Onlayn ictimai-siyasi qəzet
Yəmən husilərinin “Ənsar Allah” hərəkatı İsrailin şimal-qərbində yerləşən Hayfa limanının dəniz blokadasına alındığını elan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı hərəkatın nümayəndəsi Yəhya Sariya Al Masirah telekanalına açıqlayıb: "Silahlı qüvvələr rəhbərliyin əmrini yerinə yetirərək Hayfa limanının dəniz blokadasının yaradılması əməliyyatına başlayıblar”.
Sarianın sözlərinə görə, bu qərar İsrailin Qəzza zolağında keçirdiyi əməliyyata və Fələstin anklavındakı blokadanı ləğv etməkdən imtina etməsinə cavab olaraq qəbul edilib: "Gəmiləri bu limanda olan və ya ora gedən bütün şirkətlərə məlumat verilir ki, bu bəyanatın dərcindən sonra sözügedən liman məhv edilmək üçün hədəflər siyahısına daxil edilib".
Hərəkat sözçüsü iddia edib ki, husilər artıq İsrailin cənubundakı Eylat limanının “mühasirəsini qurmağa” və “onun əməliyyatlarını dayandırmağa nail olublar”. Eyni zamanda, yəmənli üsyançılar İsrail hakimiyyəti Qəzza zolağında əməliyyatı dayandıran kimi İsrailə və əlaqədar hədəflərə qarşı bütün hücumları dayandırmağa hazırdırlar.
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ