milyard 248 milyon 577.70 min dollarını neft-qaz sektoruna, 920 milyon 13.98 min dollarını isə qeyri-neft-qaz sektoruna daxil olan mallar təşkil edib. Neft-qaz ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 faiz və ya 4 milyard 149 milyon 16.58 min dollar, qeyri-neft ixracımız isə 22,5 faiz və ya 267 milyon 204.68 min dollar azalıb.
Qeyri-neft-qaz sektorunun əsas məhsulları olan kənd təsərrüfatı, kimya sənayesi məhsullarının ixracında isə artım var. Belə ki, bu ilin yanvar-aprelində ölkədən 180 milyon 312.37 min dollarlıq meyvə-tərəvəz ixracı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 19 milyon 244.35 min dollar və ya 12 faiz artım deməkdir. Dörd ayda bir sıra kənd təsərrüfatı məhsullarının ixracında kəskin artım qeydə alınıb. Məsələn, bu dövrdə Azərbaycandan 27 milyon 781 min ABŞ dolları dəyərində 35 362 ton xurma ixrac edilib. Bu, ötən illə müqayisədə dəyər ifadəsilə 89 faiz, miqdar ifadəsilə 75 faiz artım deməkdir: Azərbaycandan 2023-cü ilin eyni aylarında 14 milyon 727 min dollar dəyərində 20 248 ton xurma ixrac edilmişdi.
Rusiyada pomidor idxalının rüsumlardan azad edilməsi Azərbaycandan bu məhsulun ixracında ciddi artıma səbəb olub. Dörd ayda ümumilikdə ölkədən xaricə 71 milyon 167.17 min dollar dəyərində 52 175.34 ton pomidor ixrac edilib. Bu, ötən ilin dörd ayı ilə müqayisədə dəyər ifadəsində 31,4 faiz(Ötən il 54 milyon 161.50 min dollarlıq ixrac olmuşdu - red. ), miqdar baxımından isə 20,4 faiz (43 338.09 ton) artım deməkdir.
İxracında ciddi artım olan daha bir məhsul pambıq lifidir. Bu ilin dörd ayında 78 milyon 691.75 min dollar dəyərində, 51 994.98 ton pambıq lifi ixrac olunub. Ötən illə müqayisədə ixrac dəyər baxımından 205 faizdən çox, miqdar ifadəsində isə 248 faiz artıb.
Yanvar-aprel aylarında qeyri-neft-qaz məhsullarından almanın, bitki və heyvan mənşəli piylər və yağların, alüminium və ondan hazırlanan məmulatların da ixracında artım olub.
Ötən illə müqayisədə ixracı azalan məhsullar arasında isə nar, şəkər, çay, kartof, kimya sənayesi məhsulları və sair var.
İxraca yönəldilən qeyri-neft məhsullarının çeşidinin, həcminin artırılması, ixrac coğrafiyasının genişləndirilməsi hazırda qarşıda duran ən mühüm məsələlər hesab olunur. Məsələ burasındadır ki, Azərbaycanın kənd təsərrüfatı ixracının aşağı-yuxarı 90 faizi bir bazara - Rusiyaya ixrac olunur. Bu isə Rusiyanın kifayət qədər etibarsız tərəfdaş olduğunu nəzərə aldıqda, qətiyyən müsbət tendensiya hesab oluna bilməz.
Azərbaycan hökuməti qeyri-neft ixracının stimullaşdırılması üçün bir sıra addımlar atır. Məsələn, kənd təsərrüfatı istehsalı çoxsaylı mexanizmlər vasitəsilə dövlət tərəfindən dəstəklənir. Bilavasitə ixracın dəstəklənməsi üçün 2016-2020-ci illərdə ixrac təşviqinin ödənməsi mexanizmi tətbiq olunub. İxrac təşviqinin ödənməsi 2016-cı il 6 oktyabr tarixindən qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi həyata keçirilib. Ödənilən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edib. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən ixrac təşviqinin ödənilməsi müddəti bitənədək 157 sahibkarlıq subyektinə 27,5 milyon manatdan çox dövlət büdcəsi hesabına ixrac təşviqi ödənilib. Bu mexanizmin tətbiqi sayəsində 5 il ərzində yeni və ənənəvi ixrac bazarlarında daxili tələbatı ödəməklə ixrac potensiallı məhsulların qiymətinin rəqabətqabiliyyətliliyi təmin olunub. Bunun nəticəsində sözügedən məhsullar bazarlarda öz yerini tutub, istehlakçıların rəğbətini qazanıb ki, bu da mexanizm qüvvədən düşəndən sonra belə həmin məhsulların ixracının yüksək səviyyədə qalmasını təmin edib.
İndi isə hökumət daha bir mexanizm işə salmağa hazırlaşır. Yusif Abdullayev bildirib ki, yaxın zamanlarda ölkənin Milli İxrac Strategiyasının, eyni zamanda logistikanın subsidiyalaşdırılması istiqamətində müvafiq sənədlərin təsdiq edilməsi gözlənilir. Onun sözlərinə görə, tətbiq ediləcək mexanizmlər ixracatçılara dəstək məqsədi daşıyır: “Bununla yanaşı, birbaşa xarici investisiyaların təşviqi strategiyası da hazırlanıb”.
Bugünlərdə Banker.az-ın yaydığı məlumata əsasən, artıq İqtisadiyyat və Maliyyə nazirlikləri Azərbaycan ixracatçıları və logistika şirkətlərinin yeni bazarlara çıxışını stimullaşdırmaq üçün pilot layihə hazırlayıblar: “İki nazirlik birgə Nazirlər Kabinetinə təklif təqdim edib. Təklifə əsasən, 5 il ərzində xarici bazarlara malların daşınması xərclərinin 75 faizə qədəri dövlət tərəfindən subsidiyalaşdırıla bilər. Bu dəyişiklik Azərbaycan istehsalı olan malların Körfəz ölkələri, Yaponiya, Cənubi Koreya, ABŞ kimi bazarlara çıxışını təmin edə bilər”.
Sayta danışan mənbənin fikrincə, qismən subsidiya mexanizmi vasitəsilə həm yerli ixracatçılar, həm də yerli logistika şirkətləri inkişaf edəcək. Mənbə bildirib ki, bu təklif Azərbaycanın bütün nəqliyyat və logistika assosiasiyalarında müzakirə mərhələsindən keçib və böyük həvəslə qarşılanıb: “Belə bir mexanizmin qəbulu həm də Azərbaycan məhsullarının ənənəvi bazarlara tədarükünü artıra bilər. Subsidiya yüksək nəqliyyat xərcləri və malların saxlanması (yüklənməsi) üçün xərclər olan logistika sahələrində istifadə oluna bilər”.
Qeyd olunur ki, əgər bu təklif hökumət tərəfindən təsdiqlənsə, Azərbaycan ixracatçıları üçün logistikanın qismən subsidiyalaşdırılması mexanizmi artıq 2024-cü ildən tətbiq oluna bilər.
Onu da qeyd edək ki, nəqliyyat xərclərinin yüksəkliyini bir çox ixracatçı birlikləri ixrac coğrafiyasının genişləndirilməsi yolunda başlıca problem kimi qiymətləndirirlər. Məsələn, pomidor ixracatçıları Körfəz ölkələrindən Azərbaycan məhsuluna marağın olduğunu, lakin nəqliyyat xərcinin yüksəkliyi üzündən məhsulumuzun o bazarda Mərakeş məhsulu ilə qiymət rəqabətinə davam gətirmədiyini deyirlər. Eyni problem digər məhsullar üzrə və digər bazarlarda müşahidə olunur.
Eldəniz Əmirov
İxracatçıların nəqliyyat-logistika xərclərinin dövlət tərəfindən subsidiyalaşdırılması bu problemin tam həllinə gətirib çıxara bilərmi? Bu mexanizm hansı hallarda daha effektli ola bilər? Sualları cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirov bildirir ki, Azərbaycanda qeyri-neft məhsullarının ixracı sahəsində mövcud olan əsas problem bu məhsulların xarici bazarda qiymət rəqabətində digər ölkələrin məhsullarına uduzmasıdır: “Bunun da bir neçə səbəbi var. Onlardan biri milli valyuta olan manatın digər valyutalar qarşısında mövqeyinin güclü olmasıdır. Bu şəraitdə yerli məhsullar ixrac bazarlarına daha baha qiymətə gedib çıxır. Digər bir səbəb bizdə ixrac edilən məhsulların istehsalı prosesinin kütləvi olmadığına görə 1 məhsulun maya dəyərinin kütləvi istehsalın olduğu digər ölkələrdən baha başa gəlməsidir. Başqa bir məsələ standartlarla bağlıdır. Xüsusilə Avropa İttifaqının tələblərinə uyğun məhsul istehsalını təmin etmək mümkün olmur, çünki maya dəyəri çox yüksək olur və bazar tapmaq mümkün olmur”.
Ekspertin sözlərinə görə, Azərbaycanda qeyri-neft ixracının artırılması üçün ilk növbədə ölkədə bu sektorun səmərəli inkişafı təmin olunmalıdır: “Yəni əsas ixrac bazarlarının standartlarına uyğun məhsul istehsalının təmin olunması lazımdır ki, növbəti mərhələyə - ixracda rəqabətqabiliyyətliliyin artırılmasına keçilsin. Bu sahədə müsbət nəticənin əldə edilməsi üçün nəqliyyat-logistika xərclərinin subsidiyalaşdırılması atıla biləcək addımlardan biridir. Düşünürəm ki, dəqiq və işlək mexanizm formalaşdırılarsa, müsbət effekt verə biləcək tədbirdir”.
Dünya SAKİT,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ