İnsanlara hürriyət, millətlərə istiqlal!

İki dünya nəhəngi “gizli savaş ssenarisi” yazır: Cənubi Qafqazın “xaos planı” hazırlanır

Rusiyanın əsas hədəfi ondan ibarətdir ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsi uzun müddət “erməni terrorizmi”nin qapalı zonası kimi qalsın, ona görə də, Kreml bölgədə mütləq silahlı toqquşmaların baş verməsinə çalışır... Cənubi Qafqazın “yeni Suriya”ya çevrilməsi ilə bağlı maraqları Fransayla uzlaşan Kreml həm sülh prosesini pozmaq, həm də rus sülhməramlıların Azərbaycanın Xankəndi və ətraf bölgəsində yerləşmə müddətini uzatmaq üçün “arqumentlər” hazırlayır...

Cənubi Qafqazda sülh prosesi intensivləşib, inkişaf edir. Hətta yaxın aylarda Azəırbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalana biləcəyi də iddia olunur. Hər halda, ABŞ və Qərbin israrlı təşəbbüsləri ilə sülh danışıqları masasında müəyyən irəliləyişlərin olduğu inkaredilməz reallıqdır. Və bunu həm Azərbaycan, həm də Ermənistan rəsmi dairələri təsdiqləyirlər.

İlk baxışdan belə təsəvvürlər yaranır ki, tezliklə sülh sazişi imzalanacaq. 30 illik münaqişə sona çatacaq. Cənubi Qafqazda sülh və sabitlik bərqərar ediləcək. Bundan sonrasa, region ölkələrinin dinc inkişaf mərhələsinə keçid etməsi mümkün olacaq.

Ancaq reallıqda bu məsələ təsəvvür edildiyi qədər də sadə deyil. Çünki regional sülh prosesində iki beynəlxalq düşərgənin mövcudluğu situasiyanı ciddi şəkildə qəlizləşdirir. Belə ki, Ağ Ev və Brüssel bu prosesin mümkün qədər tez bir zamanda yekun sülh sazişinin imzalanması ilə sona çatmasında maraqlıdır. Və bu istiqamətdə olduqca israrlı, məqsədyönlü addımlar atırlar, sülh prosesini sürətləndirməyə çalışırlar.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

İkinci beynəlxalq düşərgəyə gəldikdəsə, onun tərkibində Rusiya və Fransa ön planda yer alır. Bu iki ortağa Hindistan və İran da əlavə dəstək verir. Əsas hədəfsə, Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına əngəl törətməkdir. Adları sadalanın ölkələrin hamısı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında deyil, qarşıdurmanın, silahlı toqquşmaların baş verməsində maraqlıdırlar. Və Rusiya-Fransa ortaqlığı ön planda olmaqla, bu ölkələr sülh danışıqlarının pozulmasına çalışırlar.

Məsələ ondadır ki, Fransa Ermənistandakı səfirliyində hərbi attaşe postu yaradıb. Rəsmi Paris Ermənistanın yenidən silahlandırılması prosesini həmin attaşe vasitəsilə koordinasiya etmək niyyətindədir. Fransa Ermənistanın hərbi cəhətdən gücləndirilməsi üçün artıq müəyyən addımlar atmağa da başlayıb. Və bu məsələdə Hindistan ilə yaxından əməkdaşlıq edir.

Son məlumatlara görə, rəsmi Paris Fransa şirkətlərinin Hindistanda müştərək istehsal etdiyi hərbi texnikanın Ermənistana satılmasına razılıq verib. Həmin hərbi texnikanın məhz İran üzərindən Ermənistana ötürülməsi planlaşdırılır. Və bu ortaqlığı Cənubi Qafqazda sülh prosesinə qarşı üçtərəfli koalisiya da hesab etmək olar.

Digər tərəfdən, Fransa sülh prosesini pozmaq üçün siyasi avantüralar da axtarıb, tapmaqda çətinlik çəkmir. Bir neçə gün əvvəl bu ölkənin paytaxtı olan Paris şəhərinin rəhbərliyi Azərbaycanın Xankəndi və ətraf bölgəsinə “humanitar yardım” göndərmək barədə qərar qəbul edib. Yəni, Makron hakimiyyəti rəsmi Bakının sərt reaksiyasını nəzərə alaraq, öz pozuculuq fəaliyyətini Paris şəhər rəhbərliyi vasitəsilə maskalamağa çalışır.

fffee5eec0-d8b3-4374-90a2-a2bf83004fc9.jpg (169 KB)

Əslindəsə, istənilən halda, bu fransız avantürası Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Buna görə də ilk növbədə Makron hakimiyyəti birbaşa siyasi məsuliyyət daşıyır. Çünki Paris müstəqil dövlət deyil, Fransanın paytaxtıdır. Bir dövlətin paytaxtı həmin ölkənin siyasi hakimiyyətdən icazəsiz belə avantürist addımlar ata bilməz. Yəni, Makron hakimiyyəti Paris rəhbərliyi üzərindən beynəlxalq məkanda və Cənubi Qafqaz regionunda “erməni faktoru”nu aktual saxlamaq niyyəti güdür.

Təbii ki, bu, rəsmi Parisə Fransanın Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün Azərbaycana təzyiq məqsədilə lazımdır. Üstəlik, Fransanın regional hədəfləri Rusiyanın maraqları ilə də uzlaşır. Çünki hazırda Kremlin bütün regional fəaliyyəti Rusiyanın Cənubi Qafqazda vərdişli olduğu hegemon mövqelərin bərpasına yönəlib. Azərbaycanın hərbi qələbəsi ilə yekunlaşmış 44 günlük savaşdan sonra Rusiyanın regional mövqeləri ciddi şəkildə zəifləyib və indiki situasiyada hegemonluğa ümid bəsləməsi çox çətindir. Üstəlik, yekun sülh sazişi imzalanacağı təqdirdə, Rusiya Cənubi Qafqazı ümumiyyətlə, itirmək təhlükəsini ciddiyə alır.

Ona görə də, Kreml son vaxtlar sülh prosesini iflasa uğrada biləcək əsas “münaqişə faktoru”na məkrli müdaxilələr etməyə çalışır. Belə ki, Rusiya Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçı-terrorçuların radikallaşmasına çalışır. Son məlumatlara görə, Kremlin xüsusi təlimatı və məkrli planları əsasında bölgədə silahlı erməni terrorçular yeni döyüş istehkamları yaratmağa, mövcud olanları isə möhkəmləndirməyə başlayıblar.

ermeni-separatchiler.jpeg (220 KB)

Digər tərəfdən, Rusiya sülhməramlıları erməni terrorçulara hərbi təlimlər keçməklə yanaşı, onların silah-sursatla təmin edilməsi üçün də əllərində olan bütün imkanları maksimum səviyyədə səfərbər ediblər. Məhz Kremlin təlimatı ilə erməni separatçılar Azərbaycana reinteqrasiya prosesinə müqavimət göstərirlər. Bu hərbi cinayətkarların Azərbaycan vətəndaşlığını qəbul etməyə meyilli olan bütün erməniləri təhdid etdikləri barədə də müəyyən məlumatlar mövcuddur.

Eyni zamanda, rus sülhməramlıların dəstəyi ilə erməni terrorçuların mülki əhaliyə Laçın nəzarət-buraxılış məntəqsindən istifadəni qadağan etdiyi də bildirilir. Rusiyanın əsas hədəfi ondan ibarətdir ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsi uzun müddət qapalı zona kimi qalsın. Üstəlik, Kreml Azərbaycan ordusu və erməni terrorçular arasında silahlı toqquşmaların baş verməsinə çalışır.

Çünki erməni təxribatları üzərindən silahlı toqquşmalar Kremlə bir tərəfdən, sülh prosesini pozmaq, digər tərəfdənsə, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Xankəndi və ətraf bölgəsində yerləşmə müddətinin uzadılmasını “arqumentləşdirmək” üçün olduqca vacibdir. Belə anlaşılır ki, Fransa kimi, Rusiya da Qafqazda konkret “xaos planı” əsasında hərəkət edir. İndiki situasiyadasa, bu, region üçün açıq-aşkar təhlükə törədir. Və Qafqazı Suriyaya çevirməyə çalışan Rusiya-Fransa gizli ortaqlığının yaxın vaxtlarda məkrli ssenarilər üzərindən növbəti savaşa səbəb olmayacağına isə qətiyyən təminat yoxdur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR