Bu yol Heydər Əliyev yoludur
Deputat Tahir Mirkişili Milli Məclisin xüsusi iclasında çıxış edib.
Musavat.com-un məlumatına görə, deputat deyib ki, 30 il bundan öncə Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə Azərbaycan Konstitusiyasının qəbul edilməsi ilə ölkənin iqtisadi inkişafı üçün mühüm təməl yarandı:

“Bu ali qanun iqtisadi sahədə bir sıra əhəmiyyətli irəliləyişlərə zəmin hazırladı. Bu zəminlər aşağıdakılardır:
- Hüquqi təməl - Konstitusiya mülkiyyət hüquqlarını, azad sahibkarlıq fəaliyyətini və iqtisadi fəaliyyət azadlığını təsbit etdi, bu da investorlar üçün etibarlı hüquqi mühit yaratdı. 1995-1998-ci illərdə 100-dən artıq qanun qəbul edildi ki, bunlar mülkiyyət hüquqlarını, azad sahibkarlığı, rəqabəti və xarici investisiyaları tənzimləyirdi.
- Bazar iqtisadiyyatı prinsipləri - Konstitusiya Azərbaycanın bazar iqtisadiyyatına keçidini təmin edən müddəaları əks etdirdi və dövlətin iqtisadiyyata müdaxiləsinin hüdudlarını müəyyənləşdirdi. 1.3 milyon hektar torpaq əvəzsiz olaraq kəndlilərə paylandı, 3600-dən çox fermer təsərrüfatı yaradıldı. Bu gün ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur və bu, sahibkarların iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrildiyini göstərir.
- İnvestisiya mühitinin yaxşılaşdırılması - Konstitusiya xarici investisiyaların qorunması üçün zəmin yaratdı, bu da "Əsrin müqaviləsi" kimi neft müqavilələrinin imzalanmasına və xarici sərmayələrin cəlb edilməsinə şərait yaratdı. Keçən dövrdə Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-neft sektorunun payına düşüb.
- İqtisadi sabitlik - Konstitusiya maliyyə və bank sisteminin hüquqi əsaslarını təmin etdi, bu da makroiqtisadi sabitliyin qorunmasına kömək etdi.
- Xüsusi mülkiyyətin qorunması - Konstitusiya xüsusi mülkiyyət hüququnu təsbit etdi və onun toxunulmazlığını təmin etdi, bu da özəlləşdirmə proseslərinin hüquqi bazasını yaratdı. 1.3 milyon hektar torpaq əvəzsiz olaraq kəndlilərə paylandı, 3600-dən çox fermer təsərrüfatı yaradıldı. Bu gün ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur və bu, sahibkarların iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrildiyini göstərir.
- Sosial-iqtisadi hüquqlar - Konstitusiya vətəndaşların əmək, təhsil, səhiyyə və sosial təminat hüquqlarını təsbit etdi, bu da insan kapitalının inkişafına şərait yaratdı. Keçən dövrdə illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb, hazırda dövlət büdcəsi xərclərinin 42%-nə çatıb. Ölkədə yoxsulluq səviyyəsi 5.2%-ə, işsizlik isə 5.4%-ə endirilib.
Beləlikə, Ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Konstitusiya Azərbaycanın müasir iqtisadi sisteminin formalaşmasında, iqtisadi islahatların həyata keçirilməsində və ölkənin iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynadı. Belə bir möhkəm və dayanıqlı zəmin əsasında qurulan Azərbaycan iqtisadiyyatı sonrakı dövrlərdə bir çox iqtisadi böhranlardan və sınaqlardan uğurla çıxdı. Möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla icra olunan, genişlənən iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüdü, dünyaya açıldı, müasirləşdi və müstəqil oldu. Resurslardan səmərəli istifadə və geosiyasi əlaqələrin uzaqgörənliklə qurulması Azərbaycanı dünyada iqtisadi cəhətdən ən müstəqil ölkələrdən birinə çevirdi”.
T.Mirkişili qeyd edib ki, bütün bu iqtisadi uğurlar əldə etdiyimiz iqtisadi imkanların Azərbaycanın ən qədim və ən ağrılı problemi olan Qarabağ probleminin həllinə yönəltməyə imkan yaratdı:
“İqtisadi müstəqilliyimiz sayəsində siyasi və hərbi potensialımızı xeyli artıraraq ərazi bütovlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Dövlət başçısı cənab İlham Əliyevin müqəddəs bayrağımızı Şuşada, Xankəndidə, Xocalıda və digər şəhərlərimizdə uçaltması Azərbaycan tarixinin ən qürurlu və şərəfli səhifələri oldu. Beləliklə, Azərbaycan Konstitutsiyasından niyyətləri bəyan etməklə başlayan bu yol Azərbaycanın suverenliyini tam bərpa edərək ölkəmizin uğurlu gələcəyə doğru aparmaqdadır. Bu yol Heydər Əliyev yoludur – indidən sonra da Azərbaycan xalqına uğurlar, inkişaf və güclü olmağı vəd edən yeganə yoldur”.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ