Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana son rəsmi səfəri təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Avropa İttifaqı ilə əlaqələr və regional geosiyasi kontekstdə ciddi əhəmiyyət daşıyır. Budapeştdə keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan və Macarıstan yalnız enerji sahəsində deyil, həm də siyasi və ideoloji baxımdan yaxın müttəfiqə çevrilməkdədir.
Prezident İlham Əliyevin Budapeştdə keçirdiyi görüşlər zamanı Macarıstanın Baş naziri Viktor Orban haqqında səsləndirdiyi fikirlər xüsusi diqqət çəkdi. O, Avropa İttifaqına üzv bir ölkənin öz milli maraqlarını qətiyyətlə müdafiə etməsini “əsl qəhrəmanlıq” adlandırdı:
“Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə və bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq”,- İlham Əliyev mətbuata bəyanatla çıxış edərkən deyib.
Bu bəyanat təkcə diplomatik kompliment yox, həm də dərin siyasi məna daşıyır. Aİ daxilində inteqrasiya ilə milli suverenliyin toqquşduğu bir zamanda Viktor Orban kimi liderlərin öz yolunu seçməsi, milli və ailə dəyərlərinə sadiq qalması, xarici təzyiqlərə boyun əyməməsi həm Brüsseldə, həm də Avropanın daxilində müzakirə mövzusudur.
Azərbaycan Prezidentinin bu prinsipiallığı açıq şəkildə dəstəkləməsi rəsmi Bakının beynəlxalq siyasətdə tərəfdaş seçiminin dəyərlər üzərindən qurulduğunu göstərir. İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan müstəqil siyasət yürüdür, heç bir blok qarşıdurmasında tərəf tutmur, ancaq suverenliyinə və milli maraqlarına hörmət edən ölkələrlə sıx əməkdaşlığa üstünlük verir.
Dövlət başçısının fikrindən sitat: “Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır.
Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”.
Macarıstan son illərdə Avropa İttifaqı daxilində ən çox müzakirə olunan ölkələrdən biridir. Bunun başlıca səbəbi Viktor Orbanın yürüdüyü sərt, prinsipial və milli dəyərlərə əsaslanan siyasətdir. Macarıstan hökuməti ailə institutunun qorunmasını, gender və multikultural təbliğatın məhdudlaşdırılmasını prioritet elan edib. Eyni zamanda Budapeşt Brüsselin miqrasiya siyasətinə, qeyri-tradisional sosial təşəbbüslərinə qarşı çıxmaqdan çəkinmir.
Bütün bu mövqelər Aİ-nin bir çox aparıcı ölkələrində narahatlıq doğurur. Amma Macarıstan rəhbərliyi xarici tənqidlərə baxmayaraq, öz yolundan dönmür. Viktor Orbanın bu məsələlərdə prinsipiallığı, qərarlılığı onu həm də Azərbaycan kimi milli maraqlara əsaslanan siyasət yürüdən ölkələr üçün nümunəyə çevirir.
Azərbaycan və Macarıstan arasındakı münasibətlər təkcə enerji resurslarının tədarükü və iqtisadi sahədə əməkdaşlıqla məhdudlaşmır. Strateji tərəfdaşlıq artıq ideoloji və siyasi müstəviyə keçib. Azərbaycanın Macarıstanda gördüyü etibarlı tərəfdaş obrazı yalnız “yaşıl enerji” layihələrində və qaz tədarükündə deyil, həm də mədəni dəyərlərin qorunması, suveren qərarvermə hüququnun müdafiəsi kimi məsələlərdə də özünü göstərir.
Azərbaycan Avropa ilə münasibətlərində daim balanslı siyasət yürüdüb. Amma Avropa İttifaqının bəzi təsisatlarının Azərbaycana qarşı birtərəfli, qeyri-obyektiv yanaşması fonunda Macarıstan kimi dövlətlərin açıq dəstəyi Bakı üçün xüsusi əhəmiyyət daşıyır. Budapeşt bu mənada Aİ daxilində Azərbaycanın səsini anlayan, onu müdafiə edən nadir paytaxtlardan biridir.
Bu gün Azərbaycan və Macarıstan təkcə siyasi deyil, həm də humanitar, mədəniyyət, təhsil və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Budapeştdəki son görüşlərdə bu istiqamətdə konkret layihələr və təşəbbüslər müzakirə olundu.
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında bildirib ki, artıq 20 ildən çoxdur Azərbaycan Macarıstanın istənilən sahədə üzləşdiyi çətinlikdə yanında olub. Onun sözlərinə görə, bu gün beynəlxalq diplomatiyada təlatüm hökm sürür, çağırışlar artır: “Belə fonda dost ölkələr bir araya gəlib məsələləri müzakirə etməlidirlər”. Baş nazir qeyd edib ki, son yeddi ildə türk dövlətləri ilə münasibətlər Macarıstan üçün daha da böyük əhəmiyyət kəsb etməyə başlayıb.
Gözlənilir ki, qarşıdakı dövrdə Azərbaycan-Macarıstan münasibətləri daha da dərinləşəcək və regional, hətta qlobal çağırışlar qarşısında bu iki dövlət bir-birinə dəstək olan nümunəvi tərəfdaşlara çevriləcək.
Şahanə Rəhimli
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ