Onlayn ictimai-siyasi qəzet
Almaniyanın XX əsr hərb tarixinə Vilhelm Keytelin adı ən tanınmış sərkərdələrdən biri kimi düşüb. Birinci və İkinci Dünya müharibələrinin iştirakçısı olan Keytel həm də ziddiyyətli və anlaşılmaz xarakteri, sərt və amansızlığa ilə yadda qalıb...
Vilhelm Keytel 1882-ci ildə Aşağı Saksoniyada anadan olub. Yeniyetməlik yaşlarından zabit olmaq arzusu ilə o, ev təhsilindən sonra hərbi xidmətə yollanıb, səhra artilleriyası üzrə hərbi təhsil alıb. 1938-ci ilə qədər hərbi karyerasında böyük uğurlar qazanan Keytel həmin ilin fevral ayında Adolf Hitlerin ən çox güvəndiyi şəxs kimi Vermaxtın qərargah rəisi təyin edilib.
General-feldmarşal rütbəsini daşıyan Keytel İkinci Dünya müharibəsi dövründə Hitlerin ən yaxın silahdaşlarından biri sayılıb və o, bütün görüşlərində, çıxışlarında füreri Almaniya ordusunun qalib olacağına əmin edib.
1941-cı ildə isə nasist Almaniyası SSRİ-yə hücum planları hazırlayanda Keytel Hitlerin qarşısında bəyanatla çıxış edib:
“Mən əsl kimliyimi SSRİ üzərində qələbə çaldıqdan sonra təqdim edəcəyəm. Qələbə günü Reyxstağın qarşısında xidmət etdiyim fürerə sovet generallarının kəsilmiş başlarını nümayiş etdirəcəyəm...”
Feldmarşal Vermaxtın qərargah rəisi vəzifəsini daşısa da o, Almaniyandakı siyasi proseslərə də müdaxilə edib, dövlət məmurlarını tənqid etməkdən çəkinməyib, vəzifəsinə aid olmayan məsələlərin müzakirəsində əsas söz sahiblərindən biri olmağa çalışıb. Elə bu səbəbdən də bir çox alman məmurları tərəfindən Keytel arzuolunmaz şəxs sayılıb. Heç kimlə razılaşmayan və hesablaşmaq istəməyən, kifayət qədər kobud xarakterli feldmarşal həmkarları tərəfindən “başını bulayan eşşək” təxəllüsünü qazanıb.
Keytelin hərbi xidməti ilə bağlı maraqlı faktlardan biri araşdırmalar zamanı onun şəxsi arxivindən tapılan Hitlerin imzaladığı məxfi əmr olub. Əmrdə işğal olunmuş SSRİ ərazilərində ən kiçik bir müqavimətə görə dinc əhalinin yerindəcə məhv edilməsi vurğulanıb. Ümumiyyətlə, Keytel dinc əhalinin məhv edilməsi sahəsində ən amansız şəxslərdən biri olub.
“Hər öldürülən alman əsgərinə görə 100 kommunist məhv edilməlidir”. Keytelin imzaladığı əmrlərdən biri də bu məzmunda olub ki, həmin əmr Nürnberq məhkəməsində nümayiş etdirilib.
16 dekabr 1942-ci ildə Vilhelm Keytel daha bir əmrə imza atıb. 004870/42 nömrəli əmrdə döyüşən alman hərbçilərinə xüsusi səlahiyyətlər verilib. Həmin əmrin bəndlərinin birində cinayət törətmiş alman döyüşçüləri haqqında heç bir cinayət işinin açılmaması qeyd olunub. Digər bir bənddə alman hərbçilərinə hərbi əməliyyatlar zamanı dinc əhalini, hətta qadın, uşaq və yaşlıları məhv etmək səlahiyyətləri verilib.
Keytel ən çətin situasiyalarda, ən mürəkkəb vəziyyətlərdə belə Hitlerə böyük sədaqət nümayiş etdirib. 20 iyul 1944-cü ildə Volfsşantsda (fürerin komanda məntəqəsi) Hitlerə qarşı sui-qəsd cəhdi ediləndə Keytel partlayışdan kontuziya alıb. Feldmarşal ayılan kimi ağır vəziyyətdə olmasına baxmayaraq, dərhal Hitleri müşavirə zalından təhlükəsiz əraziyə çıxarıb.
Hitler zaman-zaman Keytelin sədaqətini, xidmətlərini yüksək qiymətləndirib. Feldmarşal nasist Almaniyasında dövlət mükafatları ilə ən çox təltif olunan şəxslərdən biri olub.
İkinci Dünya müharibəsi dövründə yüzlərlə sənədə imza atan Keytelə daha bir tarixi sənədə imza atmaq nəsib olub. Almaniyanın təslim olması haqqında kapitulyasiya aktını da məhz feldmarşal Vilhelm Keytel imzalayıb. Aktı imzaladıqdan dörd gün sonra Keytel həbs edilib. Feldmarşal Nürnberq məhkəməsində ona qarşı irəli sürülən insanlığa qarşı cinayət və hərbi cinayət ittihamlarına cavab olaraq bildirib ki, o, Hitlerin əmrlərini icra edib:
“Mən bir alman zabiti kimi fürerimin tapşırıqlarını yerinə yetirmişəm. Bunu düz edib-etməməyimdən asılı olmayaraq bütün əməllərimə görə cavabdehəm. Bu gün müharibə bölgələrində baş verənləri alman əsgərlərinin üstünə atmaq səmimi və düzgün olmaz. Həm də bu, mənim, Vermaxtın ali zabitinin ranqına və qüruruna uyğun deyil...”
Feldmarşala son söz təqdim ediləndə isə o, Allaha müraciət edib:
“Mən hər şeyə qadir olan Allahdan Almaniya üçün mərhəmət diləyirəm. Mənə qədər milyonlarla alman əsgəri vətən uğrunda həlak olub. İndi mən də onların, oğullarımın yanına gedirəm...”
Nürnberq məhkəməsi feldmarşalı asılmaqla ölüm hökmünə məhkum edib. Keytelin edam kürsüsündə növbəsi Almaniyanın xarici işlər naziri Ulrix Ribbentropdan sonra olub. Əvvəlki edam olunanlardan fərqli olaraq Keytel öz edamını təmkinlə qarşılayıb. Ribbentropdan sonra o, adının çəkilməsini gözləməyib, öz soyadını yüksək səslə ifadə edərək irəli keçib. Edam icra olunanda feldmarşal son sözünü deyib: “Almaniya hər şeydən üstündür...”
İlham Cəmiloğlu, Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ