İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər... 

İcra hakimiyyətlərinin ləğvi ilə bağlı xəbərlər son günlər intensiv xarakter alıb. Azərbaycanın yeni idarəetmə modelinə keçəcəyini iddia edən adamlar konkret tarix göstərməkdən çəkinmirlər. Onların qənaətinə görə, bu ilin yayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən sonra ölkədə ciddi dəyişikliklərə start veriləcək. Bu proses icra hakimiyyətlərinin ləğvi ilə başlayacaq.

İcra hakimiyyətləri ləğv olunandan sonra, yeni idarəetmə modeli - xüsusi nümayəndəliklər fəaliyyətə başlayacaq. Bu model artıq işğaldan azad edilmiş rayonlarda tətbiq olunur. Qarabağda xüsusi nümayəndəlik institutunun faəliyyətə başlaması yerli icra hakimiyyəti orqanlarının kölgədə qalmasına səbəb olub. Bunun müvəqqəti hal olduğu artıq hər kəsə məlumdur. Xüsusi nümayəndəlik institutu ölkə ərazisində tətbiq ediləndən sonra, hazırda işğaldan azad edilmiş rayonlar üçün xarakterik olan ikitirəliyə son veriləcək.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, icra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi icra başçıları arasında rəqabəti gücləndirib. Yeni idarəetmə modelində təmsil olunmağı arzulayın indiki icra başçıları ciddi-cəhdlə özlərinin "xalqın qeydinə qalan təəssübkeş məmur” obrazını yaratmağa çalışırlar. Onlar son günlər vətəndaşlarla daha çox təmas qurur, bələdiyyələrin səlahiyyətinə aid olan problemləri həll etməklə ictimai diqqəti öz üzərlərinə çəkməyə çalışırlar.

Hakimiyyətin yuxarı eşelonunda təmsil olunan məmurlardan biri saytımıza icra başçıları arasında gedən gizli rəqabətin son günlər daha kəskin xarakter aldığını bildirib. Qeyd edib ki, “kiçik padşahlar” daha böyük posta iddialı olduqları üçün özlərini oda-közə vurur, hakimiyyətin ən yuxarı eşalonunun maraq dairəsinə düşməyə çalışırlar.

Məlumatlı şəxs, son günlər şəhid ailələri və qazilərə münasibətdə diqqətin artmasını da bu kontekstdən izah edib. Onun sözlərinə görə, yeni idarəetmə modelində təmsil olunmaq istəyən, yəni prezidentin xüsusi nümayəndəsi kimi ən azı 3-4 rayona rəhbərlik etmək iddiasında olan icra başçıları əhalinin aztəminatlı təbəqəsi ilə təmasları artırmağı son günlər özlərinin prioritet vəzifəsi elan ediblər.

Sonda mənbə bu cəhdlərin səmərə verməyəcəyini bildirib. Onun sözlərinə görə, mövcud icra başçılarının fəaliyyətindəki nöqsanlar üzündən Azərbaycan bu idarəetmə modelindən imtina edib. Buna görə də, həmin şəxslərə yenidən etimad göstərilməsi inandırıcı deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR