Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreya Şimali Koreyanın işğalçılara kömək etməsi halında Ukrayna Silahlı Qüvvələrinə qabaqcıl silah göndərəcəyini bildirib. Seulun böyük döyüş sursatı və müasir silah arsenalını nəzərə alsaq, Kiyevə belə əməkdaşlıq sərfəlidir.
"Focus"un eyni millətli iki Asiya ölkəsinin ordularının müharibənin gedişatına təsiri ilə bağlı araşdırmasını Musavat.com olaraq diqqətinizə çatdırırıq.
Şimali Koreyanın nizami ordusunun əsgərlərinin Rusiya-Ukrayna müharibəsində iştirak niyyəti artıq heç kimə sirr deyil. Ötən həftə Şimali Koreya hərbçilərinin Rusiyada olmasına dair daha çox sübutlar ortaya çıxdı. Cənubi Koreya kəşfiyyat xidməti Şimali Koreya kontingentinin hərəkəti ilə bağlı bildirib ki, təxminən 1500 xüsusi təyinatlı Vladivostokdakı poliqona gəlib, ümumilikdə Pxenyan Rusiya Silahlı Qüvvələrinə kömək üçün 12 min hərbçi göndərməyi planlaşdırır.
Şərqdə hərbi təlimlərin görüntüləri internetdə yayılıb. OSINT analitikləri kadrlardan istifadə edərək bu yerlərin Şimali Koreya sərhədində, Primorsk vilayətindəki 127-ci motoatıcı diviziyanın 44980 saylı hərbi hissəsi olduğunu müəyyən ediblər. Ukrayna hərbi komandanlığı hesab edir ki, Koreya əsgərlərini Kursk bölgəsində döyüşlərdə istifadə edəcəklər.
Şimali Koreya nümayəndələri hərbçilərin yer dəyişməsi barədə məlumatlara ilk dəfə 22 oktyabrda, yola salınmalarının başlanması xəbərinin yayılmasından iki həftə sonra reaksiya verdilər.
Pxenyan Seulu rus qruplaşmalarını dəstəkləmək üçün nizami ordu göndərməkdə günahlandıran məlumatları əsassız şayiələr adlandırıb.
"Aydındır ki, Rusiya ilə hərbi əməkdaşlıqla bağlı deyilənlər şayiə səviyyəsində olan cəfəngiyyatdır və Şimali Koreyanın imicini ləkələmək, iki suveren dövlət arasındakı qanuni, dost və tərəfdaşlıq əlaqələrinə zərbə vurmaq məqsədi daşıyır", - deyə Şimali Koreya nümayəndəsi BMT Baş Assambleyasının silahsızlanma və beynəlxalq təhlükəsizlik komitəsinin iclasında bildirib.
Açıq məlumatlara əsasən, Şimali Koreya hələlik hərbi texnika olmadan piyada qüvvələri yeridir. Hərbçilərə texnikanın verilib-verilməyəcəyi və ya onların Rusiya texnikasından istifadə edib-etməyəcəyi hələ məlum deyil.
"Cənubi Koreya Şimali Koreya və Rusiya arasındakı hərbi əməkdaşlığın dərinləşməsinə mərhələli cavab verəcəyini vəd edir. Seul Ukraynaya kəşfiyyat zabitləri və Şimali Koreya ordusunun taktika üzrə ekspertlərini göndərə bilər. Cənubi Koreya personalı əsir götürülən Şimali Koreya əsgərlərindən dindirilmələrdə və ya tərcümə məsələlərində yardımçı ola bilər, həmçinin Kiyevə KXDR-in hərbi taktika və əməliyyatları haqqında məlumat verə bilər.
Cənubi Koreya dünyanın ən böyük silah təchizatçılarından biridir, lakin silahları birbaşa Ukraynaya göndərmir. Keçən il ABŞ öz ehtiyatlarından Ukraynaya 300 min ədəd 155 mm-lik Cənubi Koreya mərmisi ötürmüşdü. Mümkün ssenarilər müdafiə və hücum silahlarının Ukraynaya göndərilməsini nəzərdə tutur. Cənubi Koreya ordusu hava hücumundan müdafiəni gücləndirmək üçün KM-SAM orta mənzilli zenit-raket kompleksi də daxil olmaqla, bir çox müdafiə sistemlərindən istifadə edir. Hücum silahları arasında 155 mm-lik artilleriya mərmiləri, K9 özüyeriyən haubitsaları, K2 döyüş tankları və Chunmoo reaktiv yaylım atəşi sistemləri var.
Şimali Koreya 17 oktyabrda Cənubi Koreyanı "düşmən dövlət" kimi tanıyıb, 2024-cü ilin yanvarında isə Kim Çen In iki ölkənin sülh yolu ilə birləşməsinə dair müddəanı çıxarıb. İndi isə Ukraynada iki dünya, avtokratik və demokratik sistemlər qarşı-qarşıya gəlib. Ona görə də Koreyalar arasında qarşıdurma gözləniləndir, - deyə beynəlxalq ekspert Maksim Yali bildirib.
"Koreya xalqı bir olsa da, sistemləri fərqlidir. Dünya o qədər qloballaşıb ki, bir hissəsindəki hərbi münaqişələr digərində əks olunur. Seul başa düşür ki, Ukraynada müharibə demokratiya və avtokratizm arasında qlobal qarşıdurmaya çevrilə bilər.
Əgər Rusiya və KXDR qalib gəlsə, növbəti hədəf Cənubi Koreya olacaq", - deyə o əlavə edib.
Şimali Koreya artıq uzun müddətdir ki, Çinin proksi dövlətinə çevrilib, çünki Pekin onun iqtisadiyyatının 90%-dən çoxunu idarə edir. KXDR-ə hərbi və nüvə texnologiyalarını Çin ötürüb.
Rusiya və Şimali Koreya arasındakı əməkdaşlıq səviyyəsi rejimlərinin oxşarlığına görə yüksəkdir. Qərb demokratiyaları tərəfdaşları ilə bir çox razılaşmalar aparır, avtokratlar isə partiya tapşırıqları verir və dərhal hərəkətə keçir.
"Rusiyaya raket zərbələri endirmək məsələsində Qərbin mövqeyi fərqlidir. Fransa və Böyük Britaniya buna müsbət yanaşır, Almaniya və ABŞ isə tərəddüd edir. Demokratik rejimlərin hərbi vəzifələri seçki dövrlərindən asılıdır. Hər bir siyasətçi və partiyanın məqsədi növbəti seçkilərdə qalib gəlməkdir, lakin Putin və Kim Çen In dəyişməz liderlərdir, onlara bu vacib deyil", - ekspert izah edib.
Rusiya Şimali Koreya ordusunun korpusundan Bryansk, Kursk və Belqorod bölgələrində sərhədləri qorumaq üçün istifadə edə bilər. Bu korpus sayca "Bryansk" qrupunu üstələyir. Döyüş təcrübəsi qazanmaq Şimali Koreya üçün prioritet deyil. Şimali Koreya xüsusi təyinatlıları daim müharibələrdə iştirak edirlər: 1970-80-ci illərdə onlar qeyri-rəsmi olaraq Anqola vətəndaş müharibəsində iştirak ediblər.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ