İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətin antiinflyasiya qrupu necə işləyəcək?

Azərbaycanda inflyasiyanı sürətləndirən subyektiv amillər var və onları aradan qaldırmaq yolları...

Prezident İlham Əliyev 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanda inflyasiyanın yüksək olmasını narahatlıq doğuran hal kimi xüsusi qeyd edib. Dövlət başçısı inflyasiyanın 13 faizə yaxın olmasında obyektiv amillərlə yanaşı, subyektiv amillərin də rol oynadığını bildirərək, sonuncuların araşdırılmasının gərəkdiyini vurğulayıb.

Ardınca iyulun 15-də baş nazir Əli Əsədov Azərbaycanda inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda qiymətlər 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 12,7 faiz bahalaşıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 15,1 faiz (bilavasitə ərzaq məhsulları 15,9 faiz), qeyri-ərzaq məhsulları 11,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər  10,5 faiz bahalaşıb. İyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz azalıb, əvvəlki ilin iyun ayına nisbətən 10,6 faiz təşkil edib.

Hökumət müşavirəsində Prezident həmçinin inflyasiyanın ilin sonunadək təkrəqəmli həddə salınmasını mümkün hesab etdiyini bildirib. Azərbaycanda inflyasiyanı sürətləndirən hansı subyektiv amillər var və onları necə aradan qaldırmaq olar?

Vüsal Qasımlı: “Aşağı hədlərdə xarici borcun olması manata təzyiq imkanı  vermir” - 29.06.2021, Sputnik Azərbaycan

 Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisadçı-alim Vüsal Qasımlının sözlərinə görə,  inflyasiyanın ikirəqəmli olmasının səbəblərini üç blokda - real iqtisadi şərait, fiskal və monetar siyasət üzrə qruplaşdırmaq olar: “Birincisi, iqtisadiyyatın real sektorunda məhsuldarlığı artırmaqla rəqabətqabiliyyətli təklifi ucuzlaşdırmaq mümkündür. İkincisi, dövlət xərcləmələrinin iqtisadi artımı daha çox dəstəkləməsi üçün mexanizmlər barədə düşünə bilərik. Üçüncüsü, iqtisadiyyatın maliyyələşmə şərtlərinin daha da yumşalmasına nail olmaq mümkündür.

Böyük Qayıdış, müdafiə və milli təhlükəsizlik, sosial istiqamət üzrə artan xərclər məcmu tələbi təşviq edir və buna uyğun olaraq məcmu təklif də stimullaşmalıdır ki, tarazlıq yaransın və inflyasiya cilovlansın. Qeyri-neft sektorunun 1/3-i həddində olan dövlət təşviqinə (vergi, gömrük, kredit güzəştləri, subsidiya və dövlət satınalmaları) uyğun olaraq qeyri-neft sektorunda özəl sərmayə cəlbi dayanıqlığı təmin edə bilər. Monetar siyasət isə məzənnə və faiz kanalı üzərindən inflyasiyanı cilovlayır". (Report)

Mərkəz rəhbəri hesab edir ki, tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması və dünya əmtəə bazarlarında qiymətlərin enməsi Azərbaycanda da inflyasiyanı səngidən əsas amillərdir: “Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən, bu ilin mayında aylıq əsasda əmtəə qiymətləri 8,6  faiz, o cümlədən enerji qiymətləri 11,3 faiz, qeyri-enerji qiymətləri isə 3,6 faiz azalıb. Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ölkələri ilə müqayisədə Azərbaycanda inflyasiya orta həddə yaxındır. Belə ki, inflyasiya Qazaxıstanda bizdən çox, Gürcüstanda isə aşağıdır”.

V.Qasımlının fikrincə, inflyasiya simptomdur, iqtisadiyyatın dərinliklərində gedən proseslərin təzahürüdür: “Hazırda Azərbaycanda qeyri-neft sektorunda faktiki ÜDM potensial ÜDM-dən yüksəkdir, başqa sözlə, iqtisadiyyatda "hərarət artıb" və qeyri-neft ÜDM-in buraxılış kəsiri müsbət zonadadır. Qeyri-neft ÜDM-in müsbət buraxılış kəsiri onu göstərir ki, əmtəə və xidmətlərə iqtisadiyyatın maksimum dayanıqlı səviyyədə istehsal edə biləcəyindən daha yüksək tələb var. Dövlət dəstəyilə məcmu tələb genişlənir, gərək milli iqtisadiyyatda yaratdığımız məcmu təklif də buna cavab versin ki, inflyasiya həddi tarazlaşsın.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesablamalarına görə, dünyada rəqabətin zəifləməsi inflyasiyanın sürətlənməsinə təsir göstərir. Hazırda iqtisadiyyatın əsas məsələsi məhsuldarlığın artırılmasıdır ki, bu da ciddi struktur islahatlarından keçir. Məsələn, IMF-nin hesablamalarına əsasən, Azərbaycan Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu istiqamətdə daha böyük potensialı olan ölkədir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hesablamalarına görə, Azərbaycanda iqtisadi artıma özəlləşdirmə 3,7 faiz, korporativ idarəetmə 0,9 faiz, qiymət liberallaşması 0,2 faiz, ticarət və foreks 0,5 faiz və rəqabət islahatları 0,4 faiz, həmçinin Dünya Bankının hesablamalarına görə, idarəetmə islahatları 1,1  faiz təsir göstərə bilər. Sadalanan kompleks islahatların iqtisadi artımı 6,8 faiz sürətləndirmək potensialı var ki, bu da cənab Prezidentin qarşıya qoyduğu hədəf - iqtisadi artımın yüksək trayektoriyaya keçmək vəzifəsini təmin edə bilər. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sadalanan islahat istiqamətlərini əhatə edir və uğurla icra olunur".

Mərkəz rəhbəri bildirir ki, 2023-cü ilin ilk dörd ayında Azərbaycanda idxal qiymət indeksi 120,5  faiz olub: “Yəni idxal qiymətləri 20,5 faiz bahalaşıb. Müqayisə üçün deyək ki, Azərbaycanın bu ilin yanvar-aprel aylarında ixrac qiymət indeksi nəinki artmayıb, əksinə, azalıb və 82,9 faizə düşüb. Əksər mal qrupları üzrə eyni məhsulun idxal qiymət indeksi ixrac qiymət indeksini üstələyir.

İndiki halda şəffaflaşma və ağartma prosesləri çərçivəsində vergi və gömrük sistemlərinin inteqrasiyası Azərbaycana idxal olunan malın daxili bazarda satışına qədər qiymətin əmələ gəlməsi prosesini izləmək imkanı yaradır. Bu da imkan verir ki, sahibkarların maliyyə “mühəndisliyi” edərək və idxalda daha yüksək qiymət rəsmiləşdirməsinə gedərək daxili bazarda vergi yükünü azaltması imkanları araşdırılsın.

Məlum olduğu kimi, qlobal ərzaq qiymətlərində kəskin artımın baş verdiyi 2019-2021-ci illərdə hökumət tərəfindən daxili bazarda qiymət artımlarının minimallaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Məsələn, bunlara istehlak bazarlarına inzibati nəzarətin gücləndirilməsi, idxal edilən xammal və materialların ƏDV və gömrük rüsumlarından azad edilməsi, əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması üçün sahibkarlara ucuz kreditlərin verilməsi, həmçinin bəzi ərzaq və yem məhsulları üzrə ixracın məhdudlaşdırılması kimi tədbirləri aid etmək olar".

Hökumət inflyasiyanın azalması üçün hansı addımları ata bilər? V.Qasımlı deyir ki, yüksək inflyasiya nəticədir və iqtisadiyyatda hansısa nasazlıqların olduğunu göstərir: “Buna görə də daha dərin təhlil əsasında inflyasiyanın əsas səbəbləri müəyyənləşdirilməli və həll olunmalıdır. Yüksək inflyasiya çağırışına vaxtında cavab verməmək iqtisadi problemin dərinləşməsi və imkanların itirilməsi deməkdir. Azərbaycanda inflyasiya məsələsi həmişə makroiqtisadi sabitliyin tərkib hissəsi olaraq diqqət mərkəzində olub və inflyasiya ilə uğurlu mübarizə üzrə institutsional yaddaşımız var. Nazirlər Kabinetinin "İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə" 15 iyul 2023-cü il tarixli Sərəncamı da bu məsələnin həllinə kömək olacaq və hökumət inflyasiyanı optimal həddə endirəcək. Sərəncama əsasən, müvafiq işçi qrupu ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatı Nazirlər Kabinetinə təqdim edəcək".

Ekspert: “Azad ticarət zonası Azərbaycanın ixrac həcminin artmasını  şərtləndirə bilər” - 03.05.2021, Sputnik Azərbaycan

 Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Azərbaycanda inflyasiyanı sürətləndirən əsas subyektiv amil inhisarçılıqdır: “Ölkədə uzunmüddətli dövrdə ciddi inhisarlaşma gedib. Gömrük sistemi də daxil olmaqla, məmur biznesinin institutlaşması inhisarlaşmanı dərinləşdirib. Bu, hazırda Azərbaycan bazarında liberal qiymət formalaşmasına mane olan başlıca amildir. Digər bir subyektiv amil kartel sövdələşmələridir. Belə sövdələşmələr bir sıra sahələrdə ciddi şəkildə həlledici rola malikdir və əksər hallarda qiymətlərin endirilməsinin qarşısını alır. İnflyasiyanı sürətləndirən daha bir subyektiv amil himayədar biznesin köklü inkişafıdır. Bir çox məmurlar rəhbərlik etdikləri sahələrdə öz bizneslərini qurub ona üstün şərtlər təmin edirlər. Bu da digər iştirakçılar üçün qeyri-bərabər şərtlərin formalaşması və xərclərin artmasına gətirib çıxarıb. Məmur biznesi və inhisarçılıq həm də iqtisadiyyatda təşəbbüskarlığın, yeni texnologiyaların tətbiqinin qarşısını alır. Bu isə istehsal olunan məhsulların maya dəyərinin aşağı salınmasının qarşısını alır. Nəhayət, daşımaçılıqdakı yüksək inhisarlaşma nəqliyyat xərclərini çoxaltmaqla qiymətlərin aşağı düşməsinin qarşısını alır. Hətta kimsə məhsulunu ucuz satmaq istəsə belə, yüksək nəqliyyat xərcləri buna imkan vermir”.

R.Həsənov hesab edir ki, hökumətin inflyasiyaya qarşı fəaliyyətinin nə qədər effektiv olduğunu zamanla görmək mümkün olacaq: “Əgər yaradılan işçi qrup digər istiqamətlərdə indiyədək yaradılan qruplar kimi işləsə, real nəticələrin əldə olunacağı çətin görünür. Yox, əgər real monitorinqlər aparılıb, problemlər və onların həll yolları dəqiq müəyyənləşdirilərsə, bu zaman işçi qrupun fəaliyyəti real nəticələr verəcək və biz inflyasiyanın azalmasının şahidi olacağıq. Çünki real və effektiv monitorinqlər aparılmazsa, inflyasiyaya təkan verən subyektiv amilləri doğru təsbit etmək mümkün olmayacaq. Bu halda, hökumətin seçdiyi həll yolları da effekt verməyəcək. Yəni əsas məsələ inflyasiyanı sürətləndirən amilləri düzgün müəyyənləşdirməkdir ”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR